Mehriban Zeynalova: “Xəstəliklər barədə rəsmi açıqlamalar insanları rəsmi nikahdan çəkindirir”
Ailə Məcəlləsinə edilən dəyişikliklərdən sonra 2015-ci ilin iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçmələri məcburiləşdirilib.
Rəsmi məlumata görə, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq ötən il iyunun 1-dən bu günə kimi nikaha daxil olmaq istəyən 93 800 insan tibbi müayinədən keçib.
Müayinədən keçən şəxslərin 5 790 nəfərinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb. 55 nəfərdə İİV infeksiyası, 261 nəfərdə isə sifilis olduğu müəyyən edilib. Həm iqtisadi böhran, həm də sağlamlıq haqqında tələb edilən arayışın nəticələrilə əlaqədar nikaha daxil olanların sayında azalma müşahidə edilir.
Karyeranı ailəyə qurban verənlər artıb
“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban ZeynalovaModern.az saytına danışarkən rəsmi nikahların azalma səbəblərinə aydınlıq gətirib. O, prosesə 3 əsas səbəb göstərib:
“Nikahların sayının azalmasının 3 əsas səbəbi var: birincisi məşğulluq məsələləridir. Hazırda bir çox gənclər “karyera quracam” deyərək özünü tamamilə işə həsr edir, ailə ikinci plana keçir. Onları “evdə qalmış qızlar” kateqoriyasına da aid etmək olar.
Hansı ki, ailə qurmağa vaxtları yoxdur… Yaxud oğlanlar var ki, iqtisadi vəziyyətləri yaxşı olmadığına görə, daha çox işləyib, müstəqil olmaq istəyirlər. Evliliyin ləngiməsinin bir səbəbi də məhz budur.
3-cü kateqoriya isə qeyri-rəsmi nikahlardır. 3 il ərzində 27 min qanunsuz doğulan uşağın olduğunu nəzərə alsaq, bu amil rəsmi nikahların sayına təsirsiz ötüşməyib. Bu 3 meyara əsasən rəsmi nikahların azaldığını demək olar”.
İqtisadi böhran boşanmaları azaldacaq
M.Zeynalova hesab edir ki, iqtisadi böhran növbəti il üçün boşanmaların sayının azlamasına gətirib çıxara bilər:
“2015-ci il üçün boşanmaların sayı hamımızı dəhşətə gətirdi. Demək olar ki, rəsmi nikahların 25 faizi pozulub. Təşkilat olaraq bizə qeyri-rəsmi yaşayıb, uşaq dünyaya gətirən, sonra ayrılan cütlüklər tərəfindən də müraciətlər olur.
Əsasən də aliment almaq, atalıq faktorunun müəyyən olunması üçün. Bu da onu göstərir ki, qeyri-rəsmi nikahlarda da boşanmalar var. Amma biz bunu bilmirik. Rəsmi boşananların siyahısına 20 faiz də qeyri-rəsmi nikahların pozulmasını əlavə etsək, demək olar ki, ailə quranların 45 faizi boşanıb. Və rəsmiyyət olmadığına görə, qeyri-rəsmi ailə quranların problemi daha çox olur”.
Xəstəliklər barədəki açıqlamalar insanları rəsmi nikahdan çəkindirir
“Sağlamlıq haqqında arayışın verilməsi məsələsi yeni gündəmə gələndə ehtimal olunurdu ki, nikahların sayı azalacaq. Bizdə ictimai şüur o qədər formalaşmayıb. Ailəyə münasibət bizdə daha çox nəsilartırma, valideynlərin tələbi, hansısa emosiyalar çərçivəsində və s. baş verir.
Bizdə ailə qurulanda deyilmir ki, bu bütünlüklə mənim düşüncəmə uyğun adamdır. Biz sadəcə deyirik: “filankəsi sevirəm onunla evlənməliyəm”, vəssalam.
Evliliyin sonrakı müddəti üçün hazır proqramımız yoxdur, sadəcə emosiyalarla yaşayırıq. Yaxud hansısa tamah məqsədləri çərçivəsində ailə quranlar var. Çox az sayda insan ailənin mahiyyətini, onun müqəddəsliyini, gələcək uşaqlarının sağlamlığını, münasibətləri nəzərə alaraq nikaha daxil olur. Mən bir neçə ailə tanıyıram ki, gələcək ailələrinin sağlam təməl üzərində qurulması üçün heç rəsmi şəkildə sağlamlıq haqqında arayış tələb olunmazdan əvvəl çek-up müayinəsindən keçdikdən sonra nikaha daxil oldular”.
