Maliyyə naziri Samir Şərifovun Türkiyə, Rusiya, Amerika və keçmiş SSRİ-nin casusu olması haqda söhbəti yəqin bilirsiniz. Bir nəfər Qərbə qaçmış keçmiş Rusiya agenti bu haqda kitab yazmışdır. Bilməsəniz də problem deyil. Çünki hansısa nazirin, dövlət xadiminin 3-4 qat agent olması Azərbaycanda çox adi haldır. Biz belə şeylərə görə narahat olmarıq və bu cür adi şeylərdən kitab cızmaqara edənlərə gülərik.
Bizim casusların keçmiş böyüyü maşın alverindən reketliyə qədər min cür fırıldaqla, cinayətlə məşğul idi. Onun idarəsinin generalları da hərəsi bir alverlə məşğul idi. Biri adam satırdı, başqası zeytunluq. Biri işgəncə verirdi, başqası pulu alırdı. İndi belə dövlətin hansısa naziri xaricilərə işləsə nə olacaq? Külü qoysunlar elə xarici dövlətlərin təpəsinə ki, onun agenti bizim nazir ola… Çox fərli məlumatlar ötürəcək: “Göyçay rayon xəstəxanasına dəftərxana xərclərindən neçə milyon qapazladıq”, “Soğanlıq-Eşşəkbeli kənd yolunun təmirinə ayrılan 10 milyon manatın yeyilməsi imkanları” və sairə. Azərbaycan maliyyə nazirindən agent tutmaq, qüsurlu müqayisə olsa da, təxminən alman futbolçunu Azərbaycan millisinə məşqçi gətirmək kimi bir şeydir – nəticəsini bilirsiniz.
Hələ bəziləri daha gülməli nəticələr çıxarır, yazırlar ki, Samir Şərifov baş nazirliyə əsas namizəddir (sanki Artur müəllimə nəsə olubdur), bu xəbərlə onu vurmaq istəyənlər var.
Əslində nazirin 4 dövlətə agent olması Azərbaycanda baş ucalığı, yüksək keyfiyyət sayılır. Əgər xəbər doğrudan bu məqsədlə yayılıbsa, o zaman bunu Şərifovun təbliğatı, piarı saya bilərik. Çünki Azərbaycanın dövlət siyasəti elə 23 ildir bu bazis, özül üzərində qurulub: “Azərbaycanlılardan başqa kimə istəsən işlə, kimə istəsən yaltaqlıq elə, sərvətləri sat, təki hakimiyyətin qorunsun”. Bu siyasətə bizdə balans siyasəti deyirlər. Flüger kimi lazım olanda hansı dövlətə tərəf istəsən dönmək olar. Qarabağ? Cəhənnəmə ki. Daşlıq-çınqıllıq yerdir, dahi rəhbər demişkən. Demokratiya? Dünəndən olmasın. Bir şey ki, heç demosun özünə lazım deyil, kratosa niyə lazım olsun? İnsan haqları? Kefli İsgəndər demişkən, “Şeyx, lotusan, mən ölüm əl ver”.
Elə ona görə də Maliyyə Nazirliyi məsələyə belə münasibət bildirdi: “Bizim nazir hələ Mossad və Britaniya kəşfiyyatına da işləyir”. Yəni, gedin qarnınızı qaşıyın, Formula-1 pistində dombalaq aşın.
Yeri gəlmişkən, keçən il prezident MTN-i “brak”, zay məhsul elan edib yerində DTX yaradanda biz çox önəmli bir detala diqqət etmədik. Bu da ondan ibarətdir ki, əgər qabaqlar nazirlik millət üçün işləyirdisə, indi dövlətin təhlükəsizliyi üçün işləyəcək. Milli Təhlükəsizlik Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinə çevrilmişdir. İstəsən bu adın içində çoxlu sirr tapmaq olar. Örnək üçün, niyə “dövlət təhlükəsizlik” yox, “dövlət təhlükəsizliyi”? Bəlkə burada dövlət təhlükələrinə də işarə var – qızım sənə deyirəm, gəlinim sən eşit məsəlindəki kimi?
Ümumiyyətlə, Azərbaycanda hüquqi nihilizm göz çıxarır. Hacı Məmmədov Ali Məhkəməyə şikayət yazır, onun şikayətinə isə vaxtilə ağır cinayətlərdə elə ona cəza kəsən hakim (indi Ali Məhkəməyə qalxıb) baxıb rədd cavabı verir. NİDA-çı gəncləri Səyavuş əkə demişkən, “Molotov katleti” saxladıqları üçün tutub 3 ildir zindanda çürüdürlər, ancaq keçən il Bakıda məscidə eyni tip yandırıcı butulkanı atan şəxsi azadlığa buraxıblar. Butulkanı atan, butulkanı lap hesab edək doğrudan saxlayan adamdan günahsızdır! Çünki məscidə yandırıcı butulka atan adam bu rejimə doğma insandır, yaxasında Öcalanın şəklini gəzdirirdi, terrorçu PKK təşkilatının üzvü idi. Adını da qoyublar guya dəlidir. Dəlidirsə, PKK-nı niyə sevir, elə YAP-a zada üzv olardı da bə? Sadəcə, adamın azadlığı haqda göstəriş elə yuxarıdan gəlib, hakim o adamın ağ saçlarına başını qaldırıb baxa bilməz, daşa dönər yerində.
Sonda belə ciddi mövzularda yazdığım üçün oxuculardan üzr istəyirəm. Eynşteyn haqlı idi, doğrudan da mebeli qız evi almalıdır.