Загрузка...

huseynbalamirelemovaaa

Akademik Milli Dram Teatrında millət vəkili Hüseynbala Mirələmovun “Mərhumun mesajı” adlı əsərinin oynanılmasına qadağa qoyulub.

Teatrdan AzNews.az-a daxil olan məlumata görə, buna səbəb teatrın direktoru və bədii rəhbəri Azər Paşa Nemətovun tamaşadan razı qalmaması olub.

Məlumata görə, “Mərhumun mesajı” adlı əsər teatrın səhnəsində bir ilə yaxın məşq prosesi keçib. Azər Paşa Nemətov teatra təyinat alandan sonra tamaşadakı qüsurlarla bağlı quruluşçu rejissor Oruc Qurbanova dəfələrlə xəbərdarlıq edib. Bildirib ki, Akademik teatrda qoyulan tamaşalar akademik tələblərə cavab verməlidir, “Mərhumun mesajı” isə bu tələblərdən kənardır. Xəbərdarlıqlar olmasına rəğmən, tamaşanın quruluşundakı nöqsanlar aradan qaldırılmayıb. Beləliklə, bir il məşq prosesi keçən tamaşa bir dəfə də olsun səhnədə nümayiş olunmayıb.

Məlumata görə, əsərin müəllifi H.Mirələmov özü də tamaşanın məşq prosesində iştirak edib və o, özü də tamaşanın quruluşundan razı qalmayıb və müəllifi olduğu tamaşanı tanımadığını dilə gətirib.

Qeyd edək ki, “Mərhumun mesajı” adlı tamaşada Xalq artisti Bəsti Cəfərova, Əli Nur, Sabir Mmmədov və s. kimi aktyorlar rol alıb.

Məsələ ilə bağlı teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı ilə əlaqə saxladıq. O, teatrın yaradıcı iş olduğunu və bu əsnada tamaşaya əlavə və düzəlişlərin edilməsini normal iş prosesi adlandırıb: “Sözügedən tamaşanın dayandırılması, ləğv olunması ilə bağlı məndə məlumat yoxdur. Teatrın yaradıcı prosesində tamaşaya düzəlişlər, əlavələr olur və bu, normal iş prosesidir. Bu işlər bir ay da vaxt ala bilər, bir həftə də. Əsas odur ki, tamaşaçını razı salacaq iş ortalığa çıxsın”.