“Analoqu olmayan ölkə” söhbətini zarafata salırdıq, ancaq hər gün bir daha əmin olursan ki, yapistlərin bu məşhur şüarında həqiqət əmsalı yetərincə yüksək imiş.
Örnək üçün, benzin, başqa avtomobil yanacaqları neftdən alınır, bu baxımdan onların qiyməti sivil dünyada neftin qiymətindən asılı olur. Neft ucuzlaşırsa, avtomatik benzin də ucuzlaşır və ya tərsinə. Ümumiyyətlə, istənilən məhsulun qiymətini əmələ gətirən komponentlər vardır, bunlardan istehsal xərclərini, daşınma xərclərini, vergiləri, tələb və təklifin nisbətini və sairəni sadalamaq olar. Söhbət maddi əşyadan gedirsə, burda ilk növbədə xammal xərcləri, benzindən söhbət gedəndə isə neftin dəyəri əsas olmalıdır.
Ancaq görün SOCAR (oxucumuz Vasif Həsənov bu şirkətin adını “SÖKapAR” şəklində yazmağı təklif edir, mən bu təklifə qarışa bilmərəm, vətəndaş bilər, hökumət bilər, mənə nə dəxli?) prezidenti Rövnəq Abdullayev iki gün qabaq Bakı Biznes Mərkəzində gənc neftçilərlə görüşərkən nə deyibdir. Sitat: “Azərbaycanda yanacağın qiymətinin neftin dünya bazarındakı qiyməti ilə heç bir əlaqəsi yoxdur”.
Əlaçı. Bərəkallah. Necə deyərlər, Allah yanında yatanlara rəhmət eləsin. Bunu deyin da bə! Yoxsa milləti qabaqlar aldadırdılar, benzin bahalaşanda deyirdilər dünya bazarında neft bahadır, neyləyə bilərik. Sanki bu zibilə qalmış maddəni biz xaricdən alıb gətiririk, öz altımızdan çıxmır. Həm də maraqlıdır ki, SOCAR-ın xaricdəki YDM-lərində benzinin qiyməti neftin dünya bazarı qiymətindən asılı olurdu, ölkəmizin daxilində isə soyğunçu vergilər üzündən baha çıxırdı.
Bəs bu benzinin qiyməti neftdən asılı deyilsə, nədən asılıdır? Təvazökarlıq olmasın, mən hələ keçən ilin sentyabrında “Yeni Müsavat”da çıxan “Benzin niyə bahadır” adlı yazımda Azərbaycanda benzinin qiymətini formalaşdıran amilləri sadalamışdım. Sitat: “Azərbaycanda YDM-də satılan 1 litr benzinin maya dəyərində yuxarıdakılardan başqa da komponentlər vardır. Bunlar aşağıdakılardır:
10 qəpik – sadə rüşvət;
15 qəpik – ümumi yaltaqlıq vergisi (yaltaqlara yardım üçün xüsusi fonda toplanır);
12 qəpik – polisin və prokurorun paket pulu fondu;
1 qəpik – Yazıçılar Birliyi və Anar müəllimin qəlyan pulu və sairə”.
İndi Rövnəq müəllimin sözünün qüvvəti, Azərbaycanda heç nəyin dünya ilə əlaqəsi, bağı yoxdur. Bunu dahi klassikimiz hələ 19-cu əsrin ortasında hiss eləmişdi və yazmışdı ki, əgər bizdə çox arvad almaq adətdirsə, Parijdə çox ər almaq adətdir.
Belə bir söz də var, deyərlər azacıq hamiləlik olmur. Yəni, hamiləsənsə, tam hamilə olursan, ya da olmursan. Bunu bazaar iqtisadiyyatına da aid eləmək olar, bazar iqtisadiyyatı ya tam olur, ya da heç olmur. Ya iş adamına tam azadlıq verirsən, rəqabət mühiti yaradırsan, qanunlar hökm sürür, ya da sahibkarı tutub boğursan. Bir az boğum, bir az işləsin – belə mümkün deyil. Tarix göstərib. Ancaq bu da bizim ölkədə keçərli qayda olmamışdır. Örnək üçün, iki gün qabaq dövlət Tarif Şurasının tənzimlədiyi qiymətlər sırasından nəqliyyatda sərnişin daşımanı çıxardı. Bunun sadə izahı belədir ki, ay camaat, hazırlaşın, avtobusun, metronun-zadın qiyməti qalxacaq, qiymətləri açıb buraxdılar, məsuliyyəti də üzərlərindən atdılar: “Neyləyək, biz qiyməti tənzimləyə bilmərik, artıq bu sahə azaddır, sahibkar bilər, sərnişin bilər” və sairə.
Lap əla. Qiymətlərin bazarda tənzimlənməsi əslində normal şeydir. Ancaq bu siyasət niyə yarımçıq olur? Necə olur ki, avtobusun daşıdığı adamın yol pulunu müəyyən eləməyi bazarın ixtiyarına buraxırsan, elə həmin avtobusun bakına tökdüyü benzinə isə özün və anormal yüksək qiymət qoyursan?
Manatın üzən məzənnəyə buraxılması anekdotu da təxminən bunun tayı idi: dolların guya bazar kursunu bankların ixtiyarına buraxdılar, ancaq sonra valyutadəyişmə məntəqələri ümumiyyətlə ləğv olundu. Bəs bu manat və dollar harda üzüb yarışsınlar? Hovuz yoxdursa.
Ancaq baş həkim söz verib, deyir özünüzü yaxşı aparsanız hovuza su da buraxacağam.