Qeyri-rəsmi nikahların sayı artır
M.Zeynalovanın fikrincə, nikahdan əvvəl həkimə getmək düşüncəsi bəzi hallarda rəsmi nikahın azalmasına, yaxud qanunsuz nikahların sayının azalmasına gətirib çıxaracaq: “Çünki, ailə quran şəxslər çox vaxt münasibətlərində şəffaf olmur. Bir çox hallarda xəstəlikləri, müəyyən problemləri bir-birindən gizlədirlər. Bu qapalılıq ilkin evlənmə dövründə aldatma, xəstə doğulan uşaqlar, uşaq ölümləri və s. kimi hallarla müşahidə edilirdi. Və hökuməti də bu qərarın icrasına sövq edən əsas səbəblər də məhz bunlar idi. Doğulan uşaqların əksəriyyətində əlillik müəyyən olunurdu. Məsələ burasındadır ki, tibbi arayışın vacibliyi, əhəmiyyəti tərəflər arasında məlumatlandırma aparılmır. Buna görə də əksəriyyət məhz bu səbəblərdən rəsmi nikahdan çəkinməyə başlayıb”.
VVAQ şöbələri “şirinlik” üçün çalışır
Birlik sədrinin fikrincə, nikah şöbələri vətəndaşları məlumatlandırmalıdır:
“Amma həmin şöbələrdə məsələyə çox bəsit yanaşılır. Ərizə qəbul olunur, bir ay vaxt verilir, bir aydan sonra nikah kəsilir. Nikah bağlanarkən “şirinlik almaq” kimi amillər böyük önəm daşıyır, nəinki insanları maarifləndirmək. Biz təklif edirdik ki, vətəndaş nikahı idarə və şöbələrində psixoloji və hüquqi yardımlar təklif edilsin və əhəmiyyəti nəzərə çatdırılsın. Həmdə təklif edirik ki, düşünmə üçün verilən1 ay müddəti uzadılsın. Çünki, elə xəstəliklər var ki, onlar 1 aydan çox müddət ərzində aşkarlana bilir. Bu baxımdan düşünmə dövrü 1 ay deyil, 3-4 ay olmalıdır.
Ola bilər ki, kimsə İİV-ə yoluxub, “pəncərə” dövrünə düşüb, tibbi müayinədən keçib, amma heç nə aşkarlanmayıb. 3 aydan sonra bəlli olur ki, şəxs İİV daşıyıcısıdır. Bu vaxt sağlamlıq arayışına əsasən qarşı tərəf ittiham olunacaq. Nikaha girən şəxslər arasında aşkarlanan xəstəliklərin aşkarlanması hallarında təbii ki, nikahdan imtina olur. Çünki, insanların İİV-lə məlumatları düzgün və dolğun deyil. Bir xanım öz problemi ilə bağlı müraciət etmişdi. Oğlan İİV daşıyıcısı olduğu halda bunu gizlədib. Nəticədə qadın və doğulan uşaqlar da İİV-ə yoluxmuşdu.
Hesab edirəm ki, son zamanlar aşkarlanan xəstəliklər ailə qurmaq istəyənləri bir az da qorxudur. Yəni nikaha daxil olmaq istəyənlərin sağlamlıq arayışı ilə bağlı xəstəliklər üzrə rəsmi statistikanın açıqlanması insanları daha da çəkindirir. Şəxsin hansısa xəstəlik daşıyıcısı ilə ailə qurması onun istəyinə bağlı məsələdir. Bizdə o qədər İİV daşıyıcısı var ki, normal şəkildə həyatlarına davam edirlər. Təcrübə göstərir ki, tərəflərdən biri xəstə olduğu halda ailə normal, tam sağlam uşaq dünyaya gətirir. Buna tibb imkan yaradır və sığortalayır. Bu məsələdə xüsusilə maarifləndirmə işlərinə önəm verilməlidir”.