Hər dəfə Bakıya yüngülvari yağış damcısı düşəndə sosial şəbəkələr, media səhifələri, xəbər lentləri su basmış küçələrin fotoları, videoları ilə dolub-daşır. Bu, artıq bir qanunauyğunluqdur, dünənki yağışdan sonra da təkrarlandı. Başqa cür olsa, yağış üçün hansısa deşiklər nəzərdə tutulsa, su küçədə göllənməyib axıb getsə, narahat olarıq, elə bilərik yad bir şəhərdə yaşayırıq, Hacıbala əkə demişkən, “Bakımızı” itirərik.
Burda haşiyə çıxaraq, mininci dəfə təkrar olaraq yazım: Bakı Avropa məkanında şəhər bələdiyyə şefi – mer seçməyən axırıncı, nadir paytaxt şəhəridir. Yalnız bizdə şəhərin başçısını camaat yox, prezident təyin edir, millət də saxta bir oyuncaq fiqura illərdir “mer” deyir. Deputatlara millət vəkili, şəhər icra hakimiyyəti başçısına mer deyən jurnalistlərə ar olsun, xalqı aldadanları Binəqədi yolundakı göldə boğulsun, ilahi, amin!
Qaldı “mer-icra başçısı” söhbətini niyə mininci dəfə təkrar yazırıq, bunun da səbəbi sadədir. Əgər yapistlər bu mənasız dirənişdən əl çəkmirsə, biz də gərək əl çəkməyək, təkrarlayaq, bir gün kimsə bezəcək (böyük ehtimal birinci mən bezəcəyəm). Özü də böyük Bakı şəhər bələdiyyəsi qayırmaqdan yapistlər niyə bu qədər qorxurlar, anlaşılmazdır. Yoxsa kadr tapmırlar – baş nazir vəzifəsindəki kimi? Əks halda, Bakı merini seçki yolu ilə qoymaq bunlara niyə belə çətinlik törədir? Guya başqa seçkilər kimi onu da saxtalaşdırıb mer vəzifəsinə hansısa oyuncaq “Hacıbala nömrə 2″ qoymaq çətindir? Məzahir müəllimə tapşırsan, qutudan elə Abutalıbovun özünü də min dəfə çıxardar.
Uzun sözün qısası, hazırda Bakının üzləşdiyi saysız kommunal, sosial, mədəni və başqa problemlərdən kimə şikayət etməyi millət tapa bilmir. (İnternetdə bu mövzuda çox yaxşı bir səsyazısı var. AzadlıqRadiosunun müxbiri İslam Şıxəli Füzuli küçəsində evləri sökülən sakinlərin şikayəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə zəng vurur. “Mətbuat xidməti”ndən bir nəfər başqa şöbəyə calaşdırır, deyir onlar baxır. Müxbir həmin nömrəyə zəng vuranda isə… şikayətçilərdən biri cavab verir! Sən demə, yazıq qadın evinin sökülməsi ilə bağlı idarəyə o qədər gəlib-gedib ki, artıq doğmalaşıb, orda oturur, telefonlara cavab verir!) Bu dərəbəyliyin səbəbi təkcə bələdiyyənin yoxluğundan qaynaqlanmır. Eyni zamanda Bakının idarəçiliyində çox biabırçı xaos var, kimin nəyə, hansı idarənin hansı sahəyə cavabdeh olduğu məlum deyil. Bu durumu da yapistlər özləri yaradıblar, illərdir yol təmirini, kommunal qurumları, sərnişin nəqliyyatını və sairəni o qədər əldən-ələ veriblər ki, indi ipin ucunu tapmaq mümkünsüz hala gəlib. Misal üçün, bir ara uşaq bağçaları Təhsil Nazirliyinə tabe idi, sonra Bakı ŞİH-ə verildi. Yol gah Nəqliyyat Nazirliyinin olur, gah bələdiyyənin, gah da heç kimin. Qaz bir ara müstəqil idi, indi deyəsən SOKAR-a tabedir. Avtobusda sərnişin daşımanı Ziya müəllimin oğluna məxsus “Transgeyt”dən alıblar, indi “Bakıbus” adlı idarə var, bu kimindir, onu da bilən yoxdur. Adamlar dayanacağa görə pul verir, kimin cibinə gedir, məlum deyil. Hacıbalanı dindirsən, deyəcək mənim funksiyam yoxdur, ancaq nəsə iş görmək istəsən Bakı ŞİH-in adından bir sürü yəcuc-məcuc qəbiləsi tökülüşüb gələcək.
Martın 6-da bir xəbər yayıldı: “Bu ilin yayında Bakıda keçirilməsi planlaşdırılan yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə dünya çempionatı baş tutmayacaq. Ötən il Yunanıstanın Afina şəhərində Beynəlxalq Assosiasiyanın Baş Assambleyası mötəbər yarışı keçirməyi Azərbaycana həvalə edib. Amma maliyyə probleminə görə Azərbaycan Yelkənli İdman Federasiyası dünya çempionatını təşkil etməkdən imtina edib”.
Ancaq fikrimcə, maliyyə problemi boş söhbətdir. Sadəcə, hökumət baxır ki, əgər yayda Formula-1 yarışı vaxtı Bakıya azca yağış yağsa, maşınları onsuz yelkənli qayıq kimi sürmək imkanları olacaqdır. Buna “bir turnirlə iki quş vurmaq” dövlət siyasəti demək olar.