İzmirdə olarkən öyrəndim ki, bu cənnət guşədə ən çox mülk alanlar sırasında azərbaycanlılar öndədir. Aralıq dənizinin sahilində qərar tutan, Türkiyənin üçüncü böyük şəhərinin ucqarlarında mənzillərin qiyməti 150-200 min arasındadır. Son vaxtlar burada ev alan azərbaycanlıların sayı çoxaldığından qiymətlər də artıb.
Biz hara gediriksə, ölkəmizdəki qiymət siyasətini də ora daşıyırıq, bahalıq yaradırıq. Görünən budur ki, son zamanların sıxıntıları, maliyyə problemləri imkanlı adamları daha çox xaricə yatırım qoymağa sövq edir. Biz bununla hara gedirik? Məgər günün birində Azərbaycandan kütləvi şəkildə köçüb getməyimi düşünürük, hara daşınırıq belə?
Təbii ki, burada mövcud şərtlər, obyektiv səbəblər də öz rolunu oynayır. Yəni əgər Bakının mərkəzində məmur kefi istədiyi zaman istənilən şəxsin evini başına uçura bilirsə, təbii ki, adamlar daha güvənli ünvan arayacaq. Halbuki, Konstitusiyada mülkiyyət hüququ toxunulmazdır…
Azərbaycanın pulu təkcə qardaş Türkiyəyə yatırılsaydı, nə vardı ki. Hansı ölkəni araşdırırsan, oradan azərbaycanlı iş adamının səsi-sədası gəlir. Rusiyadakı vəziyyət bəlli. Elə sonuncu hadisə iki gün bundan əvvəl oldu, gənc azərbaycanlı iş adamını öldürdülər. Qazaxıstan, Rumıniya, Montoneqro, Ukrayna… kimi onlarla ölkə var ki, azərbaycanlılar oraya yatırım qoyub, vəsait xərcləyib, rahat şəkildə də yaşayırlar.
2015-ci ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 542 milyon dollarlıq sərmayə yatırıb və xarici investorlar sırasında birincilik qazanıb. İkinci yerdə 198 milyon dollarla Birləşmiş Krallıq dayanır. Görürsünüzmü, hətta “pullarını balta kəsməyən” ərəb şeyxləri də bizimkilərlə müqayisədə geridə qalır.
Digər sahələrdəki statistika da təəssüf doğurur. Hər il Gürcüstana azı 1 milyon azərbaycanlı turist gedir. Bu ölkəyə yollanan turistlərin sayına görə də Azərbaycan ilk üçlüyə daxildir. Əhalisinin sayı 80 milyona çatan Türkiyədən Gürcüstana 1,5 milyon turist gəlir. Azərbaycanın isə hər 9 nəfərindən biri qonşu ölkəni ziyarət edir. Gəlib indi görək il ərzində neçə gürcü Azərbaycanı gəzmək üçün gəlir?
“Son aylar ərzində Azərbaycana gələn xarici turistlərin sayında azalma müşahidə olunur”. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişdi. Hələ xeyli müddət öncə demişdi ki, İran və Gürcüstandan Azərbaycana gələnlərin sayının təxminən 3-4% azalıb.
Bununla hara gedirik? Varlılarımız pullarını xaricə yatırır, xəstələrimiz qonşu ölkələrə dava-dərman ardınca gedir, dincəlmək istəyənlərimiz xaricə üz tutur, beləcə xaricə valyuta axını prosesi gedir. Əvəzində nə qazanırıq? Büdcə kəsiri, boş qalan otellər, ağzı günə dayanan istirahət mərkəzləri…
Xarici ölkə vətəndaşlarının Azərbaycana yolunu kəsən səbəblər müxtəlifdir. Ölkə rəhbərliyi də açıq şəkildə etiraf edirsə ki, ölkədə korrupsiya, rüşvətxorluq, biznesə müdaxilə, sahibkarların fəaliyyətinə əngəllər, inhisarçılıq, gömrükdəki süni əngəllər var, o halda hansı xarici iş adamı bura pul qoymaq istəyər?
İllərdir Türkiyə və İran birtərəfli qaydada vizalı rejimi aradan qaldırsa da, biz hələ ki, analoji qərar verməyə tələsmirik. Hansı ki, qonşu Gürcüstan bu məsələdə də bizi qabaqladı, qonşularımız nəinki adı çəkilən ölkələrə, hətta Avropaya vizasız gedib-gələcəklər. Avropa Şurası və Avropa Parlamenti bizə tənqidlər yağdırdığı bir dönəmdə Gürcüstan vətəndaşlarının Şengen bölgəsinə 90 günlük səfər üçün vizasız gəlmələrinə razılıq verib.
Siyasi və iqtisadi islahatları sürətləndirmək, siyasi məhbus məsələsini birdəfəlik qapatmaq, xaricilərin ölkəyə gəlişini stimullaşdıran addımların çeşidlərini artırmaq, inhisarın kökünü birdəfəlik kəsmək lazımdır ki, pullarımızın sorağını xaricdən almayaq, əksinə, Azərbaycan turizm və investisiya üçün ən uyğun ölkələr sırasında qərar tutsun. O zaman nə neftə ehtiyacımız olacaq, nə qaza.
Dağıstan mətbuatı yazır Azərbaycanın şimal rayonlarının sakinlərinin ərzaq almaq üçün kütləvi şəkildə Dərbənd bazarına üz tutur. Səbəb sadədir: Dərbənd bazarında qoz-fındığın qiyməti Bakıdakı yarmarkalarla müqayisədə qat-qat ucuzdur. Qərb bölgəsinin əhalisi Gürcüstana, cənub bölgəsinin camaatı da İran bazarına gedir Novruz süfrəsini hazırlamaq üçün. Əslində şərhə ehtiyac yoxdur. İş adamı Monteneqroya pul qoyan ölkənin kasıb-kusubu bayramlıq üçün Dərbənd, Tiflis, Təbriz bazarına üz tutar təbii ki…