Novruz tətilində təkcə Ərdəbil vilayətinə Arazın bu tayından – Şimali Azərbaycandan 7 min nəfər gedibmiş. Ərdəbil vilayətinin turizm üzrə rəsmisi Qadır Tağızadə deyib ki, keçən illə müqayisə bölgəyə gələn azərbaycanlıların sayı 17 faiz artıb. Hələ bu, təkcə Ərdəbilin statistikasıdır.
Novruz günlərində Azərbaycanda da kifayət qədər iranlı turistlər var idi, onların içərisində azərbaycanlılar üstünlük təşkil edirdi. Xoş gəlirlər, səfa gətirirlər. Xüsusilə də azərbaycanlı turistlərin çoxluğu bizi sevindirir. Ancaq əgər Azərbaycana gələn turist dollar almaq üçün küçələri dolaşırsa, deməli, çox işlərimiz yerində deyil.
Biz Azərbaycana gələn qonağı əl üstə gəzdirməliyik, onun rahatlığını təmin etməliyik ki, bir daha bura dönsün, yaxud qayıdandan sonra Azərbaycan haqqında elə təsəvvür formalaşdırsın ki, onun təbliğatı daha bir neçə nəfərin bura səfərinə səbəb olsun. Yoxsa Azərbaycana gəlib addımbaşı problemlərlə üzləşən, bahalığı görəndən sonra başını götürüb burdan qaçan turist bir də niyə gəlsin, dəlidir?
Azərbaycan turizmin inkişafı üçün kompleks işlərə başlanılmalıdır, ststistika üçün yox, gerçək addımlar atılmalıdır. Bu gün turizm bazarında yer almaq uğrunda işlər başlamalıdır. Turizm sektorunun nə qədər gəlirli və faydalı olduğunu demək artıqdır. Biz Azərbaycanı təbliğ etmək üçün “Atletiko Madrid”ə milyonlarla xərclədik, ancaq sonda məlum oldu ki, deyəsən, bədxərclik etmişik. Ölkəni tanıtmaq üçün unikal imkan varsa, o da turistlərin cəlb olunmasıdır. Sən ölkəni təbliğ üçün pul xərcləmirsən, turist gəlir, həm pulunu xərcləyir, həm də Azərbaycanı təbliğ edir.
Dünya Səyahət və Turizm Şurasının (WTTC) 184 ölkədə apardığı araşdırmanın nəticələri heyrətamizdir. Təsəvvür edin, Çindən olan turistlərin xaricdəki xərcləri 2015-də əvvəlki illə müqayisədə 53% artıb və 215 milyard dollara çatıb. Təkcə çinli turistlərin xaricdə xərclədiyi pulun həcmi bizim büdcəmizdən 15-20 dəfə çoxdur! Bəli, Çinlə nə əhali, nə də ərazimiz baxımından müqayisə oluna bilmərik. Ancaq hər halda biz çinli turistlərin üzünü ölkəmizə çevirə bilərik axı. Çinli turistlərin ən çox üstünlük verdiyi 10 ölkə bunlardır: Yaponiya, Tailand, Cənubi Koreya, ABŞ, Sinqapur, Avstraliya, Rusiya, İndoneziya, Yeni Zelandiya və Birləşmiş Krallıq. Azərbaycan da ola bilərdi…
Gəlin, oturub düşünək, axı, niyə bizim ölkəyə ancaq ucuz işçi qüvvəsi sayılan, yaxud “bes manat” deyə-deyə xırda-xuruş şələləyib küçələri dolaşan alverçilər gəlib çıxır? Niyə biz çinli turistləri ölkəmizə gətirib çıxara bilmirik? Təbii ki, gələnlər içərisində onlar da var, amma hər halda statistikada yoxuqsa, deməli, çinli turistlərin sayı barmaq hesabıdır.
Azərbaycanın gözəl, çoxlarını heyrətləndirə biləcək təbiəti, tarixi abidələri az deyil. Tətil günlərində Bakıdan Zaqatalaya qədər apardığım müşahidələrim də bunu təsdiqləyir. İsmayıllı öz meşələri, Qəbələ zirvəli, qarlı dağları, Şəki göz oxşayan qədim tikililəri, Qax möhtəşəm şəlaləsi, İlusu sultanlığının yadigari olan Sumuqala abidəsi, Zaqatala tarixi qala divarları, Alban kilsəsi ilə minlərlə turisti heyrətləndirə, özünə cəlb edə bilər…
Di gəl ki, Qax və Zaqatalada nadir halda əcnəbi turistlərin sorağını ala bildik. Hətta beş addımlıqdakı Gürcüstandan da gələnlərin sayı çox azdır. Əgər bizim milli bayramımıza – Novruza şahidlik etməyə dünyanın dörd tərəfindən insanlar axışmırsa, günahı başqasında axtarmayaq. Bəlkə əcnəbi turistləri Azərbaycana gəlməyə erməni lobbisi qoymur?
Novruz günlərində Qubaya 4 min, Qusara isə 6 minə yaxın turist gəlib, təbii ki, əksəriyyəti yerli. Axı, biz qış turizmi üçün bir ətək pul xərclədik, hanı qarşılığı? Türkiyədə bizi keçmiş valinin mülkünə apardılar, muzeyə çevirilmiş bu evə hər ay azı 1500 nəfər ziyarət edir. Bir evi!
Şübhəsiz ki, bahalıqdır turistlərin yolunu kəsən. Novruz tətili üçün 3 gecə 4 günlük İstanbul turu hər şey daxil olmaqla – Tiflisdən getməklə – 211 avro idi. Gəncədən isə uçuşla turpaket 209 avroya təklif olunurdu. Cəmi 640 manata Misirin Şarm-əl Şeyx kurortundakı 5 ulduzlu hoteldə 7 gecə 8 gün istirahət etmək mümkündür. Bu qiymətə aviabilet, transfer, sigorta, gündə 3 dəfə qidalanma , viza və s. aiddir. Ancaq bizim rayonlarımızda bir gecə qalmaq üçün 100 manatından keçməlisən, təbii ki, ac-susuz…