“Dollar bahalaşandan sonra çox narahat idik. Fikirləşirdik ki, bazarlardakı bahalaşmadan sonra aldığımız pensiya da dəyərdən düşəcək. Ancaq ölkə başçısı ilk növbədə pensiyaları artırdı. Bu bizim üçün çox sevindirici bir xəbər oldu. Pensiyaların Novruz bayramında vaxtından əvvəl verilməsi isə lap ürəyimizdən oldu, pulumuzu alıb bazarlığımızı etdik”.
Həmsöhbətim Zəhra xala Azərbaycandakı 1 milyon 300 minə yaxın pensiyaçıdan biridir. Deyir ki, bir həftə öncə pensiyasını alıb, bayram bazarlığını edib, evdəkilər üçün bayram süfrəsini özü açıb.
75 yaşlı Zəhra xala deyir ki, indi onun əli iş tutmur, əmək qabiliyyətini itirib, heç yerdən də qazancı yoxdur. Əsas ehtiyaclarını aldığı 200 manata yaxın pensiya hesabına ödəyir: “40 il işləmişəm. Daha işləməyə taqətim yoxdur. Rahat və sakit yaşamaq istəyirəm. Aldığım pensiya olmasa, heç dərmanlarımı da ala bilmərəm. Hələ arada bir nəvələrimi sevindirməyi demirəm…”.
Dövlət büdcəsində sosial xərclərə qənaət olmayacaq
Qeyd edək ki, hazırda ölkə üzrə aylıq pensiyanın orta məbləği 196 manatdır və mütəmadi olaraq hər il bu məbləğ artan xətt üzrə davam edir. Dünya iqtisadiyyatında baş verən böhran, neftin ucuzlaşması səbəbindən ölkəmiz nə qədər iqtisadi çətinlik yaşasa da, əhalinin sosial müdafiəsi, pensiyaların vaxtında və artımla verilməsi hökumətin siyasətində əsas prioritet oldu. Ölkə başçısı çıxışında dövlət büdcəsində sosial xərclərin azaldılmayacağını bəyan etdi.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev də bildirdi ki, bu il əhalinin pensiya təminatında hər hansı bir problem olmayacaq. Bunun ardından ölkə prezidenti İlham Əliyevin sosial layihələrin təxirə salınmaması ilə bağlı göstərişinə əsasən 2016-cı ilin dövlət büdcəsindən sosial sahənin inkişafına 8 milyon manat vəsait ayrıldı və pensiyalar yenidən artırıldı.
2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olundu. Bundan sonra əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176 manat oldu. Həmçinin, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196 manata qalxdı.
Sonuncu artım isə, fevralın 1-dən etibarən yaşa görə əmək pensiyasının baza hissəsi 10 faiz artaraq 110 manata yüksəldilməsi oldu.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov hökumətin pensiyaların artırılması məsələsinə həssaslıqla yanaşmasını təqdir etdi: “ Ölkə başçısının göstərişinə uyğun olaraq, bu ilin dövlət büdcəsinin müzakirəsi zamanı sosial layihələrlə bağlı müzakirələrdə müsbət qərarlar əldə olundu. Büdcədən sosial sahəyə 8 milyon manat vəsait ayrıldı, pensiyalar 10 faiz artırıldı. Bu çox vacib məsələdir. Mən hökumətin bu siyasətini yüksək qiymətləndirirəm. Düzdür, 10 faiz elə də böyük artım deyil. Lakin ölkənin hazırki iqtisadi şəraitində büdcənin imkanları yalnız bu qədər artıma imkan verdi. Çünki, dünya bazarında neftin qiyməti kəskin ucuzlaşıb, ölkənin enerji məhsullarının ixracından əldə etdiyi gəlirlər azalıb. İnanıram ki, bu siyasət davamlı olacaq. Ölkə başçısı təqaüdçülərin sosial müdafiəsini gücləndirmək məqsədilə, yenidən imkan olan kimi pensiya məbləğini artırılması ilə bağlı sərəncam verəcək”.
Pensiya islahatları gündəmdə…
Hökumətin sosial siyasətini və pensiyalarla bağlı aparılan son islahatları dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, Azərbaycanda pensiya siyasətinin əsas hədəfi pensiyaçı və təqaüdçülərin sosial təminatını yaxşılaşdırmaqdan ibarətdir: “ Pensiya islahatları Azərbaycanda sosial sahədə kifayət qədər vacib məsələlərdəndir. Buna görə də pensiya islahatları ilə bağlı xüsusi konsepsiya qəbul olunub. Bu sənəd məhz ölkəmizdə bu sahədə islahatların davam etdirilməsi ilə bağlı siyasi iradəni nümayiş etdirir. Konsepsiya daxilində pensiyaların verilməsi sisteminin təkmilləşdirilməsi, o cümlədən pensiyalarla bağlı yığımların sturukturunun dəyişdirilməsi, pensiyanın baza hissəsinin ləğv edilməsi və buna uyğun olaraq yığımların vətəndaşın ödənişləri hesabına həyata keçirilməsi nəzərdə tutulur. Ümumi pensiya islahatlarında yanaşma ondan ibarətdir ki, vətəndaş daha çox sosial ödəniş edəcəksə, pensiyası da çox olacaq. Az sosial ödəniş etdikdə isə nisbətən az olacaq. Bu beynəlxalq praktikaya tamamilə uyğun olmaqla yanaşı eyni zamanda pensiyaların hesablanmasında ədalət prinsipinin qorunması baxımdan da vacibir”.
