pehriz

Yay ayları yaxınlaşdıqca daha çox qadınlar arıqlamaqla bağlı təşvişə düşürlər. Müxtəlif pəhrizlərə əl atırlar, idmanla məşğul olurlar və s.

Bəs niyə bu qədər cəhdlərə baxmayaraq qadınlar kişilərə nisbətən daha çətin arıqlayır?

AzNews.az xəbər verir ki, bununla bağlı alimlər araşdırma aparıblar. Məlum olub ki, iştah, fiziki aktivlik və enerji israfına ayrı-ayrı hormonlar cavabdehdirlər. Lakin qadınlar və kişilərdə bu hormonlar müxtəlif cür işləyir.

Alimlər hesab edir ki, qadınların daha çətin arıqlamasının səbəbi də budur. Qida davranışında dəyişiklikləri həyata keçirən hormon kişilərdə fiziki aktivliyin və enerji istehlakının artmasına xidmət edir. Qadınlarda isə sözügedən hormon bu funksiyaları yerinə yetirmir. Aberdin, Kembric və Miçiqan universitetindən olan alimlərin beynəlxalq qrupları hesab edir ki, məhz buna görə qadınlar üçün pəhriz və məşqlər daha az effektli olur.

Siçanlar üzərində aparılan təcrübələr zamanı qida üzrə mütəxəssislər piylənmədən əziyyət çəkən erkəkləri müalicə edə bilsələr də, dişilərə kömək edə bilməyiblər. Alimlər sübut ediblər ki, çəkinin aşağı salınması üçün nəzərdə tutulan dərman preparatları qadın və kişilərdə müxtəlif cür fəaliyyət göstərir. Tətqiqatçılar gəmiricilərdə artıq çəkinin itirilməsinə səbəb olan mürəkkəb maddənin – “prohormones proopiomelanocortin”in istehsalına təkan veriblər. Məlum olub ki, sözügedən prohormonun qadın beyninə təsiri yalnız iştahın tənzimlənməsilə məhdudlaşır. Kişilərdəki kimi fiziki aktivliyin dəyişilməsi və enerji istehlakının artmasına isə xidmət etmir.

Tədqiqatın rəhbəri, professor Lora Heyler Ümumdünya Səhiyyə Təşkilatının dünyada piylənmədən əziyyət çəkən qadınların kişilərə nisbətən çoxluq təşkil etməsi barədə hesabatını xatırladıb. O hesab edir ki, bu proses məhz onun və həmkarlarının əldə etdiyi məlumatlarla bağlıdır. Heylerin sözlərinə görə, bu gün Böyük Briyaniya əhalisinin yarısı artıq çəkidən əziyyət çəkir və hər dördüncü sakində piylənməyə gedir. Artıq çəkiylə mübarizəyə ölkə hər il 5 milyon funt sterlinq (11480500 AZN) xərcləyir. Növbəti 36 il ərzində bu rəqəmin 10 dəfə artacağı ehtimal olunur.