Əvvəllər çoxları “Nə olacaq bu Suriyanın halı” deyərdilər. Hamı söhbət xatirinə maraqlanırdı. İndi ritorika dəyişib, insanların əndişəsi artıb və onlar Suriyanı nəzərdə tutaraq, “Nə olacaq dünyanın halı” deyə soruşurlar.
Çünki bu ölkə hazırda dünyanın əsas sinir yumağına çevrilib. Hamı fərqindədir ki, yer üzünün taleyi bu regionda həll olunur. Müharibənin alovlanması onsuz da qaramat günə qalmış dünyanın halını daha da bərbad edə bilər.
Ötən əsrin ikinci yarısından sonuna qədər davam edən “soyuq müharibə”, eləcə də ABŞ-la Rusiya arasındakı əzəli düşmənçilik, “kim kimi” məsələsinin həlli yenidən aktuallaşıb və münasibətləri ayırdetmə yeri Suriyadır.
Suriyada və onun ətrafında gedən prosesləri hələ keçən ildən “III dünya müharibəsi” hesab edənlər vardı və onlar indi daha artıq dərəcədə haqlı görünürlər. Əməlli-başlı dünya müharibəsi başlayıb.
Bu müharibəyə bu və ya digər şəkildə qatılan dövlətilərin siyahısına baxaq: ABŞ, Rusiya, Türkiyə, İraq, İran, Səudiyyə Ərəbistanı, Qətər. Hələ NATO da artıq müharibənin içindədir. Hər kəsin əli tətikdədir.
Suriyadan qaçqın düşənlər bütün Avropaya səpələniblər, Kanadaya qədər dağılıblar. Onlar istər-istəməz daxil olduqları ölkələrin, demək olar ki, hamısının daxili durumunu gərginləşdirirlər.
Bu səbəbdən Avropa Suriya müharibəsinin fəsadlı nəticələrini öz canında hiss edir, heç cür bitərəf qala bilmir.
Ancaq belə görünür ki, müharibənin ən qanlı mərhələsi hələ indi-indi yaxınlaşır.
Bu vaxta qədər bu ölkədə 500 minə yaxın insan öldürülüb, bundan sonra da nə qədər adamın öldürüləcəyini təxmin etmək belə çətindir. Bir neçə milyon insan ölkəni tərk edib, kütləvi köçün davam edəcəyi gözlənilir.
Aktiv hərbi əməliyyatlar gedən, hər gün bambalanan şəhər və qəsəbələrdə bir salamat bina qalmayıb. Ölkə başdan-başa dağıntıların içindədir və sözün birbaşa mənasında xaraba qalıb.
İndi İsrail xaraba qalmış Suriyanın bölünməsi təklifi ilə çıxış edir, ancaq bu, indilikdə baş tutacaq plan deyil. Müharibəyə qarışan dövlətlərin bu fikrə gəlməsi üçün qarşı duran tərəflər bir-birilə daha bərk toqquşmalıdır, hər tərəfdən yüz minlərlə itki verilməlidir, ölkə tamamilə darmadağın olmalıdır ki, axırda yandırılmış, yağmalanmış torpaq üzərində sülh danışıqları başlasın.
Böyük müharibələrin qaydası budur: tərəflər heç vaxt ziyanın yarısından qayıtmırlar. Xüsusilə də çox dövlətin qarışdığı müharibələr daha tələfatlı, daha dağıdıcı və daha faciəvi olur.
İndi də elə olacaq. Rusiya və İrandan maddi-hərbi-siyasi dəstək alan Əsəd qüvvələri iki il əvvəlki ilə müqayisədə düşmənlərinə qarşı daha böyük dirəniş göstərir, hətta artıq hücum mövqeyindən çıxış edirlər. Rəsmi Dəməşq Hələbi geri almaqdan bəhs edir, Türkiyə isə bu şəhərin müdafiə olunmasını vacib sayır. O tərəfdə kürdlər, türkmənlər İŞİD-ə və Əsəd qüvvələrinə qarşı döyüşürlər. Hamı da sonra qədər döyüşmək əzmindədir.
Suriya bölünəcəksə, demək, İŞİD-ə də böyük ərazilər düşəcək. Belə bir dövlətin mövcudluğu olan regionda heç vaxt sülh ola bilməz. Bu, terrorçuların qurduğu ilk dövlət olaraq tarixə düşər, presedent yaranar.
Hazırda ən azı 5 yerə parçalanmış Suriyanın yerində neçə dövlətin qurulacağı da müəmmalıdır. O da bilinmir ki, yeni dövlətlər məzhəb əlaməti üzrə formalaşacaq, yoxsa milli mənsubiyyət üzrə. Hər şey qarışıqdır.
Suriyanın başına gələn bu vaqiə ölkənin uzun illərdən bəri ata-oğul despotlar tərəfindən idarə olunmasının, ölkənin istibdad yuvası olmasının nəticəsidir. Çoxmillətliliyin, çoxməzhəbliliyin olduğu ölkə demokratik üsullarla idarə olunmayanda olacağı budur.
Bir neçə millətin hegemon olduğu Belçika da zaman-zaman bölünmə təhlükəsi yaşayır, ancaq heç kəs silaha əl atmır, problemi parlamentdə müzakirəyə çıxarır, referenduma götürür, axırda belə bir qərara gəlirlər ki, hələlik birlikdə yaşasalar, yaxşıdır.
İstənilən konflikti silahla, zorla həll etmək bizim coğrafiyanın, şərqin təməl vərdişidir. Buralarda başqa yol bilmirlər.
Bu xaraba qalmış ölkə sanki qan püskürən bir vulkandır və onun lavası yavaş-yavaş bütün dünyaya yayılır.