Prezidenti Münhendə ölkəmizdəki durumla bağlı açıq danışdı. Hətta bir çox məmurların da ört-basdır etməyə çalışdığı vəziyyəti real olaraq diqqətə çatdırdı. Cavabında ondan ölkənin niyə qeyri-neft dövrünə hazırlıq görülmədiyini soruşdular.
Əslində gözlənilən sual idi və ölkənin birinci şəxsini belə bir çətin situasiya ilə üz-üzə qoyduğuna görə ən azı bir-iki nazir, ya komitə sədri utanıb istefa verməliydi. Çünki prezident məmurlara etibar etmişdi, hər kvartalda keçirilən müşavirələrdə təqdim olunan rəqəmlərə inanmışdı. Onlar deyirdilər ki, Azərbaycanın sərvətləri tükənməzdir, qeyri-neft sektoru inkişaf edib, ÜDM-in səviyyəsinə görə dünyada öncül yerdəyik və s. Ölkə başçısı da bütün bu statistikaya arxayın olub siyasətini qururdu. İndi isə sualları onlar yox, prezident cavablandırmalı olur…
Milli Məclisin sədri Oqtay Əsədov parlamentin son iclasında diqqəti cəlb edən bir fikir söylədi. Sual etdi ki, bələdiyyələrin vəziyyətini başa düşdük, bəs, bələdiyyələrin güclənməsi, ayaqda qalması üçün biz parlament olaraq nə etmişik? Maraqlı etiraf idi. Həm də bu etiraf təkcə bələdiyyələrlə bağlı vəziyyətə aid deyil. Hökumət hər il parlamentə iki-üç dəfə gəlirmi? Noyabrda – dövlət büdcəsinin müzakirəsinə, martda – hesabata və may-iyun aylarında – büdcəyə əlavələr edilməsi zamanı. Normalda Nazirlər Kabinetinin üzvləri ali qanunverici orqanda özlərini kifayət qədər narahat hiss etməli idilər. Amma arxayın gəlib-gediblər, biliblər ki, sözlərinin qarşısına kimsə söz demir. Parlamentin müvafiq komitəsi hökumətin müdafiəçisi statusunda çıxış etməməlidir, daha çox nöqsanlara işıq salmalıdır. Belə olsa, nöqsanlar vaxtında aradan qaldırılar, üst-üstə yığılmazdı…
Milli Məclisin axırıncı iclasında müzakirəyə təqdim edilən qanunlardan biri – “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” layihə etirazla qarşılandı. Bəzi deputatlar dedilər ki, qanun inhisarın çiçəklənməsinə səbəb olacaq. Ancaq Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə tənqidlərin qarşılığında dedi ki, prezident tərəfindən göndərildiyi üçün qanuna hansısa əlavələr etməyə ixtiyarımız yoxdur. Kifayət qədər dəlil-sübutla, məntiqlə layihə geri qaytarılsa, məncə, prezident bunu yalnız təqdir edərdi. Əgər müzakirələrdən sonra ortaya qoyulan mükəmməl qanun ölkənin inkişafına xidmət edirsə, dövlətin ağırlığını daşıyan prezident nədən bunu etirazla qarşılasın ki? Əksinə, belə nümunələr onu yalnız məmnun edərdi.
Yanvarda prezidentin tapşırığı ilə parlamentin fövqəladə iclası çağırıldı və qanun layihələri yüksək qiymətləndirilərək qəbul edildi. Sonra nə baş verdi? Bu günlərdə prezident deputatların ötən ay qəbul etdiyi “Valyuta tənzimi haqqında” qanunu imzalamayıb parlamentə qaytardı. Səbəbi… sahibkarların çoxsaylı müraciətləri imiş. Əslində deputatlar elə sahibkarların da marağını nəzərə alıb bu düzəlişi özləri təklif etməli idilər. Olsaydı, bu, parlamentin də aktivinə yazılardı.
Təsəvvür edin, həmin qanun 50 min dollardan artıq vəsaitin ölkədən çıxarılması zamanı 20 faizlik verginin tətbiqini nəzərdə tuturdu. Bir tərəfdən deyirlər sahibkarlara yardım etmək lazımdır, digər tərəfdən də şərtləri ağırlaşdırırlar. Təbii ki, belə bir qanun geri qaytarılmalı idi. Prezidentin gərgin qrafiki ona imkan vermir ki, bütün qanunları detallarına qədər oxusun, analiz etsin, bəs, iqtisadi komanda hara baxır? Bundan əvvəl də bənzər hal olmuşdu, gömrüklə bağlı fərmanın icrası təxirə salınmışdı. Ancaq niyə belə mübahisəli layihələr parlamentdən keçir, məsələ budur.
İradlardan nəhayət, nəticə çıxarmaq lazımdır. Özü də hansı düşərgədən səslənməsinə fərq qoymadan, süngü ilə qarşılamadan. Çünki bu vəziyyət hər birimizin həyatında izlər buraxıb, demək vəziyyətdən xilas olmaq hər birimiz üçün vacibdir… Bəlkə də 2007-ci ildə hökumətin hesabatına “nağıl” dediyi üçün Hüseyn Abdullayev həbs olunmasaydı, həmçinin Pənah Hüseyn, İqbal Ağazadə və digərlərinin tənqidlərinə səbirlə yanaşılsaydı, səslənən təkliflər nəzərə alınsaydı, parlament hökumətin müdafiəçisi statusunda çıxış etməsəydi, bu gün vəziyyət ayrı cür olardı… İndi Zahid Oruc, Musa Quliyev… hökuməti təndiq edir, barı onları eşidin!
Yoxsa “23 yaşlı gənc həyat yoldaşının gözü qarşısında özünü yandırdı”, “banka borclu gənc özünü asdı”, “əlacsız ana öz uşağını küçədə atıb getdi” kimi xəbərlərin ardı-arası kəsilməyəcək…