Qəşəng videodur, operator işinə söz yoxdur. Hiss olunur ki, təbliğat-təşviqat məqsədilə çəkilib, hazırlanıb. Məqsəd Türkmənistan həqiqətlərini dünyaya çıxarmaq, türkmənlərin öz müdrik rəhbərlərini necə sevdikləri hamıya göstərməkdir. Alınıb.
Deməli, videodan görünür ki, ali sarayın ən möhtəşəm zalıdır. Qucaqlarında eyni cür süslənmiş böyük gül-çiçək çələngi tutmuş şıq kostyumlu məmurlar boyda-boyda dayanıblar və prezident Qurbanqulu Berdımühəmmədov içəri girir, onları salamlayır. Ardınca hərəkətlənmə başlayır. Məmurlar sıralarını və ara məsafəsini qoruyaraq, bir-birinin ardınca ona yaxınlaşır, təzim edir, gedirlər.
“Təzim edir” deyəndə elə çıxa bilər ki, məmurlar prezidentin qarşısında yüngülcə baş əyirlər. Xeyr. Baş əymək öz yerində, amma məmurlar dizlərini də bükürlər – eləsi var hər ikisini eyni cür bükür, eləsi də var ki, sağ dizini daha çox əyir. Bel də ki, əvvəlcədən bükülmüş halda olur. Yəni təzim nöqtəsinə təxminən 3 metr (bəlkə də üç metr yarım) qalmış onurğa sütunu şaxlığını itirir və adam o böyük rəhbərə o şəkildə yanaşır. Boyunun qısılması da, görünür, şərtdir, hamısı qısır.
Sifətdən söz gedirsə, əlbəttə, prezidentə donuq, peyin kürəkeşi kimi ifadəsiz sifətlə yanaşmaq olmaz, gülümsər çöhrə mütləqdir. Amma bunun da incəlikləri var, bu təbəssüm irişmə sərhədlərinə keçməməlidir, dişlər görünməməlidir, üstəlik, dövlət başçısına tuşlanmış təbəssüm gözlərdə də inikas olunmalıdır. Həm də səmimi şəkildə. Yoxsa, vallahi, yeni Türkmənbaşı özü həkim adamdır, insan sərrafıdır, duysa ki, ona təzim edən məmurun gülümsəməsində qeyri-səmimilik var, adamı işdən çıxarıb Marı (keçmiş Mərv) tərəflərdə qoyun otarmağa göndərər.
Təzim edənlərin içində eləsi olur ki, başı az qala Berdimühəmmədovun toqqaçəkilən nahiyəsinə qədər enir. Balacaboy adam idi, ona görə. Əslində o adam gərək özünün və prezidentin boy proporsiyasını düzgün ölçəydi və bu duruma düşməməli idi.
Eləsi də var, sanarsan, bu saat əyilib prezidentin əlini öpəcək. Yeri gəlmişkən, Qurbanqulu çox modern rəhbərlərdəndir ki, hələ əl öpdürməyi protokola saldırmayıb. Belə götürəndə bu, artıq texniki iş halına gəlib. Onun bircə eyhamı kifayətdir ki, ilk yaxınlaşan məmur Türkmənbaşının əlini öpsün, ondan sonra gələnlər xroniki marçmarç salacaqlar. Görünür, Qurbanqulu doxdur bu vacib hörmət-izzət ritualını sırf gigiyenaya riayət baxımından tətbiq etmir. Hər ağızda 1 milyon mikrob var, nəyə lazımdır ki, gəlib onun əlini mikroblasınlar. Hərçənd o, bu işi sağ əlinə rezin əlcək (lateks) geyərək də etdirə bilər. Heç kəs etiraz etməz, tökülüşüb öpəcəklər.
Deyilənə görə, bir ara türkmən məmurlar Türkmənbaşının abidəsi önünə də beləcə gedirmişlər, abidəyə çatıb baş əyirmişlər, pis çıxmasın, dombalan dombalana söykənirmiş. Amma sonradan Berdimühəmmədov bu ritualı ləğv etdirib, deyib, ölkədə pərəstiş, sitayiş yeri yek olsa yaxşıdır.
İndi camaat bu videokadrlara baxıb türkmən məmurlara lağ edir, Türkmənistanla Şimali Koreyanın qüsurlu müqayisəsini aparırlar. Hərçənd arada fərq böyükdür. Şimali Koreyada məmurlar gənc və perspektivli rəhbər Kim Çen Inı görəndə sevgidən ağlaşırlarsa, Türkmənistanda məmurlar Berdımühəmmədovu görəndə gülümsəyirlər. Görünür, Kim Çenın xarizması daha böyükdür, görünüşü daha çox riqqət doğurur. Ancaq ümid etmək olar ki, yavaş-yavaş qardaş türkmənlər rəhbərə öz sevgilərini daha duyğulu şəkildə ifadə edəcəklər. Dünya ağzını ayırıb Asiyaya baxır.
Allah tərəfi, bizim də məmurlar təzim məsələsində qanacaqlıdırlar, rəhbərlə görüşəndə üzlərindən, gözlərindən təbəssüm əskik olmur, hətta boyun fəqərələrində, onurğa sütunlarında yüngülcə və müvəqqəti deformasiyalar da olur, ancaq bizimkilər qardaş türkmənlər kimi eləmirlər.
Görünür, o video təcili olaraq link şəklində nazirliklərə, komitələrə, dövlət şirkəti və konsernlərinə göndərilməlidir ki, məmurlarımız baxsınlar, örnək götürsünlər.
Ya da bir sıra protokol qaydalarını Avropa ölkələrindən əxz eləmək lazımdır və qucağa çələng alıb diz bükməyə-filana ehtiyac yoxdur.
Hər halda yenə şükür edək o gözəgörünməzə ki, dünyaya belə videolarla çıxmırıq.