Dünya ölkələrinin çoxu əlində hüdudsuz hakimiyyət olan dövlət başçıları tərəfindən idarə olunur. Aralarında çox qəddar diktatorlar da var, nisbətən yumşaq olan avtoritar liderlər də.
Dövlətin tək lideri olanda ölkəni idarə etmək, hakimiyyəti uzun müddət əldə saxlamaq xeyli asandır, amma eyni şeyi ölkəni, xalqı yaxşı dolandırmaq məsələsinə aid eləmək olmaz.
Tək liderlərin ölkəsi bir qayda olaraq hakimiyyət bölgüsü aparılmış və kollegial şəkildə idarə olunan dövlətlərlə müqayisədə kasıb, iqtisadiyyatca zəif olur.
Avtoritar liderlərin sözünün qabağından söz deyən olmadığına görə o, ölkəsini uçuruma aparanda da sona qədər aparır, bəziləri düz uçurumun kənarında dayana bilsə də, bəziləri girdabın dibinə düşürlər.
İcra hakimiyyəti, parlament, məhkəmə hakimiyyəti, mediası müstəqil olan dövlətlərdə isə belə deyil. Bu hakimiyyət qollarının biri dövlətə problem yaradacaq hakimiyyət qolunun qabağını mütləq kəsir.
Demokratiyanın bəşəriyyətə ən böyük töhfəsi budur. Avropanı firavan, ədalətli edən, bütün sahələr üzrə inkişaf etdirən də bu amildir – dövlətin bir neçə hakimiyyət qolu tərəfindən idarə edilməsi.
Bu, əlbəttə ki, özünü xarizmatik dünya lideri sayan, təkəbbürlü, hər işdə öz iradəsini yeritməyi sevən rəhbərlərə xoş gəlmir. Necə yəni, onun birinci şəxs olduğu ölkədə sözü yerə düşəcək? Ola bilməz! Düşüncə budur.
Qardaş Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bu cür yüksək eqoya malik liderdir.
O, baş nazir olanda da özünü ölkənin birinci şəxsi kimi aparırdı, indi, prezident olduğu vaxt da elə aparır. Hətta prezidentin Əhməd Nejdət Sezər, baş nazirin Abdulla Gül olduğu 2002-ci ildə də seçkilərdə qalib gəlmiş AKP-nin sədri olduğu zaman, Ərdoğan seçkilərin nəticələrinin elan edilməsindən dərhal sonra artıq ölkənin əsl yiyəsinin kim olduğunu nümayiş etdirdi. Halbuki o zaman o, heç adi deputat da deyildi.
Onun hazırda israrla ölkədə prezidentlik üsul-idarəsinin bərqərarına çalışmasının başlıca qayəsi budur: istəyir ki, heç bir sözü ən adi müqavimətlə qarşılaşmasın, hakimiyyətinə şərik qoşan olmasın, məhkəmələr onun iradəsinə uyğun qərarlar versin, media onu və komandasını tənqid etməsin.
Qardaş ölkənin daha bir böyük bəlası bundan ibarətdir. Ərdoğan hakimiyyətdə gücləndikcə Türkiyə dövləti zəifləyir, uzun illər üçün qəbul edilmiş strateji yolundan sapır, emosiyalarla idarə olunur.
Məsələn, bir neçə il öncə Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd dünyaya böyük dostluq-qardaşlıq büsatı nümayiş etdirmişdilər, elə həmin ilin içində barışmaz düşmənə çevrildilər.
Yaxud yeddi il öncə Türkiyə ilə İsrail arasında strateji müttəfiqlik vardı. Beş il əvvəl isə Davos sammitində Ərdoğanla İsrail prezidenti Şimon Peres arasındakı kəskin mübahisədən sonra iki dövlət arasında açıq düşmənçilik başlandı.
Keçən il bu vaxt Rusiya ilə Türkiyə dost idi. Ərdoğan Moskvaya, Putin Ankaraya gedirdi, ikitərəfli iqtisadi əməkdaşlığa dair sazişlər imzalanırdı, iki dövlət arasında ticarət dövriyyəsi, turizm sektorunda tərəfdaşlıq pik səviyyəyə çıxmışdı. Bir neçə ay əvvəl isə bu iki dövlət müharibəyə başlayacaq duruma gəlib çıxdılar.
Çünki Rusiyanın prezidenti Vladimir Putin də yüksək eqosu, təkəbbürü olan, daima öz dediyini yeridən bir liderdir. O da baş nazir olduğu dönəmdə ölkəsinin birinci şəxsiydi, prezident olanda da eyni statusdadır. O da ölkəsini emosiyalarla idarə edir və həmişə öz iradəsini yeritməyi üstün tutur. Dövlətin siyasi, strateji maraqları, ticari mənafeyi nə tələb edir – ona dəxli yoxdur, o deyən olmalıdır.
Bu cür şəxslər zamanında tormozlanmır deyə ölkə asanlıqla gəlib uçurum kənarına çıxır.
Dünyada bir də ABŞ və İngiltərə var, iki yüz ildən çoxdur ki, müttəfiqdirlər, aralarında çəkişmə-dartışma da olur, ancaq hər ikisində dövlət rəhbərləri 50 dəfə dəyişsə də, bu iki dövlətin münasibəti bircə yol da pozulmayıb. Niyə? Çünki bu dövləti ovqatı tez-tez dəyişən bir nəfər idarə etmir, dövlət institutları, dövlət orqanları idarə edir.
Güclü, firavan, mütərəqqi dövlət qurmağın yeganə yolu orta əsr padşahlığı üsul-idarəsindən imtina etmək, dövləti hakimiyyət qollarının müştərək fəaliyyəti ilə idarə etməkdir. Qərbin ulu filosofları bu yolun düzgünlüyünü hələ 200-300 il öncədən sübut ediblər.
Şərqdə isə hələ də padşah, sultan olmağa çalışırlar.