Dünən sərəncam verildi, Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Milli Kulinariya Mərkəzinin işçilərinin maaşı 10 faiz artırıldı. Mənə maraqlı gəldi ki, görəsən bu mərkəzdə nə qədər işçi vardır, onların böyük ehtimalla qəpik-quruşdan ibarət maaşlarını cəmi 10 faiz artırmaq üçün dövlət başçısı səviyyəsində işə qarışmaq niyə önəmli olmuşdur? İnternetdə axtarıb tapdım, məlum oldu mühasib, kababçı və qabyuyanla birgə cəmi 15 nəfərdir.
Bu da krizisin daha bir əlamətidir. Vaxt var idi bizdə bütün nazirliyin, ya da hansısa peşənin maaşı adətən seçki qabağı artırdı. İndi zalım devalvasiya seçki-filan gözləmir, gərək vaxtaşırı hansısa fərmanlar verilsin, qatarın pərdələri yellənsin, qıraqdan baxan bizim harasa getdiyimizi zənn eləsin. Əks halda alınmır. “Təhsil işçilərinin maaşı artırılsın”, “həkimlərin pulu çoxalsın” tipli sərəncamlar geridə qalmışdır. Bundan sonra ola bilər “5 saylı xəstəxananın tibb bacısı Gülçöhrə xanımın maaşına 5 manat əlavə edilsin” tipli sərəncamlar gələcəkdir.
Deputatlardan biri təzəlikcə zəhmətkeşlərə məsləhət görmüşdü: gedin soğan əkin, yaxşı yaşayın. Onun başqa bir həmkarı isə dünən növbəti səmərələşdirici təklifi irəli sürmüşdür, deyir kasıblara ünvanlı sosial yardımı pul şəklində vermək düzgün siyasət deyil, əvəzində qoyun alaq verək, qoyunu saxlayıb varlansınlar. Təxminən Molla Nəsrəddinin borcu qaytarmaq üsulu kimi: “Burdan qoyun sürüsü keçir, onların yunu qaratikana ilişib qalacaq, yunları yığıb sap əyirəcəm, sapdan corab toxuyub satacağam, sənin borcunu qaytaracağam”.
Görün bizim deputatxanada nə qədər milləti düşünən insanlar toplaşıbdır! Açığı, mən devalvasiyanın bu qədər büdcəyə təsir elədiyini düşünməzdim. Əgər bunlar hansısa yetimə ildə 500 manat tapmırsa, bunu 100 manatlıq yoluq bir qoyunla birdəfəlik həll eləmək fikrindədirlərsə, deməli, büdcədə siçanlar “Köçəri” rəqsi oynayır. Bu, YUNESKO xətti ilə adımıza keçirməyə hazırlaşdığımız milli rəqsimizdir, yəqin bilirsiniz, keçən dəfə yazmışam.
Ancaq təkcə soğan əkmək, qoyun otarmaqla zəhmətkeşlərimizi yola verə bilmərik, bunun hansısa kompleks həll üsulu hazırlanmalıdır. Hələ hörmətli deputatlardan siçan dərmanı, iprit qazı, Zika və Ebola virusları təklif edilməyibsə, məncə eləsinlər. Bunları tətbiq eləməklə yoxsulluq problemini, ümumən isə azərbaycanlıların yerli-yersiz cükküldəşməsinin qarşısını almaq olar. Deputatlar da qiymətli vaxtlarını faydalı işlərə sərf edərlər, örnək üçün, soğan əkməyi təklif edən deputat seçilmiş əsərlərinin növbəti cildini – “Çadırda soğan əkmək olmaz” romanını uca millətimizə bağışlayar. Qoyun təklifi irəli sürən deputat isə Lənkəranda özünün növbəti restoranını açar.
Bayaq Mollanın adını çəkdim, onun başqa bir lətifəsi də var, deyir bir gün camaat yığışır, hansısa dərdinə dərman üçün padşaha şikayətə Mollanı göndərir. Molla gəlir qəbula, padşah buna baxır, məzələnmək üstəyir: “O kənddə başqa adam olmadı ki, səni göndərdilər?”. Molla deyir: “Var idi, qibleyi-aləm. Sadəcə, adamı adam yanına göndərdilər, məni də sənin yanına”. Demək istəyirəm ki, biz elə bu sistemə, həmçinin, deputatlarımıza layiqik.
Sonda Sayalı xanım özünü yetirdi, yazımıza nöqtəni və adı qoydu. Yəqin onu tanıyırsınız, hər dəfə ara qarışanda AMEA-nın işçisi, NK yanında Terminologiya Komissiyasından Sayalı bacı efirə çıxır, millətin üzünə deyir ki, siz busunuz, adınız Xiyardır, Pitişdir, nə bilim, Fətöşdür, yumrulanın, bir yerə qısılın, yatışın, sizdən adam olan deyil, hələ hökumət nə qədər əziyyət çəkir sizin adınızı tapmaq üçün. Dünən Sayalı xanım növbəti adqoyma mərasimi keçirib, intervü verib. Qələmi ona verim, mən getdim: “Son dövrlər qızına Peşiman adı qoymaq istəyən valideyn var idi. Ona tövsiyə edildi ki, uşağın gələcəyi üçün bu adın qoyulması məsləhət görülmür. 2012-ci ildə uşağına Xiyar, Xiyarə adı qoymaq istəyənlər vardı. Ədliyyə Nazirliyinə müraciət olunmuşdu. Biz tezliklə cavab verdik ki, belə ad qoyula bilməz. Son dövrdə belə bir ad üçün müraciət edilmişdi – Məmişov Əliş Pətöş oğlu”.
Ancaq qayıdıb bir əlavə eləmək istəyirəm ki, həqiqətən peşmançılıqdır. Tutalım bunun Əliş olmasına Sayalı xanım imkan vermədi, bəs Pətöş necə olacaq? Bu ki yekə bir kişidir.