Yeganə təbii müttəfiqimiz, canbir, qanbir Türkiyə yenə azğın terror qurumları və onların havadarlarının əsas hədəfindədir. Zatən, onlar Türkiyəni heç zaman “unutmayıb” da. Sadəcə, hücumların şiddətli-zəif dönəmləri olub.
Xarici ölkələrdəki türk diplomatları və ailələrinə qarşı ötən əsrin 70-80-cı illərində erməni terror təşkilatlarının, əsasən də ASALA-nın törətdiyi xain aktları yada salmaq kifayətdir. Qardaş ölkə hazırda növbəti belə şiddət dönəmini yaşayır.
Türkiyə hədəfdirsə, sözsüz ki, Azərbaycan da hədəfdədir. Çünki qardaş ölkəyə atılan daş, ona dəyən zərbə həm də qardaş Azərbaycana tuşlanmış daş, Azərbaycana dəyən zərbədir. Türkiyənin verdiyi şəhid Azərbaycanın da şəhididir, Azərbaycan uğrunda da həyatını qurban verən şəhiddir.
Bu xüsusda Rusiyanın kloun-siyasətçisi və Kremlin “danışan dilləri”ndən biri Vladimir Jirinovskinin Türkiyəni terror aktları ilə hədələməsi elə Azərbaycanın hədələnməsi deməkdir.
Diqqət edin, bu, başıxarab türk düşməni Ankaradakı son qanlı, onlarla insanın ölümünə səbəb olan vandalist terror aktlarına acımaq əvəzinə, onları “məşq” adlandırır və ardınca Türkiyə dövlətinə qarşı terror aktlarının həm də ermənilər tərəfindən törədiləcəyinin anonsunu verir. Onun baş nazir Əhməd Davudoğlunun Kiyevdəki məlum bəyanatına reaksiyası da eyni qəbildən idi və hədə xarakteri daşıyırdı.
Adam həm də Rusiya Dövlət Dumasının vitse-spikeridir, yəni dövlət adamı sayılır, amma gəl ki, Türkiyəyə qarşı, dinc əhaliyə qarşı terrorçuluğu təqdir edir, hətta terrora çağırış edir.
“Türkiyə Suriyaya girsə, orada terror aktları başlayacaq. Hökumət binaları, hərbi düşərgələr yanacaq, hər şey havaya sovrulacaq. Bunu ola bilsin ki, kürd döyüşçüləri və yaxud erməni yaraqlıları edəcəklər. Yunanlar, bolqarlar, suriyalılar, ərəblər. Onlar orada milyonlarladır…” – deyir Jirinovski və əslində özü kimilərinin yadına “daş salmaqla” terrora çağırır.
Hərgah, insaf naminə qeyd eləməliyik ki, Rusiya həm Xarici İşlər Nazirliyi, həm də prezident Vladimir Putin səviyyəsində son terror hücumunu pisləyib. Rəsmi Ankara da bunu pozitiv qiymətləndirib. Lakin baş nazir Əhməd Davudoğlu əlavə edib ki, “bu – yetərli deyil, Rusiya terror birləşmələrinə dəstəyi dayandırmalıdır”.
Tam doğru. Bu gün qardaş ölkəyə ən böyük təhlükə və təhdid də şübhəsiz ki, “canlı bombalar” yox, onları hazırlayıb yönəldənlər, terroru sifariş edənlərdir, terrorçuluğun sponsorlarıdır. Bu sponsorlar sırasında təkcə Rusiya yer almayıb ki. Siyahıda rus və erməninin tarixi müttəfiqi olan İran, bəzi ərəb ölkələri və Türkiyənin çöküşünü istəyən başqa məkrli ünvanlar da var.
Türkiyənin bunca qarğa-quzğunun, terrorun hədəfində olmasının yek səbəbi isə onun regional supergüc olması, bölgədəki proseslərdə daima oynadığı vazkeşilməz və mərkəzi roldur. Obrazlı desək, daşının ağır olmasıdır.
Bu daş kimin başına düşsə orada da qalar. Odur ki, türk düşmənləri ortaq hərəkətə etmək və “hədəf vasitəni doğruldur” məntiqilə bütün antiinsani metodlardan yararlanmaq zorundadırlar…
***
Bu gün də Türkiyəyə qarşı kişi kimi və kişi mübarizəsi aparılmır. Zira, terror yalnız zəiflərin və namərdlərin istifadə elədiyi alçaq və xain mübarizə üsuludur.
Bu mübarizəyə qarşı müqavimətdə Azərbaycan heç vaxt olmadığı qədər qardaş ölkənin yanında yer almalı, öz potensialı hesabına, bütün üsullarla onun gücünə güc qatmalıdır – tərəddüd etmədən, erməni, rus, fars kartlarını nəzərə almadan.
Çünki Azərbaycan dövləti var olacaqsa, yalnız Türkiyə dövləti ilə birgə var olacaq, yaşayacaq! Allah eləməmiş, Türkiyə parçalanacaqsa, zəifləyəcəksə, olmayacaqsa, Azərbaycan da olmayacaq, Qarabağ da olmayacaq. Bunu hamılıqla birdəfəlik kəsdirməmiz lazım.
Varlıq qarantımız olan Türkiyəmizi Allah bəlalardan qorusun, düşmənlərini xar eləsin İnşallah.