Havalar isindikcə Türkiyə mediasında turizm sektoruna aid xəbərlər çoxalır. Biri yazır ki, hər il ölkəyə axışıb gələn 4,5 milyon rus turistlər bu il gəlməyəcək, sektorumuz batacaq.
O biri yazır ki, 4,5 milyondan rus turistdən ən azı 3 milyonu üçüncü ölkələrdən keçməklə olsa da, gələcək.
Başqa bir sayt yazır ki, rus turistlərin yerini doldurmaq üçün hökumət Çili və Perudan turist cəlb etməyi düşünür
(Aydıralım ki, Çilinin özünün 2-3 min kilometrlik okean sahili var, amma Türkiyədə yay olanda onlarda qış olur, ona görə də, prinsipcə, soyuğu sevməyən, günəşi, dənizi sevən çilililər Ağ dəniz və Egey sahilinə gələ bilər).
Başqa bir qəzet yazır ki, eybi yox, ruslar gəlmir, gəlməsin, onların yerini ərəblər tutacaq.
Daha “tutcaqlar” niyə, çoxdan tutublar. Türkiyənin cənub sahilləri boyunca yüz minlərlə suriyalı və iraqlı səpələnib. Sadəcə, onlar turist deyillər, rezin və taxta qayıqlara doluşub Avropaya keçmək istəyən miqrantlardır. Ancaq bu qaçqınların Türkiyənin dövlət büdcəsinə qara quruşluq faydaları yoxdur, əksinə, son 4 ildə Türkiyəni 10 milyard avro ziyana salıblar.
Üstəlik, ərəblərin səbəb olduğu III dünya müharibəsinə görə Rusiya ilə Türkiyənin arasından qara uçaq keçib, bu səbəbdən də rus turistlərin Türkiyəyə yolu maneələrlə dolu hala gəlib.
Hazırda qardaş ölkənin aparıcı media qurumları bu mövzuda yazır, hamısı da öz müvafiq yazısını çimərlik geyimində dəniz sahilində uzanmış gənc və gözəl qadın şəklinin müşayiəti ilə verir. Sanki “rus turistlər” yalnız gənc və gözəl qadınlardan ibarətdir. Hərçənd bilənlər bilir ki, hər il Rusiyadan Türkiyəyə gedən 4.5 milyon turistin minimum 2 milyonu təqaüd yaşının altında və üstündə olan insanlardır.
Bəli, müasir dünyada turizm böyük qazanc mənbəyidir. Hesab edin ki, qardaş ölkənin Antalya, Bodrum, Kuşadası kimi turistik rayonlarının hər birində “Günəşli”, “Şahdəniz” kimi neft-qaz yataqları var. Özü də bu tükənməz sərvətdir, ildən-ilə hasilatı artır. İntəhası, gərək, qızıl yumurtlayan toyuğu tutub kəsməyəsən, 4,5 milyon turistin xətrinə, türkün sözü, “sınır ihlalı yapan uçağı” vurmayasan. Söz yox, “devlet haysiyyatı” deyilən bir şey də var, ona görə sinirləndinsə və sınırı keçən quşu vurdunsa, Bodrumda otellərin bedrumu boş qalır, quşlar da uçub Yunanıstana-filana gedir.
Belə qayğıların bizə dəxli yoxdur. Yeri gəlsə, turist kimdir ki? Turist qələt eləyir.
Tursitlərlə necə davranmağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən öyrənməliyik.
O gün cənab nazir ailəsi ilə birlikdə Qusardakı “Şahdağ” turizm kompleksində istirahət etməyə gedib və həm yerli, həm də xarici turistlərə öz hədlərini göstərib.
Saytlar yazır ki, cənab nazir kompleksdə olarkən restoranı bağlatdırıb və xeyli turist nahar zamanı acı-acına oturub gözləyiblər ki, nazir gündəlik rasion üzrə qida qəbulu prosedurunu yekunlaşdırsın. Camaat gözləyib, nazir nuş edib. Böylə olmalıdır. Şair belə yerdə deyir: “Həyat tərzi budur Qarayevlərin”.
Əlbəttə, beş-altı (lap olsun 50-60) turistin iki-üç saat ac qalmasından bir şey çıxmaz, əsas odur ki, nazir narazı qalmasın. Nə də olmasa, adam turizm sektorunun böyüyüdür, istəsə oteli və restoranı 1-2 saatlığa yox, birdəfəlik bağlatdırar. Amma o, bunu eləməz. Çünki…. şair o vaxt çox düz yazmışdı:
“Qardaş, bir an qalma yaxşılığından,
Onsuz da əlindən yaman iş gəlmir!…”
İndi gözü götürməyən saytlar yazır ki, “yalnız nazir və ailəsi restoranı tərk etdikdən sonra ”qara camaat”a yemək verilib”.
Stop! “Qara camaat” hara, qış kurortu hara? Belə görünür ki, əgər devalvasiyanın bu vədəsində adam atılıb “Şahdağ”a istirahətə gedibsə, o qədər də “qara” deyil, sadəcə, Qarayevlərlə müqayisədə “qaraşın”dır. “Qara camaat” ona deyərlər ki, nəinki Şahdağın yolunu bilmir, hətta burdan-bura ömründə bir dəfə imkan eləyib Xəzərə girməyib, eyzən dolanışıq hayındadır.
Bax, biz turizm sektorumuzu bu cür inkişaf etdirəcəyik. Sabah başqa bir nazir, biri gün komitə sədri, ertəsi gün xidmət rəisi “Şahdağ”a getsə, restoranı yenə bağlayacaqlar. Belə-belə bir də görəcəyik ki, “Şahdağ” Krımdakı “Artek” düşərgəsinə dönüb – nə gələn var, nə gedən.