Bu ölkədə sırf “Lider” telekanalının yaydığı şantaj xarakterli videosüjetlərə görə həyatı qaralaraq mühacirət edənlər, 10 ildən bəri üzə çıxmayan adamlar var.
Bir də vaxtilə “Lider”də işləyən, amma hazırda əzabkeşə dönüb Almaniyadan sığınacaq almaq istəyənlər var. Paradoksaldır, deyilmi?
Özü də ikinci şəxs birincilərin təqib olunduğu, mühacirətə zorlandığı illərdə cınqırını çıxarmayıb, “mən bu cür tele-siyasətə etiraz edirəm” deməyib. Amma necə olubsa, indi özü də dissident olub.
Əlbəttə, bundan əvvəl də belə şeylər olub. İnsanları ölkədən perik salan hüquq-mühafizə orqanlarının işçiləri də, gün gəlib ki, “bizi incidirlər, təqib edirlər” deyə Avropanın cənnətməkan ölkələrinə sığınıblar.
Onların arasında Avropanı söyənlər, “cinsi azlıqlar yuvası” adlandıranlar, Avropaya gedənləri “xain, düşmən” sayanlar, “öx vətənimə qurban olum” deyə yalançı, pafoslu patriotik mədhiyyələr qoşanlar da var.
Nə qədər ki, rüşvət almaq, sərvət toplamaq, villa tikdirmək, bahalı maşın qarajı saxlamaq imkanları olur, Azərbaycan onlar üçün “cənnət vətən”dir. Elə ki, ya zəlzələdən, ya vəlvələdən bu imkan əldən çıxır, vətən “istibdad yuvası” olur. Heç demə, bu ölkədə onları hamıdan çox incidirmişlər, gün vermirmişlər, təqib edirmişlər və s.
Zülmə bax. Yüksək vəzifələr, villalar, bahalı maşınlar, kef-damaqda keçən günlər…
Bir gün bir saat təcridxanada yatmayıblar, amma “çox əziyyət çəkiblər”. Daima hakim partiyanın xidmətində, “dövlətçiliyin tərəfində” olublar, bu cəbhədə fəallıq göstəriblər, yeri gələndə seçkilərdə saxtakarlıq ediblər, amma heç demə, dissident imişlər.
Bu, riyakarlığın, tülkülüyün, buqəlmunluğun Everest zirvəsidir, burdan o yanası yoxdur.
1988-ci ildən xalq hərəkatına qoşulan adamlar var, bir mitinqdən, yürüşdən, piketdən qalmayıblar, yüz dəfələrlə saxlanılıblar, dəfələrlə təcridxanalarda sutkalıq cəza çəkiblər, bəzən həbsdə də yatıblar, işlərindən qovulublar, aylarla çörək tapmayıblar, illərlə maddi sıxıntı çəkiblər, amma onlar bu dələduzlar qədər “biz mübarizə aparmışıq” deyib sinələrinə döymür, Avropaya sığınaraq özlərinə “yeni həyat” qurmağı düşünmürlər.
Bu üzdəndir ki, ölkənin ictimai-siyasi fəal kəsimi arasında siyasi mötivli mühacirət məsələsinə həssas yanaşma var. Hətta illərlə öz qələmi ilə müxalifətçilik edən yazı-pozu adamları belə hansısa ölkədən siyasi sığınacaq almaq istəyəndə, “ölkəmdə təqib olunurdum” deyə müsahibələr verəndə, bu, mənfi reaksiya doğurur, adam tənqidə məruz qalır.
O saat bir xeyli adam tapılır ki, onlara ölkədə olarkən heç də təqib olunmadıqlarını, əksinə, oliqarxlara məxsus KİV orqanlarında çalışaraq yaxşı maaş, qonorar aldıqlarını, pul-paralı layihələr həyata keçirdiklərini xatırladırlar. Hərdən haqqı tapdanan kimisə dəstəkləmələri, hansısa kütləvi etiraz aksiyasına qatılmaları bu şəxslərə özlərini dissident elan etmələri üçün haqq vermir.
Bir də var bütün avtobioqrafiyan, karyeran boyu haqq-ədalət, demokratiya davası aparanlara qarşı olasan, axırda isə özünü onların cərgəsinə yamamağa cəhd edəsən.
Bu tip adamlar demokratik camiəyə yaxın buraxlmamalıdır və onların Avropaya daraşmasına yol vermək, şərait yaratmaq olmaz. Çünki onlar düşdükləri cəmiyyətlərə yamaq olacaq, zərurət yarandıqda belə millət davası aparmayacaq, ilk fürsətdə xalqın adını batıracaqlar, öz xudbin maraqları naminə istənilən addımı atacaqlar. Bunların xisləti budur.
Bu tip dələduzlar həmişə olublar və olacaqlar. Sabah ölkə gülüstana dönsə, uyğun biri iş başına keçsə və bunlara cah-cəlal vəd etsə, tez qayıdıb gələcəklər, yenə şirəli yerlərə qonub bal sümürəcək, haqq-ədalət davası edənlərə, əsl dissidentlərə düşmən kəsiləcəklər.
P.S. Siz siz olun, kalori və komfort üçün ölkəni tərk edənlərlə qürbətə gedərkən bir qara ağac kölgəsində ümidlərini dəfn edib gedən ədalət mübarizləri arasında bərabərlik işarəsi qoymayın.