Beş-altı il öncəydi, bir həmkar-rəfiqimlə dünyanın gedişatından, gün-güzərandan, ordan-burdan söhbət edirdik. Rəfiqim gileylənirdi ki, milyon ildən sonra dünyaya gəldik, Fransanı, Hollandiyanı, İsveçi, Norveçi qoyub Azərbaycanda doğulduq, burda da nazirdən-zaddan olmadıq ki, bir gün görək.
Əlbəttə, həmkarım nazir postunda çalışmaq məsələsini sözgəlişi deyirdi, maksimalistlik edirdi, əslində o gömrük sistemindəki idarələrin birinin ən balaca şöbəsində işləməyə də hazır idi və deyirdi ki, o şöbədə işləmək, məsələn, Finlandiyada nazir işləməkdən daha mənfəətli olar, bişəkk.
Beləcə, söhbət edirdik, qəfildən ağlıma gəldi, soruşdum ki, o, doğrudan da nazir olmaq istəyərdimi. Həmkarım heç tərəddüd etmədən, bu suala eyni cür cavab verəcək yüz minlərlə vətən oğlundan biri olaraq dedi: “Niyə olmuram? Olanlar məndən artıqdır? Vallahi, indiki nazirlərin çoxunu Sulutəpəyə susuz aparıb susuz gətirərəm”.
Dedim, yaxşı, tutaq ki, nazir oldun, çoxlu pul, şan-şöhrət qazandın, amma istəyərsənmi axırda Filankəs müəllim kimi (türmədə olan nazirlərdən ikisinin adını çəkdim) gedib türmədə yatasan və ildə dörd dəfə (31 dekabrda, 20 martda, 28 mayda və 15 iyunda) əfv sərəncamında adının çıxacağını gözləyə-gözləyə qalasan.
Adam duruxdu. Dərhal hiss olundu ki, axırı türməylə qurtaracaqsa, ona nazir vəzifəsi lazım deyil. Amma sonra o, yenə də vəziyyətdən çıxmağa çalışdı: “Bütün nazirlər tutulmur axı”. Mən də böylə dedim: “Amma hamısı əvvəl-axır vəzifələrindən çıxarılırlar, depressiyaya düşürlər, bəzilərinin sərvəti əllərindən alınır, bəziləri ölkədən qaçmalı olur, bəziləri elə aşağı vəzifələrdə keçirilirlər ki, dişləri bağırsaqlarını kəsə-kəsə işləyirlər və sair və ilaxır”.
Axırda razılaşdıq ki, ən yaxşısı başın salamatlığıdır, böyük var-dövlət olmasa da yaşamaq olar, təki adam aclıq çəkməsin, məhbəsdə olmasın, cəlayi-vətən düşməsin.
Bu gün iranlı-azərbaycanlı milyarder Riza Zərrabın ABŞ həbs olunduğu barədə xəbəri oxuyanda yadıma həmin rəfiqim-həmkarım və həmin dialoq düşdü.
Dünənə qədər Rizanın yerində olmaq istəyənlər çox idi, milyonlarlaydı. Amma bu gün, sovet şairlərinin sözü olmasın, o taylı-bu taylı Azərbaycanın 50 milyon sakininindən biri də onun yerində, ABŞ-dakı həbsxanada olmaq istəməz.
Özü də bu, onun ikinci tutqusudur. İki il öncə onu Türkiyədə də tutmuşdular, tutub 70 gün yatırtdılar. Adam Türkiyənin bir nömrəli ailəsi ilə iş ortağıydı, aralarında milyard dollarlıq haqq-hesablar vardı, amma bu, onu türməyə düşməkdən xilas eləmədi. Hərçənd 70 gündən sonra tozanaq yatdı və cənab Zərrabı sayğınlar sayəsində türmədən xilas oldu.
O vaxt da onun yerində heç kim olmaq istəmirdi. Riza ağanın ömür-gün yoldaşı Ebru xanım telekanalların canlı yayımlarında ağlaya-ağlaya qalmışdı, tərəf-müqabilləri kiridə bilmirdilər. Hamının ona yazığı gəlirdi. Düzdür, qəddar adamlar da vardı və bütün milyonçulara olduğu kimi, Riza qardaşa da nifrət edir, deyirdilər, o qədər sərvət çırpışdırmayaydı, indi də türməyə düşməyəydi. Ancaq tam əksəriyyət bu cütlüyün halına yanırdı.
Sonradan, Riza sağ-salamat türmədən çıxdı, sanki onun həbsinə sevinənlərə acıq verirmiş kimi, uşaqlarının anasını hədiyyə yağmuruna tutdu. Bu Boğazda 5-6 milyonluq villa, o 200 min dollarlıq brilyant üzük, bu bahalı cip, o ranço və s.
Əlbəttə, Rizanın öz arvadının başına yağdırdığı milyonlar, bahalı hədiyyələr yaşı 60-a çatan, ancaq hələ də kirayələrdə yaşayan milyonlarla adamın sinirlərinə toxunurdu, amma türkün sözü, yapacaq bir şey yox idi.
Tərs kimi, uşaqlığından bəri zər-ziba içində böyümüş Zərrabın İrandakı ortağını – Babək Zəncanini də tutublar və bu milyarderə edam hökmü veriblər.
Yazıq Riza gözə gəlməmək üçün “qızıllı” mənası verən soyadını – Zərrabı dəyişdirib Sarraf eləmişdi, yenə xeyri olmadı. İndi kim bilir, ABŞ hökuməti ona necə bir cəza verəcək. Zərrab onda biləcək ki, əsl zər (qızıl) azadlıqdır.
Bu haqq-hesabdan sonra gərək zəngin olmadığına görə eyzən gileylənən həmkarımdan soruşum ki, Riza Zərrab kimi milyarder olmaq istərdimi. Bilirəm, deyəcək ki, heç də hamı tutulmur. Amma bu bəxt ki, ondadır, o, mütləq tutulan nazirlərdən, milyarderlərdən olardı.