Əməkdar artist Mehriban Xanlarova media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, aktrisa müğənni Kərim Abbasovla aralarındakı qalmaqaldan, məhkəmə prosesindən danışıb:
“İndi cibimdə pulum yoxdur. Amma Kərimin puluna qalmamışam. Ondan alacağım məbləği hara verəcəyimi özüm bilirəm. Sosial şəbəkədə haqqımda təhqir yazdı, göz yumdum. İkinci dəfə şəklimi paylaşıb, ironiyalı sözlər yazdı. Bunu yaradan kimdir ki, özündə Mehribanı təhqir etmək haqqı tapır? Şəkili qoydu, altından hamı ağzına gələni yazdı. Niyə mənə söydürürdü? Mən də onların hamısını çıxardıb hakimə təqdim etdim. Məhkəmədə adi telefonu göstərir deyir ki, “Mənim bir telefonum var, İnstaqramı belə yoxdur”. Məhkəmədən çıxandan iki dəqiqə sonra şəklimi paylaşdı. Bunlara içdiyi suyu da sübut etmək olmur. Heç kimin qeyrətinə sataşmamışam ki, məni təhqir etmə haqqı olsun. Qeyrət tək kişiyə yox, qadınlara da aiddir. Mənim Kərimin reklamına ehtiyacım yoxdur. 18 yaşından Azərbaycanda Mehriban Xanlarova kimi şöhrət qazanmışam. Kərimin reklama ehtiyacı var. Mənim üçün nalayiq sözlər deyənləri Allaha həvalə edirəm. Mən onu heç vaxt bağışlamayacam. Mənə pul yox, onun üzr istəməsi lazımdır”.
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova onun şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə verib. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi. M.Xanlarova məhkəmədə qalib gəlmişdi. Qərara əsasən K.Abbasov aktrisadan üzr istəməli və min manat təzminat ödəməlidir.