Dünyada elə dövlətlər var ki, neytrallıqlarını qoruyub saxlaya bilir, hərbi bloklara qoşulmur, həmişə öz başlarının dinc salamatlığının dərdini çəkirlər. Məsələn, Avropada İsveçrə bu xüsusda böyük uğurlar qazanıb. Bu dövlətin iqtisadi uğurlarının, yüksək rifahının mayasında da məhz neytral dövlət olması durur.
Şərqdə, Asiyada Türkmənistan da bu yoldadır. Türkmən qardaşlar bu məsələdə hələ elə ciddi uğur qazanmasalar da, neytrallığın ziyanını da görmürlər.
Bizim isə neytral olmaq şansımız yoxdur. Biz elə bir regionda yerləşirik ki, burada bizə o imkanı tanımırlar.
Azərbaycan ta qədimdən bəri böyük dövlətlərin mübahisəli ərazisi olub. Bu mübahisə hələ də davam edir. Poliqon kimi yerdir burası.
Ona görə də xarici işlər nazirinin müavini Araz Əzimovun Suriya məsələsinə baxışda Azərbaycanın Rusiyanın yanında durmasını ifadə edən açıqlamalarını təqdir edilməsə də, anlayışla qarşılamaq olar.
Bu, təkcə Araz Əzimovun şəxsi mövqeyi deyil, prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Novruz Məmmədov və başqa rəsmilər də bənzər fikirlər bildiriblər. Demək ki, ali sarayda vahid düşüncə budur.
Təxminən eyni fikri bugünlərdə Tehranda rəsmi səfərdə olan dövlət başçısı da dilə gətirib. O, Suriya məsələsində İranın mövqeyini dəstəklədiyini bildirib. İranla Rusiya isə Suriya məsələsində müttəfiqdir.
İndi mənzərə budur: Azərbaycan Suriya poliqonunda üç böyük dövlətin – Rusiya, İran və Türkiyənin arasında qalıb və ilk ikisinin mövqeyini dəstəkləyir, birini – Türkiyəni isə qarşısına alır.
İşə bax ki, bu üç ölkənin içində Azərbaycana ən yaxın olanı məhz Türkiyədir. Ancaq geosiyasi durum elədir ki, Azərbaycan qardaş saydığı, sarsılmaz müttəfiqi olduğu dövləti qoyub, onunla açıq-gizli düşmənçilik aparan, vaxtilə onu ikiyə bölmüş və hələ də onu özlərinin “arxa bağça”sı sayan dövlətlərin cərgəsində yer alır.
Çünki Azərbaycan buna məcburdur, məhkumdur. İş bərkə düşsə, Türkiyədən ölkəmizə ziyan gəlməz, onun təxribatları və hərbi aqressiyası ilə üzləşmərik, ancaq İran və Rusiyanı qarşımıza alsaq, dürlü təxribatların al-əlvan çələngi ilə üzləşərik.
Bu dövlətlər bizi neytral olmağa qoymadıqları kimi, mütləq öz yanlarında görmək istəyirlər və indilikdə Azərbaycanın boyu, gövdəsi, gücü o dərəcədədir ki, başının salamatlığını düşünməlidir.
Bir də uzaqda ABŞ var və bu dövlət öz mənafeyi naminə kiçik dövlətlərdən bəzən maşa, bəzən də rezin əlcək kimi yararlanmağa vərdiş edib.
İki-üç il öncəni, İranla ABŞ arasında ziddiyyətlərin ən kəskin dövrünü xatırlayaq. O zaman İranın nüvə silahı əldə etmək məqsədilə uranı zənginləşdirməsi, nüvə proqramını irəlilətməsi səbəbindən müharibə təhlükəsi vardı və ABŞ Azərbaycandan, yuxarıda dediyimiz kimi, maşa (və ya rezin əlcək) kimi istifadə etmək istəyirdi.
Az qala hər həftə Azərbaycana amerikalı emissarlar – diplomatlar, generallar, konqresmenlər gəlib-gedirdi, Azərbaycan rəhbərliyini dilə tutur, olası müharibə təqdirində ölkəmizin ərazisindən İrana qarşı platsdarm, forpost, yanacaq bazası, aerodrom kimi istifadə etmək istəyirdilər.
O vaxt Azərbaycan bu oyuna, avantüraya getmədi. İqtidar və müxalifət bu məsələdə yekdil idi. Bəs sonu nə oldu? O oldu ki, ABŞ və Qərb ölkələri İranla anlaşdılar, barışdılar, aralarındakı münaqişəni həll etməyə başladılar.
Bəs Azərbaycan o vaxt onların cərgəsində yer alıb, İrana düşmən koalisiyada yer alsaydı, nə olacaqdı? Heç nə, tarixi birgəlikləri olmuş qüdrətli qonşu dövlətlə düşmən olacaqdı və bundan böyük iqtisadi-siyasi ziyan görəcəkdi.
Bir müddət keçəcək, böyük dövlətlər Suriya məsələsində də anlaşacaqlar, bir-birilə ticarətlərini davam etdirəcəklər.
Bu baxımdan Azərbaycanın boyundan böyük işlərə fəal şəkildə qarışması, ara qarışdığı təqdirdə ayaq altda qalması ağılsızlıq olardı. Türkiyə amili məsələsi də bu kontekstdə o qədər də həyati əhəmiyyətli deyil. Çünki Suriya müharibəsi Türkiyənin öz davası deyil, kənardan qoşulduğu bir savaşdır.
Bir daha sübut olunur ki, neytral dövlət olmaq daha yaxşıdır. Fəqət bundan ötrü əlverişli geosiyasi məkanda olmaq lazımdır. Azərbaycan elə bir yerdə deyil. Ona görə də öz başını gözlənilən zərbələrdən yayındıra-yayındıra, manevrlər edə-edə dolandırmalıdır.