Xocalının Serebrenitsadan əsas fərqi barədə bir daha.
Dünən Xocalı soyqırımının növbəti ildönümü idi. Sivil bəşəriyyət üçün üz qarası olan bu müdhiş qətliamdan, etnik təmizləmədən daha bir il ötdü. 24 ildir bu soyqırım dünyada öz layiqli hüquqi-siyasi qiymətini almayıb, Xocalı hərbi caniləri – Ermənistanın hazırkı prezidenti Serj Sərkisyan, onun sələfi Robert Köçəryan, müdafiə naziri Seyran Ohanyan və əlaltıları, o cümlədən soyqırımın ideoloqu Zori Balayan hələ də cəzalandırılmayıb.
Əsas səbəb əlbəttə ki, Dağlıq Qarabağ konfliktinin bu günədək həll edilməmiş qalmasıdır. Nə vaxt “Qarabağ yükü” yerindən qaldırılacaq, nə vaxt Qarabağ problemi ədalətli həllini tapacaq, o vaxt da Xocalı soyqırımı qurbanlarının ruhu təskinlik tapacaq.
Bunu öncəliklə 1995-ci ildə Bosniya-Hersoqovinanın müsəlman şəhəri Serebrenitsada törədilən soyqırımın hüquqi qiymət alması əsasında deyirik. Belə bir şey ona görə mümkün oldu ki, qanlı Bosniya münaqişəsi nəhayət, böyük güclərin, ələlxüsus Qərbin müdaxiləsi ilə yoluna qoyuldu, ardınca da Serebrenitsa qətliamında rol almış baş hərbi canilər – Rodavan Karaciç, Radko Mladiç və digərləri tapılaraq Beynəlxalq Məhkəməyə (Haaqa Tribunalına) cəlb edilərək, layiqli cəzalarını adlılar.
Bundan başqa, 2009-cu ildə Avropa Parlamenti Serebrinitsadakı etnik təmizləməni soyqırım kimi tanıyan qətnamə qəbul elədi. 2010-cu ildə isə Serbiya rəsmən müsəlman boşnaklardan üzr istədi. Demək, beynəlxalq birliyin iradəsi ortada olanda xristian amili də öz əhəmiyyətini itirir. Çünki caninin milliyyəti olmur, caninin milliyyəti nəzərə alınmaz!
Bəs nə üçün Xocalının müsəlman-türk əhalisinə münasibətdə bu ədalətli yanaşma 24 ildir özünü göstərmir? Ermənistanın da Azərbaycan xalqından üzr istəməsinin vaxtı çatmadımı?
Belə görünür, hələ çatmayıb, yoxsa Haaqa Tribunalında adı çəkilən erməni caniləri və digərləri də otuzdurula, Avropa Parlamenti bir analoji qətnamə də Xocalı soyqırımı haqda qəbul edərdi.
İş də ondadır ki, Qarabağ məsələsinə ədalətsiz yanaşma avtomatik şəkildə Xocalıdakı etnik təmizlənmə faktına da analoji yanaşmaya gətirib.
Vəziyyəti Azərbaycanın xeyrinə qəlizşləşdirən daha üç əngəlləyici amil var: 1. Ermənilərin xristian dünyasında “əzabkeş xalq” kimi qəbul edilməsi; 2. Yalançı “erməni soyqırımı” iddiası, hansını ki, həmin o Avropa Parlamenti “genosid kimi tanıyır. 3. Türk (Türkiyə) amili.
Lakin sadalananlardan heç də o anlama gəlmir ki, Azərbaycan dövləti əlini ağdan-qaraya vurmamalıdır. Beynəlxalq cinayət hüququ sahəsində dünyada yetərincə bacarıqlı mütəxəssislər var və onların təcrübəsindən çox da böyük olmayan məbləğ qarşılığında uğurla istifadə edə bilərik. Ramil Səfərovun işində bunu bacardıqsa, Xocalı məsələsində niyə cəhd eləməyək?..
Fəqət, bəzi iddialara görə, məsələnin indiyədək beynəlxalq məhkəmə səviyyəsinə çıxarılmamasının daha bir səbəbi elə Azərbaycanın özü ilə bağlıdır: bildirilir ki, ölkə daxilindəki dövlətin mövqeyinə təsir gücündə olan hansısa imkanlı dairələr qətliamda özlərinin ikinci-üçüncü dərəcəli rolunun üzə çıxa biləcəyindən qorxaraq, buna ciddi şəkildə müqavimət göstərirlər.
O zaman kimdən küsürük ki?..