İnternetdə bir video gördüm, qəlbim qürurla doldu. Rusiyanın Xabarovsk şəhərində yaşayan azərbaycanlı barda qızlarla əylənərkən bir rus ona yaxınlaşıb nəsə söz atır. Soydaşımız ona bir kəllə tutuzdurur, adam uzanır. Bildir ölmüsən, inişil ölmüsən söhbəti.
İndi əlimizdə belə “subutalni, dokumentalni” (Cabbarlının rəhmətlik “Almaz” pyesindən sitatdır) kadrlar olandan sonra hansı qoduq iddia edə bilər ki, azərbaycanlılar baş işlədə bilmir? Bizim başımız çox yaxşı çalışır. Özü də mən diqqət eləmişəm, dünyanın heç bir milləti bizim kimi kəllə atmağı bacarmır. Bu nəsə genetik, təbiətdən gələn, geopolitik, canım sənə desin, bəlkə də muğam sənətimizlə əlaqədar fenomendir. Hər obamızda minimum bir nəfər “Kəllə” ləqəbli şəxs olur ki, bu da həmin şəxsin yaxşı kəllə atmağını bildirir.
Təhsil nazirimiz Mikayıl müəllimin (sonra baxdım ilk dəfədir “təzə nazir” yazmadım, deyəsən artıq Misir müəllim tamam unuduldu, ey gidi dünya, etibarsız, arsız dünya!) test üsuluna keçən həftə kəllə atması və etirazları görəndən sonra özünü təkzib eləməsi bu kontekstdə araşdırılmalıdır. Əslində təhsil naziri cəmiyyəti yoxlamaq üçün keçmiş təhsil mafiyasının sifarişini yerinə yetirirdi. “Testi pisləyək, təzədən millətin kasıb, yetim uşaqları gəlib Həmdulla müəllimlərin qabağında oturub imtahan versinlər, kəsdiyimizi kəsək, pulumuzu yığaq” – prinsip budur. Mən testdən qabaq imtahan verib ali məktəbə girmişəm və o üsulun necə murdar olmasını unutmuram. Peterburqdan gələn komissiya olmasa çətin qəbul olunardım.
Üstəlik, guya təhsilin problemi ancaq qəbul imtahanındadır? Bəs iyrənc, yaltaqlıq aşılayan dərsliklər, səhvlərlə dolu kitablar, saxtakarlıq və seçki cinayətləri ilə məşğul məktəb sistemi necə olsun? Ləyaqətli təhsil naziri ilk növbədə saxta seçkilərin məktəbdən birdəfəlik çıxarılmasına nail olmalıdır, nə qədər ki, məktəblər bu cür administrativ cinayət yuvasıdır, orda heç bir təhsil işığı ola bilməz. Tumanının başında bülleten, protokol daşıyan adamlardan nə gözləmək olar?
Ancaq ta islahat vacib düşübsə, məncə Mikayıl müəllim qəbul imtahanını elə kəllə atmaq üsulu ilə qayırsın. Gəlirsən, divara kəllə atırsan, əgər başın partlamasa, səndən yaxşı hakim, prokuror çıxar. Başı azca qanayanları pedaqoq, burnu əzilənləri həkim, qulağından qan gələnləri mühəndis və sairə – bu cür bölmək lazımdır. Qəbul imtahanı qrupları da qabaqkı kimi “1-ci, 2-ci və sairə” nömrələnməsin, “Birinci kəllə”, “Kəllə və sümüklər”, “Dana kəlləsi”, “Kəlləpaça qrupu” və sairə adlarla nömrələnsin. Komediyanı qurtarmaq lazımdır, dövlətçiliyimiz var bizim!
Yeri gəlmişkən, dünən deputatxanada elm haqda qanun qəbul edilməli idi, ancaq edilmədi. Sizcə səbəb nədir? Bəlkə deputatlarımız son elmi kəşflərin, misal üçün, qravitasiya dalğasının kəşfinin də qanuna salınmasını tələb ediblər? Bəlkə qanun layihəsi xarici elmi mərkəzlərə rəy üçün göndərilib, indi geri gəlməsini gözləyirlər? Tapmadınız. Spiker Oqtay müəllim aşkar danışıb: deyib indiki büdcə ilə elm qanununa dəyişiklik edə bilmərik. Pul azdır, təzə qanunu qəbul eləsələr gərək elmə dövlət büdcəsindən ayrılan vəsait də artsın.
Bax, bunların dövlət siyasəti həmişə belə olubdur: maşın ötüşdürməyə, it boğuşdurmağa, xoruz dalaşdırmağa, çaqqal oxutmağa həmişə milyonlar tapıblar, elmə və alimə pul ayırmağa gələndə isə xəsislikləri tutub. Çünki həqiqi elmdə yaltaqlığa, saxtakarlığa yer yoxdur. Çünki bilik cəhaləti yox edən, qulu azadlığa çıxaran məşəldir. Peşəkar və savadlı insan nadir hallarda yaltaq olar, açığı, mən heç bir nəfəri də yadıma sala bilmirəm. Yapistlər gözəl anlayırlar ki, elmli adamlar çoxalsa, Azərbaycanı söküb-talamaqları çətinləşəcəkdir.