Şimali Koreyanın son 65 ildə dəyişməyən iqtidarı ölkə vətəndaşlarını aclığa və ağır iqtisadi vəziyyətə hazır olmağa çağırıb. Bu ölkəyə bələd olan adamların bu xəbərə reaksiyası ilk növbədə sarkastik olacaq. Ona görə ki, son 65 ildə (eləcə də ondan əvvəl) bu ölkənin əhalisinin tox günü olmayıb.
Ölkədə çıxan partiya qəzeti (hesab edin ki, “Pravda”, “Kommunist”) yazır ki, ölkə 90-cı illərin aclığı ilə qarşılaşa bilər. Yəni söhbət faciəvi aclıqdan gedir.
Əgər partiya qəzeti belə yazırsa, demək, artıq aclıq başlayıb və acından ölənlərin ilk məzarlıqları salınmaqdadır.
Ötən əsrin 90-cı illərində aclıqdan Şimali Koreyada 3 milyona yaxın insan ölmüşdü. Amma bu, ölkə xalqının II Kimə (Kim Çen İr) olan sevgisini, pərəstişini azaltmamışdı.
I Kimin (Kim İr Sen) hakimiyyəti dövründə isə nə qədər koreyalının acından öldüyünə dair dəqiq statistika yoxdur. Bir milyon o tərəfə, bir milyon bu tərəfə ola bilər.
III Kimin (Kim Çen In) bir neçə il öncə başlayan hakimiyyəti dövründə isə ŞKXDR kütləvi aclıqla olmasa da, ağlasığmaz edamlarla dünyaya səs salmaqdadır.
İndi bu ölkəni aclıq gözləyir – 1930-cu illərdə Ukraynada 10 milyon insanın ölümünə səbəb olan və dünya tarixinə Qolodomor kimi düşmüş aclıq.
Ancaq ölkənin rəsmi mətbuatı əhalini ruhdan düşməməyə, pessimist olmamağa çağırır, yazır ki, “inqilaba gedən yol uzun və çətindir”.
Şimali koreyalılar 65 ildir ki, o çətin və uzun yolu gəlirlər, amma sonuna çıxa bilmirlər və şair Məmməd Arazın sözü ilə desək, yolun ortasında əleyvan qalıblar.
Koreya yarımadasının cənubundakı ölkənin – Cənubi Koreyanın isə elə bir problemi yoxdur, bu ölkənin əhalisi mənzil başına çatıb, gülüstanda və firavanlıq içindədir.
İki ölkənin durumu haqda müqayisəli yazılar çox yazılıb. Yenidən təkrar etməyək. Yalnız onu deyək ki, Cənubi Koreya dünyanın ən firavan ölkələrinin siyahısında ilk iyirmiliyə girir.
Şimali Koreya isə dünyanın ən kasıb, aclıq çəkən 10 dövlətindən biridir.
Koreya xalqı da bizim kimi “bir millət-iki dövlət”dir. Biri aclıq çəkir, bütün dünyadan qida dilənir, o biri dünyanın kasıb ölkələrinə yardım edir, yatırımlar qoyur.
Bu yazını oxuyanlar deyə bilərlər ki, uzaq Koreya yarımadasındakı iki qardaş (milli mənşə etibarilə) dövlətin bizə nə dəxli var.
O dövlətlərin halının bizə birbaşa dəxli, isti-soyuğu yoxdur. Ancaq onlar parlaq nümunələrdir, ibrətlik örnəklərdir.
Şimali Koreya diktatura yuvasıdır, Cənubi Koreya demokratik dövlətdir. Birinci 65 ildir bir ailə tərəfindən idarə olunur, ikincidə son 65 ildə 30-dan artıq hökumət və baş nazir dəyişib.
Bu iki ölkə yüz ildən bəri döyüşən ideologiyaların əsərləridir. Birini sosializm və diktatura bu hala gətirib, digərini bazar iqtisadiyyatı (lap deyək, kapitalizm) və demokratiya ağ günə çıxarıb.
Dünyada diktatura yuvası olan firavan ölkə yoxdur.
Deyə bilərlər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt və s. kimi ölkələr də var.
Düzdür, o dövlətlərdə demokratiyanın “D”-si belə yoxdur, hamısı kral ailəsi tərəfindən idarə olunur və aclıq çəkmirlər.
Ancaq yerin təkindən fışqırıb çıxan neft, qaz olmasaydı, onda baxardıq bu ölkələrdə yaşayan əhalinin vay-növsəsinə.
Onların üzünü ağardan qara neftdir, yerdən fəvvarə vurub çıxır, o dövlətin başbilənləri də ucuz-baha satır, milyardları özləri götürür, milyonları isə xalqa verirlər. Beləcə, ölkə əhalisi acından ölmür.
Yoxsa o ölkələr Şimali Koreya xalqı kimi iki kilo düyünün ümidinə qalardılar. Çünki prinsipcə, eyni feodal düşüncəni daşıyanlar tərəfindən idarə olunurlar.
Şimali Koreya xalqı vaxtında dürüst, azad, qanuni seçki keçirməyi öyrənsəydi, bacarsaydı, özünə tez-tez dəyişən hökumətlər seçə bilsəydi bu günə düşməzdi.
Çəkisi 130 kilo olan 30 yaşlı gənc diktatorun yaxınlığında olarkən kütləvi şəkildə riqqətə gəlib ağlaşmaqla, acından ölənləri doyura bilməyərək, mənasız raket sınağı keçirməklə Şimali Koreya hələ bir 40 il də xoşbəxt ola bilməyəcək.
Bu acı həqiqəti bilmək lazımdır.