Heç cür anlamaq olmur uca millətimizin qarnının ağrısı nədir. Vətəndə yaradılan müsbət şəraiti bəyənmirlər, qaçırlar xaricə, ancaq orda da görürsən narazılıq edirlər. Örnək üçün, oxucumuz Azad M.-in İsveçdən yazdığı məktuba diqqət edək:
“Uzun illərdir mən İsveçdə yaşayıram. Son zamanlar mətbuatda Azərbaycanın xaricdəki səfirliklərinin yarıtmaz işindən, diplomatların fərariliyindən çoxlu yazılar gedir. Azərbaycanın İsveçdəki səfirliyi bu mövzuda ”gül vurur”. Məlumdur ki, hər ölkənin xaricdəki səfirliklərinin görəcəyi işlərin başında həmin ölkəyə gəlmək istəyənlərə viza vermək durur. Azərbaycanın İsveçdəki səfirliyi viza məsələsini “Comet Consular” adlı kommersiya firmasına həvalə edib, o firma da insanları süründürərək Azərbaycan vizasını ən azı 70 avroya və 15 günə verir. Məlumdur ki, bir neçə il öncə İlham Əliyev Avropa Birliyi ilə vizaların sadələşdirilməsi haqda müqavilə imzalamışdı, orda birinci şərt o idi ki, Avropadan Azərbaycana gələnlər maksimum 30 avro viza rüsumu ödəməlidir. Bəs nəyə görə İsveçdəki səfir prezidentin fərmanını vecinə almır? Viza məsələlərinin kommersiya firmasına tapşırılması səfirin hansı kommersiya maraqları olduğunu ortaya çıxarır”.
Burada məktuba qısa ara verib qeyd edim ki, Azad bəy görünür dünya praktikasında viza işlərinin hansısa firmalara tapşırılması hallarından xəbərsizdir. Bu, olan şeydir. Ancaq viza minimum 30 avro olmalıymış, bax, buna bir sözüm yoxdur, çünki dəqiq bilmirəm necədir. Lap o yana qalanda, bizim respublika onsuz da kommersiya firması kimi idarə edilir, bütün məmurlar və dövlət qulluqçuları isə biznesmendir. Hətta bu yaxında Mərkəzi Bankın da dövlət qurumu yox, azad biznes olduğunu açıqladılar. Bir gün Konstitusiya Məhkəməsinin maliyyə piramidası, Baş Prokurorluğun azad ticarət zonası, Təhsil Nazirliyinin isə əslində nazirlik deyil, Moskva Dövlət Aqrar Akademiyasının Dağıstan Milli Aerokosmik Universitetinin Quba filialının Bakı kolleci olması ortaya çıxsa qəti təəccüblənmərəm.
Məktubu oxumağa davam edək: “Azərbaycan səfirliyinə zəng etmək və ya hər hansı məlumat almaq İsveçdə çox müşkül məsələdir. Haçan getsən qapılar qapalı, nə vaxt zəng etsən avtocavablayıcının səsi gəlir. Bəs insanlar görəsən səfirliklə necə əlaqə saxlamalıdır? İnsanları niyə narazı salırlar? Azərbaycana gəlmək istəyən isveçlilər də bu durumdan çox narazıdır. Hər hansı başqa ölkəyə viza almaq ən geci 1-2 günə başa gəlir. Azərbaycan vizasını isə 15 iş günü gözləməlisən. Dünya ölkələrində səfirliklərin saytı adətən 3 dildə – ingilis dilində, işlədiyi ölkənin dilində, bir də ana dilində olur. Azərbaycanın İsveçdəki səfirliyinin saytı isə ancaq ingilis dilindədir. Görəsən bu saytı İsveç və Azərbaycan dillərində çalışdırmaq çox çətindir, buna görə də səfirə pul verməliyik? Nə vaxt düzələcək bunlar? Səfiri İsveçə alver eləməyə yox, Azərbaycanın maraqlarını təmsil eləməyə göndəriblər”. Məktubun sonu.
Axırıncı cümlə də necə sadəlövhdür… Alver eləmək elə Azərbaycanın maraqlarını təmsil etməkdir. Qoy heç olmazsa bir nəfər orda xoşbəxt olsun.
İsveç yazdım, İsveçrə yadıma düşdü. Yayda orda referendum olacaq, səsverməyə qoyulan sual isə çox maraqlıdır: “İşləyib-işləməməyindən asılı olmayaraq hər bir isveçrəliyə 2500 İsveçrə frankı (2250 avro eləyirmiş) verilməsinə razısınızmı?” Düzü, bilmirəm hansı səfeh bunun əleyhinə səs verəcək, çünki dünya tarixində görünməmiş yenilikdir, kommunizmin qurulması fason bir şeydir. Görün dövlət, xalq öz inkişafında hara gedib çatmışdır. Bizdə isə hansısa qotur bankdan kredit götürüb eşşək arabası alan vətəndaş pulu ödəyə bilməyəndə dama basırlar. Nəinki özünü, zamin duranı da! Son olaraq bir zaminə 10 sutka həbs veriblər.
Bax, Azərbaycana viza almaq belə qədim tarixi hadisələrə görə çətindir, bahalıdır. Elə bil uçağa minib gəlirsən, birbaşa mağara erasına, dinozavrların xalqı basıb yediyi zəmanəyə düşürsən. Ekzotik tur baha olmalıdır. Dünya standartı belədir.