İnternet resurslarında belə epizodları çox görmüşük, amma real həyatda müşahidə etməmişdim, srağagün evə gedəndə, Tbilisi prospektindən “20 Yanvar” metrostansiyasına tərəf, Həsən Əliyev küçəsinə burulmağa bir işıqfor məsafəsi qalmış onu da əyani şəkildə gördüm.
Deməli, yolun düz kənarında bir sahibsiz it dayanmışdı, məlul-müşkül halda yola baxırdı. İşıqforun işıqları dəyişdi, yəni avtomobillərin hərəkətini dayandıran qırmızı işıq yandı və yolun hər iki qanadı ilə şütüyüb gedən maşınlar dayananda həmin it hərəkətə gəldi, əmin-arxayın bir şəkildə yolu o taya, Salyan kazarması səmtə keçdi.
Düzü, buna çox heyrət etdim. İtlərin vəfalı olduqları qədər də ağıllı məxluq olduqlarını bilirəm, amma bir iş də var ki, onlar yol hərəkəti qaydalarına o qədər də riayət etmirlər. Yollarda maşınlar ən çox məhz itləri vururlar. Mənim gördüyüm it isə özünü çox nümunəvi apardı. Əlbəttə, bu, sırf instinktlərlə bağlı məsələdir. Çox güman ki, it işıqforun qırmızı və ya yaşıl işığından baş çıxarmır, sadəcə, başa düşür ki, maşınların hərəkətdə olduğu vaxt yolu keçmək həyat üçün təhlükəlidir. O da ola bilər ki, əvvəllər yolu məsuliyyətsizcəsinə keçərkən o itin başına iş gəlib, yüngülvari xəsarət-zad alıb və birdəfəlik anlayıb ki, yolu belə keçmək olmaz.
Bəs bir çox insanlar nəyə görə bu adi, primitiv həqiqəti başa düşmürlər və həyatlarını təhlükəyə atırlar?
O hadisənin, yəni küçə itinin yolu işıqforun yaşıl işığında keçməsi olayının ertəsi günü, səhər saat 9 radələrində “Elmlər Akademiyası” metrostansiyasının önündə isə tam əks mənzərənin şahidi oldum. Qırmızı işıq yanmış, avtomobillər dayanmışdı. Piyadalar sərbəstcə yolun o tərəf-bu tərəfinə keçirdilər. Ancaq nəhayət, piyadalara qırmızı, maşınlara yaşıl işıq yandı. Avtomobillər hərəkətə gəldi, amma hər yaşdan olan piyadalar hərəkətlərini dayandırmadılar, ötüb keçən maşınların arasından keçir, özlərini avtobusların, ciplərin qabağına ataraq yolun əks tərəfinə adlamağa cəhd edirdilər. Bu, onların hərəkəti üçün çox təhlükəliydi.
Çünki bəzi sürücülər yaşıl işığın yandığını görən kimi şütüyüb getməyə çalışırdılar və bu zaman piyadaları nəzərə almırdılar. Sürücü də, piyada da hövsələsiz olanda olmur, təhlükə yaranır. Tərs kimi, bizdə həm sürücülər, həm də piyadalar çox hövsələsizdirlər. Üstəlik, piyadalar avtomobildən qorxmurlar. Evdə yumruq boyda siçandan qorxan qadınlar dəvə boyda maşından çəkinmir, hətta sürücüyə acıqlanırlar: “Aaa, görmürsən, adam keçir?”
Dost-tanış deyir ki, bu hadisə hər gün təkcə “Elmlər Akademiyası” metrostansiyası tərəfdə baş vermir, “Nərimanov” və “28 May” metrostansiyasının yaxınlığında da baş verir. Hətta “28″-də polislər də olur və nə qədər çalışırlar insanları yolu qırmızı işıqda keçməkdən vaz keçirə bilmirlər. Şahidlər and içir ki, ”28 Mall” ticarət mərkəzinə keçənlər və ordan çıxanlar yolun əks tərəfinə ellikcə söyüş qoymuş adam kimi keçirlər – hamısı qaydanı pozaraq. Bu üzdən hər gün orda qəza vəziyyətləri yaranır. Yaxşı ki, bu yoldan çox istifadə edən sürücülər yolun yazılmamış qayda-qanunlarını bilirlər, ona görə də avtomobillərini yavaş sürür, yaşıl işıqdan sui-istifadə etmirlər.
İndi bəzi dostlar deyir ki, eh, sən nəyi qoyub, nəyi axtarırsan, ölkədə bu qədər adamın hüquqları pozulur, bu qədər qanunsuzluqlar, bir belə qayda-qanun pozuntuları var, beş adam yol-hərəkət qaydasını pozsa nə olacaq ki.
Elə deyil. Birincisi, ən elementar qayda-qanunlara riayət etməyən, hər dəqiqəbaşı yazılmış və yazılmamış qanunları pozan camaatın dürüst seçki keçirməsini, demokratiya prinsiplərinə riayət etməsini, haqq-ədalət davası aparmasını gözləmək absurddur. Heç ola bilməz ki, adam maşınların şütüdüyü vaxt yolu keçməyin həyat üçün təhlükəli olduğunu bilmir, amma seçki hüququnu, dövləti idarə edənlərin xalqın iradəsi ilə seçilməli olduğunu bilir. Böyük ehtimalla o, bunların heç birini bilmir.
Açığı, qırmızısı budur: insan olmaq hələ yüksək, ali şüura malik olmaq demək deyil. Bu ölkədə bir çox insanlar özlərini instinktlərlə idarə edirlər, özü də yatmaq, durmaq, yemək, cütləşmək, ünvana getmək kimi əsas instinktlərlə.
Təcrübə göstərir ki, zamanla bunu bir sıra heyvanlar da bacarır. Məsələn, Tbilisi prospektində işıqforun yaşıl işığını gözləyən küçə iti kimi. O da yolu keçməyi bacarır, amma səs verməyi bacarmır.