İş elə gətirib dünən də Afrikadan yazmışdım, bu gün də məcburam ordan sitatla başlayım. Neynəmək olar, atalar demişkən, çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bunu hazırda “çünki qoşuldun Afrikanın acından ölən dövlətlərinə, çıx ağaca banan ye, Koroğlu müəllim” şəklində ifadə eləsək, yəqin AMEA Folklor İnstitutunun xətrinə dəyməz.
Biz özümüzü nə qədər avropalı saysaq da soy-kök baxımından daha çox afrikalıyıq. Elmi baxımdan qədim insanlar Üzeyir bəyin əsərindəki o məşhur buşmenlər və qottentotların yaşadığı ərazidən çıxıb dünyaya yayılıblar, bu zaman Avropadan öncə Azərbaycanda olublar. Oxucular xahiş eləsələr bunun elmi araşdırmasını yazaram, ancaq çox uzatmayaq, mövzu bu deyil.
Bəli, keçən il dünyada təkcə neftin qiyməti düşmədi, mis də ucuzlaşdı, bundan zibilə düşənlərdən biri də Zambiya adlı Afrika ölkəsi oldu. Çünki necə biz nefti üzümüzə-gözümüzə sürtüb onun pulu ilə dolanırdıq, dost və qardaş zambiyalılar da misi öpüb-dişləyib necə yararlanırdılar, ta onu müəyyən eləməyi oxucuların təxəyyülünə buraxıram. Yəni mis orda belə əziz məhsul idi. Hətta yerli camaat misə “bal rəngli qızıl” deyirlər. Zambiya dünya mis istehsalçılarının ilk 10-luğunda yer tutur.
Uzun sözün qısası, misin qiyməti düşəndə ölkə ciddi problem yaşadı, eynən bizdəki kimi, keçən il pulları devalvasiyaya uğradı. Əhalinin 83 faizi kasıblıq həddindən aşağı vəziyyətdə yaşayan ölkədə üstəlik misi də alan olmasın – görün vəziyyət necə acınacaqlıdır. Bəs zambiyalıların prezidenti, yerli ulu öndər Edqar Lunqu hansı tədbirlərə əl atdı? İnana bilməzsiniz. Üstəlik, bizim niyə indiyə qədər ağlımıza bu gəlməyib? Nə üçün hakimiyyət nümayəndələri bu əla tədbirə əl atmayıblar? Qəribə şeydir. İndi tədbiri də yazım, görürəm bəzi oxucuların ürəyi partladı. Prezident Edqar müəllim yerli ZazTV (Zambiyanın AzTV-si) ilə xalqa müraciət edərək onları milli valyutanın xilası naminə… dua etməyə çağırmışdı! Bu hadisə keçən ilin oktyabrında oldu. Düzü, duanın təsirləri haqda xəbərim yoxdur. Ancaq nə gözəl tədbirdir! İqtisadiyyata bundan yaxşı dərman tapa bilməzsən.
Dərman demişkən, dünən baş nazirimiz, böhran başlayandan qeyb aləminə danışıqlara çəkilmiş (bəlkə də gözlənilən antidevalvasiya dualarımızın təsirlərini öyrənir) Artur Rasizadənin müavini Əli Əhmədov dərman istehsalına başlayacağımızı anons edibdir. Deyir, biz dərmana çox pul veririk, dollar ölkədən çıxır. Bir az da təxribat xarakterli sözlərdir, elə çıxır milləti xəstə gününə salıblar, dərmana milyardlar xərclənir.
Ancaq Əli müəllim, görünür, ölkədən tam xəbərsizdir, çünki biz çoxdan dərman istehsal edirik. Mən təkcə Bakı Kimya Əczaçılıq Zavodunu, “AzərFarm” LTD-ni nəzərdə tutmuram. Bir dəfə telekanalizasiyada özüm gördüm, bir qadın üç kiloluq bankalarda nəsə qara məhlulu reklam edirdi, deyirdi, bu məhlul xərçəngdən astmaya, qarın ağrısından baş ağrısına qədər bütün xəstəlikləri müalicə edir. Uşağı olmayan doğur, uşağı olan bakirə qalır və sairə. Ancaq qəribədir ki, həmin qadın o möcüzəli maddəni dərman yox, “dərmən” adlandırırdı.
Eyni zamanda YAP hakimiyyətə gələndən bəri uca millətimizə yuxu dərmanı verib yatızdırırlar. Lazım gələndə əhval-ruhiyyəsini qaldırmaq üçün sevindirici həblər verirlər. Bir az çaşıb əl-qol atmaq istəyəndə narkozla uydururlar. Bunlar hamısı hüquq-mühafizə orqanları, Təhsil Nazirliyi, telekanalizasiya və qəzetlər vasitəsilə uğurla həyata keçirilir. Nəticədə heç kim narazı qalmır, hamı xoşbəxt şəkildə ölür.
Mən hətta təklif edərdim apteklərin adını yaptek qoyaq. Minnətdarlıq üçün.