Bir məşhur şair vardı (adını çəkməyəcəyəm, sağlığında xətirli-hörmətli olmuşuq, həm də qoy bu, ölkə ziyalılarının ümumiləşdirilmiş obrazı olsun), əslində vicdanlı, dürüst bir adam idi, vaxtaşırı haqsızlığa qarşı səsini ucaldırdı, amma bəzən susmağa məcbur olurdu.
Başqa məşhur yaradıcı ziyalılardan olduğu kimi, xalq da, müxalifət də ondan çox şey umurdu, onun az qala ictimai əsaslarla çalışan ombudsman olmasını istəyirdilər. İnsaf naminə, şair zaman-zaman bu funksiyanı icra etməyə çalışırdı, ancaq hər dəfə başarılı olmurdu.
Bəzən bir çoxları onun qladiator kimi meydana atılıb mövcud iqtidarla savaşmasını istəyirdilər, haqsızlıqları daima yamanlamasını, daima mübarizə aparmasını umurdular. O isə münasibətlər kəskinləşəndə, açıq düşmənçiliyə keçəndə geri çəkilir, susurdu, qılıncının dalı da, qabağı da kəsən iqtidar sahibləri ilə düşmən olmurdu.
Onun tənqidçiləri deyirdilər: “Axı onun itiriləsi nəyi var, yaşlı adamdır, nüfuz sahibidir, ona nə edə bilərlər, sinninin bu çağında tutub türməyə salmayacaqlar ki. Niyə sona qədər getmir?”
Amma o məşhur və nüfuzlu ziyalının itirə biləcəyi şeylər vardı: övladlarının karyerası, işi, həyatı, istiqbalı.
Bir çox məqamlarda ziyalının dilini qısıq edən bu amillər idi. O, minnətdarlıq edib-etməyəcəyi sual altında olan başqalarının hüquqlarını müdafiə edəcəyi halda öz övladlarının hüquqlarının tapdanacağından çəkinirdi. O istəmirdi ki, öz bəyanat və qərarları ilə övladlarına problem yaratsın, yaddaşlarda “pis ata”, “pis baba” kimi qalsın.
Bir o deyil, minlərlə başqa ziyalılar da var ki, sırf övladlarının xatirinə haqsızlığa qarşı səslərini ucalda bilmirlər. Onlar bilirlər ki, yüksək mənsəb yiyələri onlara heç nə etməsələr də, övladlarına ziyan yetirə bilərlər, məsələn, işdən çıxararlar, işə götürməzlər, karyerasını baltalayarlar, adını qara siyahıya salarlar, hətta dolaşdırıb tutarlar.
Ölkədəki anormal durumu görən, anlayan, dürüst qiymətləndirən vicdanlı ziyalıların başı üzərində “övlad qayğısı” kimi bir “Domokl qılıncı” asılıb. O qılınc vaxtaşırı düşərək ziyalının başını, qolunu, barmağını yox, dilini kəsir.
Ancaq müşahidə etdiyi haqsızlığı, eybəcərliyi çəkinmədən dilə gətirən ziyalılar da var. Onlar azdır. Amma gün gəlir, içindən biri çıxır, dillənir, sözün düzünü deyir… və İntizar İsmayılı İTV-dən işdən çıxarırlar.
AzTV-nin sabiq sədri şair Məmməd İsmayıl AzTV-nin indiki sədri Arif Alışanovun barəsində tənqidi fikirlər səsləndirməsəydi, əlbəttə, onun 20 ildən artıq telejurnalistlik təcrübəsi olan qızı İntizar İTV-dəki işindən uzaqlaşdırılmazdı.
Budur, İTV rəhbərliyi bu biabırçı fakta belə bir izahat verib: “İntizar Dinlərlə (İsmayıl) bağlanmış əmək müqaviləsinin müddəti başa çatdığından onun müqaviləsinə xitam verilib”.
Təsadüfə baxın, ata AzTV rəhbərinin ünvanına tənqidi söz deyir, ertəsi gün onun qızının müqaviləsinin müddəti başa çatır.
Üstəlik, AzTV rəhbərinin paralel olaraq İTV-ni idarə etməsi barədə çoxdan yayılmış qənaət yenidən dövriyyəyə girir və bu, İntizar İsmayılın işdən azad olunması ilə təsdiqlənir.
Biz çoxdandır bu ölkənin sakinləriyik və “müqavilə müddəti”nin nə vaxt, necə, hansı iradəylə “başa çatdığı”na dair yüzlərlə fakt görmüşük. Bu xüsusda ictimaiyyətə kəf gəlmək mümkün deyil.
Əvvəllər adamları yüz bir şantajla, hədə-qorxuyla “işdən öz ərizəsi ilə getmək” deyilən addıma sövq edirdilərsə, indi bir az “mədəniləşiblər”, “müqavilə müddəti”ylə işləyirlər. O da lazımi gündə “başa çatır”.
Nə işdirsə, ən istedadlı adamlar belə xoşagəlməz bir söz deyiblərsə, onların “başa çatan” müqaviləsi yenilənmir, adamlar işsiz qalırlar, işə götürənlər isə adını yazanda səhv buraxan diletantlarla müqavilə bağlayırlar.
Sonra da deyirlər ki, övlad ataya cavab deyil. Bu, sovet dövründə də yalandan başqa bir şey deyildi, indi də elədir. Atanın tənqidi sözünə görə övlad işdən çıxarılırsa, demək, bu cılız qisasçılıq ənənəsi hələ də yaşayır.
Bu, sirr deyil ki, bu hadisədən sonra çoxları Məmməd İsmayılın yerində olmaq istəməzdi. Söz yox, İntizar İsmayıl öz peşəsi üzrə iş tapacaq, amma bu hadisə qara ləkə kimi qalacaq.