Müşahidəçilər çörəyin bərəkətinə and içirlər ki, Gəncədə bu cür insan izdihamı axırıncı dəfə Aşura mərasimində yaşanıb, ondan sonra bu qədər insan heç vaxt bir yerə toplaşmayıb. Başqa sözlə, 1993-cü ilin iyununundan bəri gəncəlilər heç vaxt fevral 5-də olduğu kütləvi şəkildə həyəcanlanıb, bir araya gəlməyiblər.
Əslində anda-filana, kimisə israrla inandırmağa ehtiyac yox idi, Gəncədəki izdihamdan çəkilmiş videoları hamımız görmüşük. Kütləviliyə söz yoxdur. Özündən deyən müxalifət partiyası heç seçkiqabağı təbliğat kampaniyası zamanı da belə mitinq təşkil edə bilməzdi.
Ancaq təsəvvür edin ki, qısa müddət sonra etiraz aksiyasına çevrilən bu izdihamı şəhərin İcra Hakimiyyətiı və YAP-ın Gəncə təşkilatı təşkil edibmiş. Nə demək olar, maşallah, sosial bazaları varmış.
Bu izdihama səbəb o olub ki, camaat iş, çörək dalınca gəlibmiş. Çünki deyilənə görə, bəzilərinin evində and içməyə belə çörək yoxdur. İşsizlər ordusunun əsgərləri eşidiblər ki, bu tərəfdə iş təklif olunur, hücum çəkiblər hadisə yerinə.
Heç kim güman eləməzdi ki, Gəncə boyda şəhərdə bu qədər işsiz-gücsüz adam var və onlar o dərəcədə işsizdirlər ki, hətta əmək yarmarkasında təklif edilən işlərdə işləməyə hazırdırlar. Qanan adam üçün işsizlik böyük işgəncədir.
Məlumdur ki, əmək yarmarkalarında təklif olunan iş yerləri heç də vergi, gömrük kimi dövlət strukturlarında olmur, olsa-olsa, operator, sürücü, gözətçi, xadimə kimi iş yerləridir. Özü də bu iş yerlərinin sayı 750 civarında olub, amma iş üçün gələnlərin sayı 7 mindən artıq imiş.
Yox, elə çıxmasın ki, işsizlik yeni problemdir. Elə deyil. İşsizlik sovet vaxtında da vardı. Xüsusilə də onların sayı Amerikada ildən-ilə artırdı. SSRİ-də isə iş çox idi, sadəcə, adamın kəndində-kəsəyində, doğma şəhərində yox idi, uzaqlardaydı, məsələn, Sibir tərəflərdə.
Elə olurdu ki, ildə bir-iki dəfə gəncləri sarı rublla, ağ əndamla şirnikləndirirdilər, qatar-qatar yığıb aparırdılar Sibirə, Baykal-Amur Magistralı tikməyə, hüdudsuz Sibir çöllərinin, meşələrinin qoynunda neftçi şəhərcikləri salmağa.
Sovet hökuməti bu yolla işsizliyin qabağını xeyli alırdı. Orta məktəbi qurtaran, əsgərliyini çəkib gələn gənclər küçədə qalıb bekarçılıqdan it döymürdülər, varıb gedirdilər iş olan diyarlara, evlənib qalırdılar orda. (Düzdür, çoxu bir az yaşlaşandan sonra oralı arvadlarını boşayıb qayıdır və öz ellərindən milli arvad alıb gedirdilər).
O vaxtlar beləydi, israr göstərərək kənddə qalan, Rusiyaya getməyən gənclərə fərasətsiz adamlar kimi baxırdılar. Getməyənlərin hərəsinin bir səbəbi vardı, amma hara fırlasan da, məsələ gəlib fərasətə, əfəlliyə bağlanırdı. Rayon mərkəzinə getməyə qorxan adamlar Saxalinəmi gedəcəkdi?
O demək deyildi ki, yurdda qalanların hamısının burda işi-gücü vardı. Xeyr. İllərlə çayxanada oturub laqqırtı vurur, ağsaqqalların “a bala, niyə işləmirsən, niyə bir işin qulpundan yapışmırsan” iradına “ay əmi, iş var ki, işləyək” deyə trafaret cavablar verirdilər. Bəziləri (xüsusilə ali təhsili olanlar) də oturub gözləyirdilər ki, nə vaxt bir kabinetli, masalı, mənfəətli iş olacaq, bunlar da gedib sosialist əmlakının dağıdılması, mənimsənilməsi prosesinə qoşulacaqlar.
İndi gəncləri təşkil eləyib kütləvi şəkildə Rusiyaya aparan yoxdur. Gedənlər də öz xətləri ilə, xaloğlu, bibioğlu, əmioğlu və digər simsarların vasitəsilə gedirlər, həm də magistral tikməyə, mikrorayon salmağa getmirlər, əsas məqsədləri ticarət edib pul qazanmaqdır.
Bu üzdən rayonlarda, eləcə də Gəncə kimi şəhərdə gənclər yığılıb qalıb, işsizlər ordusu yaranıb. Halbuki bundan qabaqlar Gəncənin az qala hər evindən Rusiyada (Kalininqraddan Maqadana, Arxangelsdən Həştərxana qədər) gənclər vardı.
İndi elə çıxmasın ki, müəllif Gəncədəki işsizlərin sayını azaltmaq üçün onların Sibiriə, könüllü sürgünə göndərilməsini təklif edir. Xeyr. Əsla. Sadəcə, indi o gənclərə öz ölkələrində iş yeri düzəltmək lazımdır. Bundan ötrü də yeni-yeni istehsal müəssisələri yaradılmalıdır.
Yoxsa bu qədər gəncin işsiz qalması təhlükəlidir. Bu, ən yaxşı halda içi dolu “Kazbek” siqaretinin istehlakını artıra bilər.
P.S. Sovet dövründə belə bir meyxana vardı: “Gənclərə dərmandı Gəncə “Kazbek”i”.