Velosipedi, Amerikanı, həmçinin, bizim deputatxananı təzədən kəşf eləməyə ehtiyac yoxdur. Bunlar əsrlərin sınağından çıxıb gəlmiş elmi-mədəni, coğrafi-siyasi, geoloji-qastroenteroloji bəşəri nailiyyətlər, uğurlardır. Hazır istifadə modelləridir. Götür, nə vaxt istəsən, nəyə istəsən yararlan.
Örnək üçün, bu günlərdə Amerikada prezident seçkisi qabağı seçki qayırırlar. Haşiyə olaraq yazım ki, bu da bir əcaib sistemdir, qabaqca partiyalar öz aralarında namizədlərini seçirlər, sonra millət bu namizədlərdən prezident seçir. Halbuki, Məzahir müəllim olan yerdə belə ikiqat əziyyətə, səs-küyə ehtiyac olmazdı. Uzun sözün qısası, həmin seçki seçkisində namizədlərdən Donald Trump ABŞ-la Meksika arasında qanunsuz miqrantların qabağını almaq üçün hasar hörməyin vacibliyindən danışıb. Roma papası buna görə Trump-ı tənqid edib, deyib hasar hörən, insanlara sədd çəkən adam xristian dəyərlərinə uyğun deyil. Ancaq Trump da az aşın duzu deyil, deyib papa özü getsin Vatikanın hasarlarının dərdini çəksin.
Ləzzətli dialoqdur. Ancaq dünyada analoqu olmayan dialoq deyildir. Belə hasar müzakirələri çiçəklənən Azərbaycanımızda vaxtaşırı ortaya çıxırdı. Neft pulları yağan vaxtlarda ölkə tamam hasarlanmışdı. Nə dəniz üzü görə bilirdik, nə dağ. Qobustan qəsəbəsində isə hasarlar milləti rəsmən Güney-Quzey Azərbaycan vəziyyətinə salmışdı, şairlər “Qobustan həsrəti” adlı şeirlər qayırırdılar, camaat hasarın o biri üzündə qalan qohumlarına baxıb gözündən qanlı yaşlar axıdırdı. Şükür, axırda möhtərəm iqtidarın atalıq qayğısı sayəsində hasarda bir neçə yarıqlar açıldı, camaat o üz bu üzə gedib gələ bildi. Demək, ABŞ və Meksika da istəsə bizim hasar modelindən yararlana bilər.
Yaxud, Suriyada 4-5 ildir qırğın gedir, problemin həlli yolu tapılmır. Son günlər dünyanın zırpı dövlətləri orda atəşkəs müqaviləsi qayırmağa çalışırlar, bu da uğursuzluqla nəticələnir. Səbəb sadədir: onlar Azərbaycan təcrübəsindən, dünyaya günəş kimi doğan xarici və daxili yapist siyasətimizdən yararlanmaq istəmirlər. İzah edim, hörmətli oxucular da qiymət versin.
Atəşkəs müqaviləsi imzalamaq üçün bir neçə komponentlərə ehtiyac vardır, əgər bunlar əldə olsa müqavilə şıppıltı ilə bağlanar, hətta uzunömürlü olar. Örnək üçün, bu il mayın 12-də bizim ermənilərlə imzaladığımız atəşkəs müqaviləsinin 22 ili tamam olacaqdır. Təsəvvür elə, 22 il! Bəlkə dünyada bu qədər uzun savaş olmayıbdır, orta əsrlərdəki-filandakı yüzillik savaşları çıxmaq şərtiylə. 22 ildir hər iki tərəf yalandan bir-birinə hərbə-zorba gələ-gələ kasıb uşaqlarından ildə 80-90 dənə vurmaqla atəşkəsə əməl edir. Məncə Suriyada bu cahanşümul təcrübədən yararlanmaq lazımdır.
İlk növbədə, Suriya üçün “Bişkək protokolu” qayırmaq lazımdır. Bunun kağız-kuğuzunu ruslara tapşırsan yaxşı düzüb qoşarlar. Bürokratik ənənələri olan dövlətdir – bir arayışı yüz ilə vermək kimi fitri istedad yiyəsidirlər. İmza atmaq üçün isə tərəflər mütləq hər biri özünə “Rəsul Quliyev” tapmalıdır. Yeri gəlmişkən, Rəsul müəllim hazırda canlı şəkildə elə ABŞ-da yaşamaq üzrədir, məncə yankilər onu Suriyada atəşkəs protokoluna imza atmağa müvəkkil edə bilərlər.
İkincisi, uduzan, ancaq bunu həzm etmək istəməyən qüvvələr üçün babat bir “Murov qırğını” təşkil olunmalıdır ki, atəşkəsə qaça-qaça imza atsınlar. Bunun üçün məncə Suriyada Türkmən dağı əraziləri yarayır.
Üçüncüsü, bir nəfər “Ancey Kasprşik” adında polyak tapıb əraziyə ezam eləmək lazımdır. Ki, guya atəşkəsə əməl edilməsini monitorinq edir. O cümlədən, arada xarici müşahidəçilər, atəşkəsin həmsədrləri-zadı bölgəyə səfər edəndə birinin “çiş” elədiyi yerdə fotosunu çəkib SazTV-də (bu, Suriyanın AzTV-sidir) dünyaya göstərməlisən.
Ümumiyyətlə, atəşkəsin vacib elementlərindən biri telekanalizasiyadır. Ancaq gərək burda da balans qorunsun. Bir tərəf “İnşallah, gələn Novruzda Hələbə bayraq taxıb İŞİD-in ağzını cıracağıq” deyəndə o biri tərəf yatmasın, o da öz efirində Dəməşqin qədim islam dövlətinin paytaxtı olmasını, Dəclədən Fərata, lavaşdan xurmaya, nə bilim, Allahu-Əkbərdən cihada qədər hər bir şeyin dövri-qədimdən onlara məxsus olmasını dayanmadan yaysın.
Vəssalam, ondan sonra atəşkəs hazırdır. Otur, bas, ye.