Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu olan Torpaq çərşənbəsi qeyd olunur. Modern.az saytı xəbər verir ki, bu çərşənbə sonuncu -ilaxır çərşənbədir. El arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” kimi adlandırılır. Torpaq insan yaradılışının əsas maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq müqəddəsliyinin türk mifoloji görüşləri ilə bərabər, etnik-əxlaqi dəyərlər sistemində yurd, vətən, el-oba anlayışı ilə yanaşı, yaradılışın maddi əsası olmasından irəli gələrək sakral mifoloji semantikaya da malikdir. Yazda torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır. Bu isə ilk növbədə insanın yaradılış mifindən qaynaqlanır.
İnanclara görə, Novruz bayramı ərəfəsi, sonuncu çərşənbədə yer oyanır, torpaq nəfəs alır.
İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.
İlaxır çərşənbədə hamı 7 dəfə – ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir: “Sarılığım sənə, qırmızılığın mənə”, yaxud da “Ağırlığım odda yansın”.
Torpaq çərşənbəsində bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir.
Deyilənə görə, ilin axır çərşənbə gecəsini hamı öz evində qeyd etməlidir. Əks halda Novruzu yeddi il dalbadal başqa yerdə qarşılaya bilərsən. İlaxır çərşənbə axşamı qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdən də, axır çərşənbə axşamı ancaq yaxşı sözlər danışılması adət hesab olunur.
Qeyd edək ki, bu il Azərbaycana bahar martın 20-də, Bakı vaxtı ilə saat 08.30 radələrində gələcək.