1453882545_slitki-zoloto

Azərbaycanda manatın devalvasiyası və valyuta qıtlığı ilə bağlı hökumətin gördüyü tədbirlər nüfuzlu beynəlxalq KİV-lərin, o cümlədən iqtisadi nəşrlərin də diqqət mərkəzindədir.

Virtualaz.org xəbər verir ki, “Reuters” agentliyinin London redaksiyası Azərbaycan Mərkəzi Bankının strateji valyuta ehtiyatlarının kəskin azalmasına baxmayaraq ölkənin 34 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarının olduğunu xatırladır. Agentlik bildirir ki, bu ehtiyatların sayəsində Azərbaycan Mərkəzi Bankın azalan ehtiyatları ilə müqayisədə dəfələrlə güclü antiböhran sipərinə malikdir.

“Bununla belə həmin sipərin möhkəmliyi dünya bazarlarında neftin qiymətinin bir barrel üçün 30 dollar səviyyəsində var-gəl etdiyi, qiymətin yaxın illərdə kəskin arta biləcəyini göstərən heç bir əlamətin olmadığı bir vaxtda bir daha yoxlanılmalıdır”-agentlik qeyd edir.

Bildirilir ki, Azərbaycan 2015-ci ildə strateji valyuta ehtiyatlarından 9 milyard dollar xərclədikdən sonra dekabrın sonlarında manatı ikinci dəfə devalvasiya edib. Milli valyutanın dəyərdən düşməsi ölkədə bəzi sosial etirazlar doğurub. Azərbaycan həmçinin Dövlət Neft Fondunun valyuta ehtiyatlarından bazara dollar çıxarmalı olub. Beynəlxalq reytinq agentlikləri bu fondu böhran dövründə ölkənin kritik valyuta mənbəyi hesab edirlər.

“Hazırda Azərbaycanın təhlükəsizlik buferi manatı indiki səviyyədə saxlaya bilmək üçün yetərli səviyyədədir. Əgər Azərbaycan hökuməti Neft Fondunun aktivlərindən manatı sabit saxlamaq üçün istifadə edərsə”-Fitch Ratings agentliyinin suveren qrupun direktor müavini Krişyanis Krustinış “Reuters”ə bildirib.

Onun fikrincə, əgər Azərbaycan strateji valyuta ehtiyatlarını neftin kəskin ucuzlaşmağa başladığı 2014-cü ildəki templə xərcləsə ehtiyatlar 3 il yarım bəs edər.

Krustinış deyib ki, Neft Fondu artan büdcə və ya valyuta ehtiyatlarını təmin etmək üçün öz portfelinin bir hissəsini sürətlə xərcləyib tükədə bilərdi.

Agentlik gözləyir ki, Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu il də azalacaq. İndi əsas diqqət beynəlxalq reytinq agentliklərinin Azərbaycanın kredit reytinqinə dair hansı qərarı qəbul edəcəyinə yönəlib. Yanvarın 29-da Standard & Poors və Moody Azərbaycanın kredit reytinqinə baxacaqlar. Gözlənilir ki, reytinq bir pillə aşağı salınacaq.

“Tamamilə mümkündür ki, Azərbaycan bu il neftin qiymətinin ucuzlaşması fonunda investisiya reytinqi statusundan məhrum olsun”-bunu “Nomura” investisiya şirkətindən strateq Timoti Eş deyib. O, bildirib ki, Azərbaycan hakimiyyəti manatın dollara nisbətdə kursunu sabit saxlamağa çox vaxt itirdi.