xalid kazimli kose 1

Avropanın ən humanist ölkələrindən biri olan, dünyanın dörd bir yanından gələn qaçqınlara məmnuniyyətlə qucaq açan İsveçdə dəhşətli hadisə baş verib: 15 yaşlı qaçqın gənc 22 yaşlı məmur qadını bıçaqlayaraq öldürüb.

Bu, İsveç üçün “dəhşətli hadisə”dir, qatilin tərk etdiyi ölkə üçün adi, sıradan, gündəlik olaydır. Hər gün yüzlərlə adamın küçədə güllələndiyi, edam edildiyi, partladıldığı ölkədə, bölgədə bıçaqla törədilmiş qətl elə də dəhşətli deyil, bu hadisə heç medianın xəbərlər bülletenində belə yer almır.

Ancaq İsveçdə əhali çox həyəcanlıdır, bütün media qurumlarının əsas xəbəri bu qətldir. Baş nazir qətlin törədildiyi miqrant mərkəzinə şəxsən gedib. İctimaiyyət belə halların təkrarən baş verəcəyinə görə əndişəlidir.

Burada bir neçə maraqlı detal var. Birincisi, aldığı xəsarətdən xəstəxanada vəfat edən zərərçəkənin adı göstərilmir. İsveç mediası hesab edir ki, bu, düzgün deyil. Bir də qatilin kimliyi, hansı ölkədən olduğu açıqlanmır, eləcə, yaşı göstərilir.

Bu da boşuna deyil. İsveç hökuməti qorxur ki, qatilin hansı ölkədən gəlmiş olmasının açıqlanması həmin ölkədən olan digər miqrantların, yaxud da uzun illər əvvəl o ölkədən gələrək vətəndaşlıq almış şəxslərin həyatı üçün təhlükəli ola, onlara qarşı ksenofobiya dalğası yarada bilər.

Bu, İsveç dövlətinin bəşəri dəyərlərə, humanist prinsiplərə nə dərəcədə sadiq olmasının göstəricisidir.

Bununla belə, etiraf olunmasa da, aydın məsələdir ki, həmin 15 yaşlı qatil Yaxın Şərq ölkələrindən birinin, bir az da konkretləşdirsək, Suriyanın vətəndaşıdır. Çünki son bir ildə Almaniya və İsveçə qaçqın mühacirlər ən çox bu ölkədən gəlir və onların arasında bu kimi tənha gənclər və yeniyetmələr daha çoxdur.

Ötən ilin noyabr ayında mən İsveçdə, Stokholmun mərkəzi rayonlarının birində yerləşən və miqrantların qəbulu ilə məşğul olan ofisdə olarkən bəzi maraqlı məqamlar müşahidə etdim.
Aydınca görünürdü ki, İsveç dövləti və aidiyyəti məmurlar miqrantlara dözümlü, rəhmdil yanaşır, onların zülmdən, labüd ölümdən qaçıb gəldiklərini anlayır, var qüvvələri ilə bu binəsib insanları yerbəyer etməyə çalışırlar.

O da bəlli idi ki, hökumət öz beynəlxalq öhdəliklərini yerinə yetirərkən və ali humanizm dəyərlərinə sədaqət göstərərkən, ölkənin yerli əhalisinin mümkün kəskin reaksiyasını da hesablayır, bu ürəyiaçıqlığının xalqda doğurduğu qıcığı mümkün qədər səngitməyə çalışır.
Bu üzdən idi ki, miqrantların saxlanıldığı düşərgələrin yeri, ünvanı göstərilmirdi. Əgər qaçqınlardan kimsə ağır cinayət törədibsə (belə hallar tez-tez olur), adamın milliyyətinə, hansı ölkədən olmasına vurğu edilmirdi.

Biz öz regionumuzda adətən başqa cür görmüşük. Məsələn, Rusiyada kimisə qətlə yetirənin saçının qara olması kifayət edir ki, qatilin “Qafqaz millətindən olan şəxs” olması barədə kütləvi informasiya vasitələrində xəbər getsin və Azərbaycandan, Gürcüstandan, Ermənistandan, eləcə də Dağıstan və digər Qafqaz diyarlarından olan şəxslər mərcək altına alınsın.

Rusiya rəhbərliyi və mediası bu cür xəbərləri intensiv şəkildə yaya-yaya ölkə boyunca “cani qafqazlı” obrazı yaradıblar və “dazbaşlar” adlandırılan neo-faşist qüvvələrinin formalaşmasını təmin ediblər. Proses hazırda da davam edir. Demək olar ki, bütün cinayətlərdə “Qafqaz millətindən olan şəxslər”in izi axtarılır.

İsveçin bu cür mədəni və humanist münasibətindən sui-istifadə halları isə bəs qədərdir. Müxtəlif yollarla İsveçə axışıb gəlmiş, ölkənin hər tərəfindəki düşərgələrdə yerləşdirilmiş mühacirlər qısa müddətdən sonra özlərini bu ölkənin sahibiymiş kimi aparır, dövlətin qanunlarını heçə sayır, öz güzəranlarınıı daha çox əyri yollardan istifadə edərək təmin etməyə çalışırlar.

Rəsmi məlumatlara görə, İsveç təkcə ötən il 150 mindən çox qaçqının sığınacaq ərizəsini qəbul edib. Bu fakt onsuz da ölkə əhalisində narahatlıq yaratmışdı, qətl hadisəsi isə narahatlıqla yanaşı hiddət də doğurub.

Təbiidir. Heç kəs uzaq ölkələrdən gəlib onun cənnət ölkəsinə sığınmış adamların onların sakit həyatına bıçaqla, partladıcı maddə ilə müdaxilə etməsini istəmir.
Güman ki, gələcək seçkilərdə miqrantlara qarşı olan partiya qalib gələcək. Beləcə, bir qəzəbli gəncin səfeh hərəkəti minlərlə mühacirin nicat qapısını bağlayacaq.

Загрузка...