Dostlar, simsarlar bilir, mənim il ərzində spirtli içki (məsələn, pivə) qəbuletmə rasionum orta statisik rusun, almanın, çexin, belçikalının bir-iki günlük rasionuna bərabər olar, ya olmaz. Başqa sözlə, əgər onlar il ərzində bir sistern pivə içirlərsə, mənimki bir kanisrdən (5-6 litr) artıq deyil.
Axırıncı dəfə pivəni dekabrda Belçikada olarkən içmişdim. O da səfər yoldaşlarımın israrla “Dünyanın ən yaxşı pivəsi ”Stella”dır” deyə tərifləməsindən sonra.
Ümumiyyətlə götürsək, spirtli içki içərək ictimai yerlərdə insanlara problem yaradanları, spirtli içki içib sükan arxasında oturanları, toyda-nişanda qədərindən artıq içib özünü, nəslini rəzil edənləri görən gözüm yoxdur.
Ancaq spirtli içkinin haram buyurulması və qadağan edilməsi ilə də razılaşmaq mümkün deyil. Çünki bu mayeni qəbul edib-etməmək sırf insan haqlarıyla, insan azadlığı ilə bağlı məsələdir. Şotlandiyada azı 250 ildir zavod viskisi içirlər, amma bu 250 ildə o ölkədə sərxoşların saldığı dava-dalaş bizdə bir toy mövsümündə olduğu qədər deyil. Almanlar il on iki ay pivə sümürürlər, yeri gələndə dalaşırlar da, amma kütləvi halda bıçaqlaşmırlar, tayfa davası salmırlar.
“İlin-günün bu vaxtında bu nə içki söhbətidir” desəniz, deyim: bugünlərdə ürəyim son iki ayda ilk dəfə pivə istədi. Dostumuz Niyaz demişkən, “zero”ya, yəni “hacı pivəsi”nə də razıydım, di gəl, yeddi marketə daxil oldum, heç birində bir qurtum pivə tapmadım.
Çoxdan bəllidir, bəzi marketlər şəbəkəsi var ki, sahibləri özlərini halal adam sayırlar və dini əqidələri üzündən haram buyrulmuş spirtli içkiləri satmırlar. Belələrinin bəziləri dinin haram buyurduğu hər şeyi edirlər, məsələn, qiymətləri süni şəkildə artırırlar, sələmə pul verirlər, zina edirlər, hər lotuluğa qol qoyurlar, amma spirtli içki satmırlar. Bu, onların öz inanclarına nə dərəcədə sədaqətli olmalarının bəlkə də yeganə əlaməti, sübutudur. Bunlar heç.
Bəs sahibləri mömin olmayan marketlərdə niyə spirtli içki satılmır? Bir satıcıdan soruşdum ki, əmoğlu, Səudiyyə Ərəbistanı kimi şəriət ölkəsi qurmusunuz, nədir, niyə heç olmasa pivə satmırsınız, alan yoxdurmu?
Satıcı kədərli gözləri ilə gülümsəyib dedi ki, vallah, bizdən olsa satarıq, bayramlarda gəlib şampan istəyən çox olur, pivə soruşanlar da həmişə var, amma sata bilmirik. Niyə? Satıcı sözünə davam edərək dedi ki, vergi işçiləri bizi sıxırlar, elə bilirlər, araq-çaxır satanlar milyon qazanır, daha çox vergi istəyirlər, biz də başımızı bəlaya salmaq istəmirik.
Mat qalmalı işdir. Bu nə deməkdir? Bir mağazanın alver dövriyyəsi kassa aparatıyla tənzimlənmirmi? Market nə qədər alver edibsə, hamısı kassadan keçir və ona uyğun olaraq da vergisini verir, elədirsə, nəyə görə spirtli içkiyə görə əlavə vergi verməlidirlər? Özü də görün o vergi o dərəcədədir ki, bir sıra market sahibləri spirtli içki satmaqdan bilmərrə imtina edirlər.
Dünən bu xüsusda sosial şəbəkədə bir-iki cümlə yazdım və ona yazılan şərhlər məni, türkün sözü,heyrətlərə düşürdü.
Heç demə, bir müddət əvvəl Vergilər Nazirliyində vergi qanunvericiliyinə edilən dəyişikliklərlə bağlı mətbuat konfransı keçirilib və o konfransda vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, içki içib uğur qazanan adam hələ görməyib. Nazir müavini elə beləcə də deyib: “Biz zərərli olan məsələlərin həlli üçün bir yerdən başlamalıyıq. Bu gün bəzi yerlərdə, hətta müqəddəs yerlərin ətrafında spirtli içki satılır”.
Əstəğfürullah, elə şeymi olar? Sonradan yadıma düşdü ki, bəli, o vaxt Əmirov belə bir söz demişdi, amma məhz onun sözündən sonra ölkədəkə marketlərdə alkoqolizmə qarşı mübarizə başladığını güman etmək çətin idi.
Belə çıxır ki, cənab nazir müavini mətbuat konfransında açıqlama verməklə yetinməyib, “bir yerlərdən başlayaraq”, tabeçiliyində olanlara ölkədə spirtli içki satışını mıhdudlaşdırmaq göstərişi verib. Bəlkə də heç elə şey olmayıb, amma belə çıxır. Satıcılar da belə deyir: “Spirtnoy satanda vergi bizi sıxır”.
Hələ adamın yadına cari ilin əvvəlində spirtli içkilərin kartla satılması haqq-hesabı düşür. O ideya 2-3 günün içində iflasa uğradı, amma hələ də bilinmir ki, o kimin başının altından çıxmışdı.
Dini tolerantlıqdan çox danışırıq, amma belə görünür ki, ölkədə yavaş-yavaş şəriət rejimi qurmaq istəyənlər var.