Oxucumuz Vasif Həsənov akademiya üzvləri arasında özlərini “Hacı”, “Məşədi” kimi təqdim edən “alimlərin” artması səbəbiylə təklif irəli sürür ki, gərək indən belə biz AMEA-nı “Axund və Mollaların Elmlər Akademiyası” kimi açaq.
Olsun. Şəxsən mən etiraz eləmirəm, dəstəkləyirəm. Bu arada Şamaxı rəsədxanasından ciddi nigaran qaldığımı bildirməliyəm, çünki xeyli vaxtdı rəsədxana namaz vaxtlarının səhih cədvəlini açıqlamır. Belə getsə, Ramazanda Ayın doğmasını da qaçıracaqlar.
Təklifə qayıdıb deyərdim ki, hətta yas məclislərinin yola verilməsi, qəbirlərin qazılması tipli axirət işlərinin yönə salınmasında gərək biz AMEA-nın qüvvəsindən yararlanaq. Özü də orda akademiklərin orta yaşı hardasa 85-dir, o dünyaya hamıdan yaxındırlar, axirəti canlı öyrənmək imkanları vardır. Niyə bu alimlərimiz yas yerlərində fatihə verib milləti maarifləndirməsin? Çünki bəzən görürsən cüvəllağının biri mollaya naqolay sual verir, molla da çaşır qalır, deyir, səni lənətə gələsən. Çox nadir hallarda savadlı molla olur.
Örnək üçün, bir dəfə məclisdə bir lotu guya molla əmini dolaşdırmaq üçün sual verdi: “Əgər Əzrayıl bir dənədirsə, eyni anda ölən minlərlə insanın canını necə alır?” Molla müdrikcəsinə gülümsünüb dedi: “Bala, Mingəçevirdən elektrik stansiyasının rubilnikini fırlatsalar, bütün ölkənin işığı eyni vaxtda keçirmi? Bax, cənabi-Əzrayıl da eyni vaxtda minlərlə canı bu cür alır”. Hamımız cavabın mükəmməlliyinə mat qaldıq, hətta ayağa qalxıb molla əmini sürəkli və gurultulu alqışlarla çəpiklədik. (Keçmiş vaxtlarda belə gözəl adətlər vardı, indiki uşaq-muşaq bilməz. Dahi rəhbər danışanda əl çalmağın bir neçə növü olurdu: “sürəkli alqışlar”, “gurultulu alqışlar”, “gurultulu və sürəkli alqışlar”, “gurultulu və sürəkli alqışlar, hamı ayağa qalxır”. Bunun hamısı yüksək dəqiqliklə “Pravda”, “Kommunist” qəzetlərində göstərilirdi).
Mən sonra fikirləşdim ki, gör mağar altında necə alimlər çürüyür, bu adamda əsl Tesla, Edison, canım sənə desin, Faradey ruhu vardır. Bəlkə yaxşı maya buraxsan Günəş enerjisi ilə işləyən mürdəşir, külək enerjisi ilə çalışan qəbristanlıq qurar.
Yadımdan çıxmamış, bu aralar hökumətimiz də qəbristanlıq işinə ciddi fikir verir, 3-4 aydır deputat Səyavuş müəllim deyir qəbirlərin hamısını eyni ölçüdə qazmaq haqda qanun qayıracağıq. Düzü, problemli işə girişib, çünki bəzən baxırsan mərhum adamın peysəri dönmür, eni də Milli Məclisin qapısı boydadır. Başqa adam isə ünvanlı sosial yardım ərizəsi yazmaqdan qələmə oxşayır. Bunların ikisinə eyni ölçüdə qəbir qazmaq çətin olmazmı? Axı deputatı nə qədər yığıb-yığışdırsan da azı bir ayağı həmin yetimin qəbrinə girəcək. Belə olan halda 3-4 yetimi bir qardaşlıq qəbrində basdırmaqla hansısa deputatla balans əldə etmək mümkündürmü?
Gərək AMEA bu məsələləri ciddi analiz eləsin. Müdriklər demişkən, əsas məsələ ölçü deyil, əsas məsələ iş qabiliyyətidir, funksionallıqdır.
Keçən cümə axşamı AMEA üzvləri geniş toplantı keçiriblər, istərdim o haqda da uca millətimizin məlumatı olsun. İdarənin müdiri, baş akademik Akif müəllim iclasın qərarını oxuyub, deyir, gərək biz saatı dala-qabağa çəkməyi yığışdıraq. Ölkəmiz balacadır, burda saat qurşağı bir dənədir, hər yayda-qışda əqrəbi çəkməklə saatımızın mexanizmi yeyilirmiş.
Məncə düzgün qərardır, ancaq dala-qabağa keçməni əbədi dayandırmazdan öncə saatı bir neçə dövrə fırlatmaq qərarı verilsə, yaxşı olardı. Bəlkə arada baş nazirimiz yuxudan oyanardı.
Sonda dəyərli alimlərimizdən Şirməmməd müəllimin jurnalist Qulu Məhərrəmlini müdafiə məqsədi ilə yazısından bir cümləyə fikir bildirim. (Anormal cümlə alındı, üzürlü sayın, düzəltməyə vaxt yoxdur, saatı dala çəkirəm). Demək, AzTV şefi Alışanov öz mütəşəkkil dəstəsini bu saat töküb Qulu bəyin üstünə, hətta onu tutdurmaq istəyir. Səbəb isə belədir ki, Qulu Məhərrəmli AzTV-nin indiki fəaliyyətini tənqid edibmiş. Uzun sözün qısası, Şirməmməd müəllim görün bu münasibətlə nə deyir. Sitat: “İndi nə zəmanədir ki, mütəxəssisin dediyi tənqidi mülahizəsinə görə ona məhkəmə açasan?”.
Tragikomik cümlədir. Ümid edirəm Şirməmməd müəllim tarix kitablarını belə yazmayıb. Rəhmətliyin oğlu, ölkənin az qala yarısını tənqidi mülahizəsinə görə zindana salıblar, “indi nə zəmanədir” sözdür? İndi elə o zəmanədir.