Dünən taksiylə yol gedərkən, maraqlı söhbətə düşdüm.
“İlin-günün bu vaxtında taksiyə verməyə pul hardandır” deyə müəllifi burjuyluqda ittiham edənlər (belələri mütləq tapılır) üçün deyim ki, bu, onların bildiyi taksi deyil, “şaraqq” eləyib sayğacı qoşa, sən də 5 kilometrlik yola 6 manat verəsən.
Mən mindiyim taksi 1 manatlıq taksiydi. Belə taksilər metrostansiyaların çıxacağında dayanır, dörd nəfər götürür, hərəsindən 1 manat alır və mənzil başına çatdırır. Mənzil başı da buracıq-oracıq deyil, azı 15-20 kilometrdir.
Devalvasiyadan əvvəl bu taksilər 1 manat 50 qəpiyə işləyirdilər, böhrandan sonra qiyməti endirib 1 manat ediblər. Bu da ona görədir ki, bu sektorda böyük rəqabət əmələ gəlib. 1 manata taksi xidməti göstərənlər çıxalıb.
Xüləs, dörd nəfər olduq, tərpəndik, təxminən 100 metr yol getmişdik ki, sərnişinlərdən biri yanındakı tanışına dedi: “Xəbərin oldu də, sənin Ronaldon yenə qaçıb Mərakeşə, oğlan dostunun yanına”. O bunu dedi və irişdi. Görünür, onların arasında uzun sürən “Messi-Ronaldo” qovğası vardı, indi Messi fanatı olanın əlinə fürsət düşmüşdü ki, Ronaldo fanatı olan dostuna sataşsın. O da astadan nə dedisə (güman ki, “sonra danışarıq”-zad), söhbət kəsildi.
Bu əsnada 35-40 yaşlı (onun üz cizgiləri görünməsə də, peysər görünüşündən və səs tembrindən yaşı bu qədər olardı) taksi sürücüsü təşəbbüsü ələ aldı və maşının salonunda gedəsi söhbətə moderatorluq etməyə başladı. Söhbət güzərandan, devalvasiyadan, yol kənarında gedən söküntü-dağıdıcılıq işlərindən düşmüşdü. Sürücümüz cəmi bir il öncə böyük bəh-bəhlə yol kənarında tikilmiş, üstünə çim qatı çəkilmiş, ekzotik ağaclar əkilmiş təpəciklərin yerlə yeksan edilməsi barədə ürəkağrıdıcı çıxış edəndən sonra söhbətinə belə bir rezüme vurdu ki, bütün bunların hamısı büdcə pullarını yeyib-dağıtmaq üçündür.
Öndə oturan adam onun sözünə qüvvət verdi, dedi, büdcədəki pullar kimindir ki… sənin, mənim, xalqındır, belə-belə işlərə israf edir, basıb yeyirlər, ona görə də bu gündəyik.
Sürücü bir az da qızışdı, ölkənin niyə bu gündə olmasının iqtisadi-siyasi səbəblərini göstərdi, xalq-məmur, hakimiyyət-müxalifət münasibətlərini təhlil etdi. Açığı, adam xeyli hazırlıqlı idi, danışığında müəyyən mübahisəli məqamlar olsa da, əsasən düz deyirdi.
Söhbətinin mabədində o, ölkəmizin əsas problemlərini də təsnifatlaşdırdı və böhrandan çıxış yollarını göstərdi, dedi ki, təcili şəkildə orta sahibkarlığı gücləndirmək, aqrar sektora diqqəti artırmaq, rayonlarda istehsal müəssisələri açmaq, milli iqtisadiyyatımızın neftdən asılılığını azaltmaq lazımdır.
Sanasan, adam Qubad İbadoğlunun yanında xüsusi iqtisadiyyat kursu keçib, yaxud da politoloq Şahin Cəfərliylə kurs yoldaşı olub.
Arada quşqulandım ki, sürücü ali təhsilli politoloqdur, sadəcə, Allah əlacını kəsib, o da gəlib əhaliyə taksi xidməti göstərir. (Belələrinə də rast olmuşluğum var). Ancaq məlum oldu ki, elə deyil. Sürücü özü etiraf etdi ki, orta məktəbi ölüm-zülüm qurtarıb, amma indi məcburiyyət üzündən olub-keçənlərlə maraqlanır, belə-belə şeyləri ona görə bilir.
Bu cür adamlar çoxdur, ağır güzəran, ümumi vəziyyət onların hamısını təhlilçi politoloq, iqtisadçı ekspert edib. Neyləsinlər, çıxış yolu axtarırlar, axtarırlar, axırda tapırlar, ancaq bildikləri yolla irəliləyib vəziyyətdən çıxmaq üçün qərarı onlar yox, sarayda çalışan iqtisadçılar, bankirlər verir. Onlar da deyir ki, heç bir iqtisadi tənəzzüldən söhbət gedə bilməz, hər şey nəzarətdədir, iqtisadi inkişaf templərinə görə regionun lider dövləti olaraq qalırıq.
Ancaq taksi sürücüsünün bu dərin məzmunlu söhbətinin maşındakı 4 nəfərdən ikisinə, futboldan danışan gənclərə qətiyyən dəxli yox idi. Onlar yolun yarısında yenidən Ronaldonun həftədə bir dəfə Mərakeşə uçmasından danışdılar. Biri dedi ki, Ronaldo quşdur, o biri də dedi ki, ona qalsa Messi də autizm xəstəsidir. Sonrakı dialoq da bu cür oldu: “Autizm xəstəsi olmaq petuxluqdan yaxşıdır”; “hələ bilmək olmaz Messi nə yuvanın quşudur”.
Xalqımız da bu cürdür, ümumi dərd-sərindən danışmaq əvəzinə manısların davasından danışır.