Bir siyasi tapmaca: o nədir ki, Azərbaycanda həm var, həm də yoxdur? Əlbəttə ki – siyasi məhbus problemi. Hakimiyyət üçün o, mövcud deyil, heç vaxt da olmayıb. Beynəlxalq insan haqları təşkilatları, onların təmsilçiləri, Avropa İnsan Haqları Məhkəməsi isə mütəmadi şəkildə bu problemi rəsmi Bakının qarşısında qoymaqla həm onun həllinə çalışır, həm də bununla problemi unutmağa qoymur.
Təbii ki, Azərbaycan toplumu da demokratik dünya ilə həmfikirdir. Bu da o anlama gəlir ki, hökumətin problemi danması faktiki şəkildə heç nəyi dəyişmir, onun varlığını aradan qaldırmır. Nədən ki, Azərbaycan SSRİ kimi yerdə qalan dünyadan dəmir pərdə ilə təcrid olunmayıb. XXI əsrdə, internet dövründə belə bir şey mümkün deyil və heç bizə lazım da deyil.
Hərgah, iqtidara yaxın bəzi daha insaflı və nisbətən praqmatik şəxslərin dilindən də zaman-zaman bu problem etiraf olunur – ən azından “Yaxşı olar ki, onlar da buraxılsın, çünki ölkənin nüfuzu ziyan görür, üstəlik, Qarabağ veteranı Tofiq Yaqubunun həbsdə saxlanması doğru deyil” şəklində…
İndi yenə növbəti böyük bayram ərəfəsindəyik – qarşıdan Novruz gəlir. Ümidlər təzədən prezidentin verəcəyi əfv fərmanınadır. İnanaq ki, heç olmasa, budəfəki bayram ərəfəsində pişik “asqırmayacaq”. Nəyi nəzərdə tutduğumuz yəqin ki, aydındır. Axı, Azərbaycan iqtidarı xaricdən gələn göstəriş, təklif və ya tələblə hərəkət etməyi xoşlamır. Hər halda, belə deyirlər – reallıq bir qədər fərqlənsə də…
Son məlumatlara görə, Əfv Komissiyası artıq öz iclaslarına başlayıb. Komitənin köhnə-yeni üzvləri sırf siyasi konyunkturaya söykənərək, ölkədə siyasi məhbusun olmadığını söyləyirlər (əks halda, komissiyanın üzvü ola bilməzdilər). Ancaq təkrar edirik, inkarçılıq nəyi dəyişir ki? Bununla müstəqil Azərbaycanla faktiki, həmyaşıd olan bir problem aradan qalxırmı, ölkənin beynəlxalq imicinə neqativ xalları gəlməsi dayanırmı, Avropa Məhkəməsinin konkret olaraq azadlığını tələb elədiyi insanlarla bağlı situasiya yumşalırmı?
Paradoks da elə budur ki, siyasi dustaq problemini bu problemi illər öncə yaradıb, sonra da dananlar həll eləməlidirlər. Başqa məqbul yol yoxdur, görünmür, başqa heç kim bunu etməyəcək, edə bilməyəcək. Edilməsi isə qaçılmazdır. Əgər Azərbaycan özünü müasir dünyanın ayrılmaz parçası hesab edirsə, o zaman onun sivil və demokratik dünya ilə yaxınlaşması yolunda ayağından illərdir daş kimi asılan mənasız bir “yük”dən qurtulmağı bacarmalıdır.
Kiminsə xoşuna gəlsə də, gəlməsə də, biz nəhayət, anlamalıyıq ki, Azərbaycanda hətta bircə siyasi məhbus qalsa, ölkə yenə Avropa ailəsinə yaxın buraxılmayacaq. Çünki hesab edilir ki, demokratik ölkədə bir siyasi dustaq da çoxdur.
Deməli, Avropa ailəsi üzvü olmağın yaratdığı misilsiz üstünlüklərdən yararlana bilməyəcəyik. Xüsusən də Dağlıq Qarabağ, erməni işğalı məsələsində demokratik dünyanın sanballı dəstəyini heç vaxt ala bilməyəcəyik. Necə ki, ala bilmirik. Zira, xoşumuza gəlsə də, gəlməsə də demokratiya paytaxtları bu ixtilafa öncəliklə insan haqları məsələsi kimi baxır…
Bəzi praqmatik təhlilçilər daha bir maraqlı detala diqqət yönəldir: onlara görə, prezident İlham Əliyev ayın sonunda ABŞ-a planlaşdırılan səfərə, prezident Barak Obama ilə görüşə bu görüşün maksimum faydalı alınması üçün hər halda, siyasi məhbus problemi ilə getmək istəməz.
Təki. Demək, Azərbaycanı qınaq hədəfi edən lüzumsuz bir yükdən qurtulma ehtimalı artmış hesab oluna bilər. Ancaq keşkə, yenə pişik “asqırmaya”.