İndi yazacağım əhvalat beş-altı il bundan öncə baş verib. Hadisə Bakı Metropoliteninin sabiq rəisi, unikal və unudulmaz insan Tağı Əhmədovun başına gəlib. Bunu o özü jurnalistlərə danışıb.
Heç demə, bir gün yeni açılmış saytlardan biri hansısa niyyətlə götürüb yazıb ki, Tağı Əhmədov ölüb. (“Hansısa niyyət” söz birləşməsinin altına İP (“ay-pi”) toplamaq arzusundan tutmuş, xərac qopartmaq ehtirasına qədər bir çox şeylər girir). Öldüyü barədə xəbəri Tağı müəllimə yaxın adamlarından biri verib. Cənab Əhmədov təbii ki, xəbərə inanmayıb və araşdırmaq qərarına gəlib ki, görsün, bunu yazanlarda hər hansı bir əlavə informasiya varmı.
Xüləs, metropoliten rəhbəri arayıb-araşdırır, saytın redaksiyasının telefon nömrəsini tapır və götürüb zəng vurur. Telefon zənginə saytın əməkdaşı cavab verir. Əhmədov özünü təqdim edir: “Bala, mən Tağı Əhmədovam”. Əməkdaşın həmin o “sensasion, şok” xəbərdən xəbəri varmış, ona görə də şoka düşür, deyir, Tağı müəllim, bəs axı deyirlər ki, siz ölmüsünüz. Tağı müəllim cavab verir: “Düz deyirlər. Bu saat qəbiristanlıqdan zəng edirəm, o dünyadan. ”Qurd qapısı”ndan”. Sayt əməkdaşı çaşqınlıq içində nəsə mıqqıldayır, Əhmədov isə ona görüş təyin edir: “İnanmırsansa, bu saat gəl ”Qurd qapısı” qəbiristanlığına, adam göndərəcəm, səni qarşılayacaq”.
Dialoq bu yerdə bitir, çünki saytın əməkdaşı dəstəyi asır. Güman ki, o, qəbristanlığa gedəcəyi təqdirdə T.Əhmədov tərəfindən göndərilmiş hansısa meyitin onu qarşılayacağından qorxduğuna görə yox, sağ adamın ölməsi barədə yalan xəbər yaydıqlarına görə xəcalətindən telefon rabitəsinə son qoyub.
Ən pisi odur ki, son günlər əvvəlcə “ölüb”, daha sonra “ölməyib” feli ilə bitən xəbərlər artıb. O gün İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun evinin qabağında cəsədinin tapıldığı barədə xəbər yaymışdılar, adam çıxdı, dedi ki, elə şey yoxdur, sağ-salamatdır, özü də hüquq-mühafizə orqanlarına müraciət edərək bu xəbəri yazanlara iş açdıracaq.
Dünən Arif Quliyevin barəsində də “ölüb” xəbəri çıxmışdı. Özü də üçüncü dəfə. Sonra da deyirlər, atalar üçdən deyib. Amma tanınmış aktyorumuz sübut elədi ki, ataların bu kəlamı onun üçün keçərsizdir. İndi ən qorxulusu odur ki, axırda ataların daha bir kəlamı (“Yalançının evi yandı, heç kəs inanmadı”) doğrula.
Bu ənənə təkcə bizdə deyil. Rusiyada da Alla Puqaçovanı vaxtaşırı “öldürürlər”. Bəzən özü, ya da qızı Kristina çıxıb təkzib eləyir. Axırıncı dəfə ümumiyyətlə təkzib eləmədilər.
Bir dəfə İosif Kobzonu da “öldürmüşdülər”. Amma ona çox adam inanmamışdı, demişdilər, kim ölsə də, Kobzon ölməz.
Yazıq elə bircə Maykl Cekson oldu, cəmi bir dəfə “öldü” xəbəri çıxdı, fanatları ha gözlədi ki, bu xəbər təkzib olunacaq, amma olmadı, hələ də olunmayıb. Böyük ehtimalla xəbər doğrudur.
Bin Ladenin də ölməsi barədə xəbər dünyanın bütün telekanallarında, qəzetlərində gedib, amma milyonlarla adam inanır ki, Üsamə ölməyib, onu gizli bunkerdə saxlayırlar, vaxt gələcək, buraxacaqlar.
“Öldü” xəbəri üzrə mütləq dünya rekordsmeni İŞİD-in lideri Əbubəkr əl-Bağdadidir. Adam onbeş qat rəhmətlikdir. Di gəl, hər dəfə onun bəd xəbəri təkzib olunur. ABŞ təyyarələri Bağdadinin maşınını raketlə vurmaqdan bezar olublar, xeyri yoxdur, İŞİD-in mətbuat xidməti boyun almır. İkisinin biridir, ya adam, türkün sözü, doqquz canlıdır, ya da onu çoxdan öldürüblər, sadəcə, ona oxşar adamların şəklini, videosunu çəkib yayırlar ki, təşkilatda ruh düşkünlüyü əmələ gəlməsin. ABŞ təyyarəçiləri isə bir dəfə çox əminliklə “Bağdadini vurduq” demiş, hətta 226 kiloluq aviabombanın bərəkətinə and içmişdilər.
Bir sözlə, hər “öldü” xəbəri çıxan gerçəkdən də ölmür. Hərçənd elə olur ki, adamın öldü xəbəri çıxır, amma ardınca “hələ ölməyib” xəbəri yayılır, iki gündən sonra elan olunur ki, adam doğrudan da ölübmüş. Belə vəziyyətdə adam bilmir neyləsin.
Ancaq təcrübə göstərir ki, sağ adamın haqqında “öldü” xəbəri yazanlarla məhz Tağı müəllim kimi davranmaq lazımdır. Zəng edib deyirsən ki, “o dünyadan zəng edirəm, burda hava istidir, qır əridirlər”, ya da “içindən çaylar axan sərin bağdayam, hurilərlə topaldıqaç oynayıram, diktofonunu da götür gəl”.