Yaxud ölümün ASANlaşması üzrə xidmətlər
Xarici işlər nazirinin müavini Araz Əzimov xaricdə bir qəzetə intervü verib, o qədər biabırçı sözlər danışıb ki, ölkə ictimaiyyəti mat qalıb. Deyirlər ondan belə hərəkət gözləmirdik.
Qardaşlar, oyanın. Bu iqtidarın bütün kadrları aşağı-yuxarı eynidir. Sadəcə, Araz müəllimdən indiyə qədər belə səmimi intervü alan olmamışdı! (Əslində heç onun intervü verməyi yadıma gəlmir).
İqtisadçı ekspert Natiq Cəfərli haqda facebook-da təzəlikcə gülməli bir status yazmışdılar: “Natiq bəyin iqtidarda səhvini tuta bilmədiyi yeganə kadr Artur Rasizadədir, çünki Artur müəllim danışmır”. Bax, Əzimovun intervüsü də həmin kateqoriyadan idi. Yazılması mümkünsüz bir lətifədəki kimi, gərək bunların müəyyən yerinə ip bağlansın, hər dəfə nəsə gülünc danışanda ipi dartan kimsə olsun.
Əzimovun açıqlamaları isə nəinki Azərbaycanın xarici siyasəti baxımından zərərlidir, üstəlik gülüncdür. Misal üçün, deyir Suriyada Əsəd hakimiyyətdə qalsa yaxşıdır. Halbuki bizim ən yaxın müttəfiqimiz Türkiyədən tutmuş, “birinci səfərlər məkanı” Parisə qədər dünyanın az qala hamısı Əsədin getməsini istəyir.
Yaxud müxbir deyir ölkənizdə niyə siyasi islahat yoxdur, Əzimov deyir niyə yoxdur, var, məsələn, mən keçən ay pasportumu 7 dəqiqəyə almışam. Sivil dünyadakı adi texniki prosedurdan vəcdə gəlibmiş. Xəbəri yoxdur ki, siyasi islahat ilk növbədə demokratik seçkini nəzərdə tutur.
Ancaq əlbəttə, insaf da yaxşı şeydir, Araz müəllimin iş yeri Penisentiar Xidmətə (PX) baxanda toya getməlidir. Ən azından, XİN-də səfirləri döyüb öldürmürlər, qaça bilən qaçır. Bax, elə bu dustaq ölümünə PX-in dünənki izahatı hüquqi nihilizmə aid dərsliklərə salınası şeydir.
Sitat: “Məhkum Nurani İbrahimov qanunla nəzərdə tutulmuş gəzinti vaxtı qəflətən özünü pis hiss edərək yerə yıxılıb və ona göstərilən təxirəsalınmaz tibbi yardıma baxmayaraq, vəfat edib. Mərhumun meyitinin məhkəmə-tibb eksperti tərəfindən aparılmış ilkin xarici müayinəsi zamanı onun ölümünə səbəb olan xəsarətlər aşkarlanmayıb”.
“Pis hiss eləyib”, “yerə yıxılıb”, “vəfat edib”, “ölümə səbəb olan xəsarət aşkarlanmayıb” – bəs bu niyə ölüb? Bəlkə Amerikadan lazer şüası salıblar, qəsdən öldürüblər ki, dövlətçiliyimizə ziyan olsun? Bəlkə məhkumu cinlər öldürüblər? Mərhumun fotolarındakı böyük qara ləkələr isə türmədə meyitlərin boyanması üzrə hansısa humanitar aksiyadan yadigar sayılmalıdır.
Bizi dolayırlarmı? Qətiyyən bu fikirdə deyiləm. Onlar bizə ümumiyyətlə önəm vermirlər. Azərbaycan xalqı onların menyusunda heç desert rolunu da oynamır. Əl-üz dəsmalı, salfet bəlkə? İnanmıram. Onlar bizdən iyrənirlər, o üzdən ictimai görüşlərdə xətt çəkirlər, azı bir-iki metrlik məsafə qoyurlar. Bəs nə? Doğrusu, bunu hələ müəyyən edə bilməmişəm. Tapsam yazaram, birlikdə kef eləyərik.
Beyləqan rayonunda ata 6 yaşlı oğlunun başını kəsib. Bu dəhşətli cinayətin xırdalıqları haqda başqa yazılarda oxuya bilərsiniz. Ancaq qısa yazım ki, bu ailə faciəsinin yaranmasına doğru gələn uzun günlər var idi və həmin günlərdə cinayəti önləmək üçün profilaktik tədbir görməli polislər, başqa dövlət orqanları əllərini ağdan qaraya vurmayıblar. Elə cəmiyyət, uşağın öldürüldüyü kəndin sakinləri də özünü cəngəllik sakinləri kimi aparmışdır. Yeri gəlmişkən, bu yaxında Bakı ətrafında bir gənc intihar elədi, ailəsi də bərbad gündə yaşayır, mən bundan yazmışdım. Bir oxucu isə belə reaksiya bildirmişdi: “Səhv yazmısınız, Zığda belə iş olmayıb”.
Sən demə, texniki yanlışlıq üzündən Zirə yerinə Zığ yazmışam. Adamın dərdinə bax. Yazı, ordakı problem qalıb qıraqda, bunu Zirə yerinə Zığ getməsi narahat edir. Guya Zığda eyni vəziyyət deyil.
Hələ bir Ailə-Qadın-Uşaq Problemləri Dövlət Komitəsi var. Bu AQUPDK-ın şefi Hicran Hüseynova keçən ilin yayında Zərdabda guya vətəndaşları qəbul edib, orda Beyləqandan olan şikayətçilər də dinlənib. İndi qətlə yetirilən uşağın ailəsi görüşdə olubmu? Çətin. Ancaq ümid edirəm idarədə yeyinti ittihamlarından başı açılanda Hicran xanım bu ritorik suala cavab verər.
Hər halda, Əzimovun pasport almaq cavabı kimi olmasın. Yoxsa Beyləqandan Zərdaba getmək üçün azı 3 rayon basdalamaq lazımdır.