“Yeni sistem daha ədalətli olacaq”
İqtisadçının sözlərinə görə, bu baxımından sosial ödənişlərin bölgüsü ilə bağlı yeni prinsiplərin tətbiq edilməsi priorietdir: “Əgər əvvəllər ödənişlərin 50 faizi yığımlara, 50 faizi cari xərclərin ödənilməsinə gedirdisə, indi bu sistem dəyişəcək, 100 faiz yığımlara gedəcək. Bu da pensiyaların baza hissəsinin ləğv edilməsinə gətirib çıxaracaq. Nəticədə, vətəndaş ödədiyi məbləği tam olaraq əldə edə biləcək. Yeni pensiya konsepsiyası imkan verəcək ki, vətəndaş ödədiyi pensiyanın 100 faizini öz şəxsi hesabında saxlaya bilsin. Nəticədə, onun ödədiyi vəsait artacaq, pensiya yaşına çıxdıqdan sonra tam olaraq onun özünə qaytarılacaq və imkan verəcək ki, bir tərəfdən daha çox sosial ödəniş etməklə vətəndaş, işçi maraqlı olsun. Bu sistem eyni zamanda imkan verəcək ki, vətəndaş əmək müqaviləsi ilə işləməkdə maraqlı olsun. Çünki, əmək müqaviləsi artıq, ödənişlərin tam olaraq onun hesabında yığılması deməkdir. Bu da nəticədə vətəndaşın daha yüksək pensiya almasına imkan yaradacaq”.
Pensiya yaşını özümüz seçəkmi?
Ekspertin fikrincə, mövcud islahatlar imkan verir ki, Azərbaycanda beynəlxalq praktikaya uyğun olaraq, pensiya sistemi qurmaq mümkün oldun: “Pensiya islahatlarının davam etdirilməsi olduqca vacibdir. Məsələn, biz ABŞ kimi vətəndaşlara ödəniş məhdudiyyətinə uyğun olaraq pensiya yaşını seçmək hüquqlarının verilməsinin tərəfdarıyıq. Məsələn, müəyyənləşdirilən hər hansı məbləğdən artıq vəsait ödəyən vətəndaşa pensiya yaşını seçmək hüququ verilməsi məqsədəuyğun hesab edilir. Bundan başqa, inkişaf etmiş ölkələrdə olduğu kimi sosial ödənişlərin işəgötürən və işçi arasında bərabər bölüşdürülməsi də təkliflər sırasındadır. Bu, işəgötürənlərin əmək müqavilələrinin bağlanmasında maraqlı olmasına imkan verəcək. Nəticədə pensiya fonduna daha çox vəsait cəlb ediləcək. Eyni zamanda, əmək pensiyalarının hesablanması üçün müəyyənləşdirilən 12 illlik müddətin dəyişdirilməsi də təklif edirəm. Çünki, artıq bir sıra ölkələrdə yalnız müddət deyil, məbləğə uyğun əmək pensiyaları müəyyənləşdirilir. Məsələn, yüksək gəlir əldə edən vətəndaş 2 il ərzində hətta 15-20 il işləyib, ödəniş edən vətəndaşdan daha çox ödənişi ola bilər. Artıq növbəti illərdə həmin vətəndaş işləməsə belə pensiya yaşı çatanda əmək pensiyası almaq imkanına malik olur”.
İqtisadçının fikirlərinə əlavə olaraq qeyd edək ki, pensiya sahəsində islahatların aparılması ilə bağlı məsələ hökumətdə də müzakirə olunur. DSMF sədri Elman Mehdiyev mətbuata açıqlamasında deyib ki, pensiya islahatları konsepsiyasının reallaşdırılması ilə bağlı aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb və hazırda hökumətdə baxılır. Qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur.
Yeni sistem mövcud problemlərin də qarşısını alacaq
Fond sədrinin sözlərinə görə, yeni sistemin tətbiqi həm ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial haqları ilə təyin olunan pensiya məbləğlərinin adekvatlığının təmin olunmasına imkan yaradacaq, eyni zamanda, dövlətin öhdəlikləri ilə sığorta pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək.
Müsbət məqamlarla yanaşı bu sahədə problemlər də mövcuddur və bu da dövlətin diqqət mərkəzindədir. DSMF sədri Elman Mehdiyevin çıxışında iş yerlərinin, o cümlədən də əmək haqqlarının qeydiyyatı ilə bağlı problemlər də öz əksini tapıb. E. Mehdiyev bildirib ki, bu gün ölkədə əsas problem təkcə iş yerlərinin qeydiyyatı ilə bağlı deyil. İşə götürülmüş insanlara verilən əmək haqlarının tam qeydiyyatı ondan daha da ciddi problemdir. Ödənilən əmək haqlarının aşağı göstərilməsi halları hələ də qalmaqdadır”.
Fond sədrinin sözlərinə görə, bu halların qarşısının alınması üçün yeni pensiya islahatları konsepsiyasında təkliflər yer alıb. Çünki, bu gün yuxarı sosial sığorta haqqı ödəyən insanlarla aşağı sosial sığorta haqqı ödəyən insanların sosial təminatı məsələsində bir sıra uyğunsuzluqlar var.
Nərgiz LİFTİYEVA
Yazı DSMF-nın “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.