Müğənni Nadir Qafarzadə dünya ulduzu Ancelina Coli ilə eyni ekran işində rol almaq istəyir.
Musavat.com xəbər verir ki, sənətçi bu haqda jurnalistlərə açıqlamasında bildirib: “Mənə iki dəfə filmdə çəkilmək təklif olunub. Vaxt məhdudiyyəti olduğu üçün qəbul etmədim. Məhəbbət dramında sevgili obrazını oynamaq istəyirəm. Ancelina Coli ilə filmdə rol almaq ən böyük arzumdur. Təbii ki, bu mənim üçün əlçatmaz əfsanədir. Onun kimi seksual xanımlarla rol alsam, bizim məhəbbət hekayəmiz gözəl alınar. Rol aldığım filmdə heç bir məhdudiyyət olmamalıdır. Hətta açıq-saçıq səhnələrdə də çəkilərəm. Xarici ölkələrdə çəkilən açıq-saçıq filmləri yaşmaqlanmadan izləyirik, ağız büzmürük. Özümüzdə bunu niyə qəbul etmirik? Gərək o səhnələri də düzgün təqdim edək. Təbii ki, açıq-saçıq filmlər tənqidlərlə qarşılaşır. Amma mən qorxmuram. Çünki Nadirin obrazını canlandırmayacağam, həyatda olan insanımızı özünə göstərəcəyəm. Aktyor və aktrisaları oynadıqları rola görə tənqid etmək olmaz. Onun oyunçuluq qabiliyyətinə irad bildirə bilərsən, amma filmdəki obrazını qınamağa haqqın yoxdur. Həyat yoldaşım isə açıq-saçıq obrazda çəkilməyimə etiraz etməz, çünki dünyagörüşlü xanımdır, mənim sevdiyim aktyorları və aktrisaları sevir. Qısqansa da, mənim işimə mane olmaz”.
N.Qafarzadə xalq artisti Flora Kərimova ilə münasibətlərindən də söhbət açıb: “Flora Kərimova ilə aramızda övlad-ana münasibəti var. Valideynlə övlad arasında da problem yaşanır, sonda barışıq olur. Flora xanım mənə nəyi isə nöqsan tutanda incimirəm. Bəzən sərt reaksiya versəm də, sonra düşünürəm ki, uman yerdən küsərlər, ərk etdiyi üçün mənə iradını bildirib. Biz bir-birimizi valideyn-övlad olaraq sevirik”.