Загрузка...

37c89c92fb3616a235035b20374aaf5e

Bu gecə Bakıda polis narkotik maddələrin dövriyyəsinə qarşı əməliyyat keçirib.

APA-nın məlumatına görə, 55 yaşlı kişi külli miqdarda müxtəlif narkotik maddələri 10 min manata satmaq istəyərkən saxlanılıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə bir nəfərin narkotik maddə satmaq istəməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat qrupu hadisə yerinə yollanıb.

Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanılıb. Onun üzərinə baxış keçirən polis əməkdaşları 2,5 kiloqramdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edib. Dindirmə zamanı Heydər Məmmədov narkotik maddəni “8-ci kilometr bazarı” yaxınlığında Seymur adlı həmyerlisindən aldığını bildirib.

Polis əməkdaşları Heydər Məmmədovun Nizami rayonu ərazisində kirayədə qaldığı evə də baxış keçiriblər. Evdə müxtəlif yerlərdə gizlədilmiş ümumi çəkisi 15 kiloqrama yaxın marixuana aşkar edilərək, götürülüb. Araşdırma zamanı məlum olub ki, Heydər Məmmədov külli miqdarda narkotik maddəni 10 min manata satmaq niyyətində imiş.

Heydər Məmmədovun üzərində və kirayədə qaldığı mənzildə aşkarlanan narkotik maddələr ekspertizaya göndərilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.