Bugünkü gün kimi yadımdadır: 1987-ci ilin yaz ağzıydı, biz SSRİ vətəndaşıydıq, Azərbaycanda sovet hökumətinin qurulmasının 67-ci ildönümü olacaqdı və bu məqsədlə televiziyada, qəzet və jurnallarda təbliğat-təşviqat işləri aparılırdı.
AzTV bu təbliğat işləri çərçivəsində “Şərqin səhəri” televiziya tamaşasını 68-ci dəfə göstərirdi. Orda belə bir epizod vardı ki, hər şeyi əlindən çıxmış kapitalist bəy, indiki dildə desək, xaricə mühacirət etməzdən öncə üzünü telekameralara tutub Bakını hədələyir, deyir, bir gün sənə qayıdacam, Bakı, onda gününü görəcəksən.
Adam tamaşaya, o epizoda baxır və üşənirdi ki, Allah eləməsin bu bəy geri qayıtsın, vallahi, bu, adamı əsir-yesir eləyər.
Bəli, kommunistlərin qələbəsindən 67-70 il keçmişdi, sovet hökumətinə qarşı olanların hamısı dünyadan köçmüşdülər, amma sovet-kommunist iqtidarı hələ də ağqvardiyaçılardan, müsavatçılardan əl çəkməmişdi: onları pisləyən filmlər çəkirdilər, pyeslər tamaşaya qoyurdular, romanlar yazırdılar, monoqrafiyalar dərc etdirirdilər. Sovet İttifaqı (nədənsə dağılandan sonra dönüb Sovetlər Birliyi oldu) süqut etməsəydi və 150 il də yaşasaydı, əmin olun ki, o təbliğat işləri eyni cür davam edəcəkdi.
Hazırda YAP-çılar o kursa sadiqdirlər. AXC-Müsavat iqtidarının hakimiyyətə gəlməsindən 24, hakimiyyətdən getməsindən 23 il keçir, o vaxt hələ dünyaya gözünü açmamış, qiyamdan sonra doğulmuş gənclər artıq özləri övlad sahibidirlər, amma “gəlmişdiniz də, gördük”, “sizin vaxtınızda evdən çölə çıxa bilmirdik” ritorikası davam edir. Bəzən bunu elə adamlara deyirlər ki, 1993-cü ildə onlar da evdən çölə çıxa bilmirdilər – körpə olduqları üçün.
O gün bu cür düşük siyasi intriqaya qoşulan bir nəfər cibindən iki telefon çıxarıb deyib ki, bax, indi mənim iki telefonum var, amma Elçibəyin vaxtında camaatda bir telefon da yox idi.
Baxırsan ki, adam haqlıdır. Doğrudan da Elçibəyin vaxtında heç Elçibəyin özünün də mobil telefonu yox idi, olsa-olsa mühafizəçilərində ratsiya var idi. Təkcə Elçibəy deyildi, heç o zamanlar ABŞ prezidenti olan Bill Klintonun da mobil telefonu yox idi və o, Boris Yeltsinə naqilli telefonla zəng edirdi, çünki Yeltsinin də “Ayfon”u, “Samsunq”u yox idi.
Adam oturub fikirləşir, deyir, ey dadi-bidad, doğrudan da nə pis hökumətmiş o AXC-Müsavat iqtidarı. İnterneti yox, “Feysbuk”u yox, “İnstaqram”ı yox, “Votsap”ı yox, “Skayp”ı yox… Əlbəttə, elə hökumət devrilməliydi. Heç olmasa, “Şərqin səhəri” kimi bir pyes də tamaşaya qoymurdular ki, camaat baxa, başı qarışa.
Amma indi maşallah, camaatın iki telefonu var. İki telefon nədir ki… İyirmi villası, on iki maşını olanlar var, a kişi. Sən Elçibəyin vaxtında “Hammer” ala bilərdin? Cəbhəçilər o “Hammer”in ya özünü tutub ZTR yerinə cəbhə xəttinə göndərərdilər, ya da deyərdilər, davay, bunu sat, pulunu göndərək özünümüdafiə batalyonlarına, könüllülər siqaret alıb çəksinlər. O vaxt elə bir özbaşınalıq, xaos vardı, 5 manat pulu olan oliqarx sayılırdı və gərək döyüşənlərə kömək edəydi.
Çox pis dövr idi, camaat dincəlmək üçün Malyorkaya, Maldiv adalarına gedə bilmirdi. Heç burdan-bura Novxanıya, dənizə gedib batan da yox idi.
Bakının ətrafı çöllü-biyaban idi. Amma indi onlarla adsız qəsəbə, yaşayış məntəqəsi var. Urbanizasiya prosesi nə təhər sürətlə getdisə, respublikanın yarısı artıq bakılıdır.
Elçibəyin vaxtında xaricdə diasporamız vardı? Yox idi. Hamısı ondan sonra oldu. Bu saat Avropanın hansı şəhərinə gedirsən, küçədə ana dilimizdə danışıq eşidirsən, bizimkilərdir, qoca Şərqin qapısından qaçıb gedib mənfur Qərbin qapısına sığınıblar.
Getsin o günlər, gəlməsin. (Düzdür, getmiş günlərin yenidən gəlməsinə dair elmə heç bir fakt məlum deyil, amma yenə də).
Bir dəfə mənim yanımda bir nəfər Elçibəy iqtidarının məmuruna dirəşdi, dedi, sizin vaxtınızda da pul yığanlar vardı. O da səmimi adam idi, bir az duruxdu, sonra dedi ki, ola bilər, bizim vaxtımızda da pul yığanlar olub, amma and içərəm ki, onların yığdığı pul toyda yerə atılan şabaşları ayaq altından dənləyən uşaqların yığdığı puldan artıq olmayıb.
İndi başqa zamandır, camaatın iki telefonu var…
P.S. Biz o günü görməyəcəyik, amma 2063-cü ildə müxalifətçilərə deyəcəklər: “93-də gəlmişdiniz də, gördük”..