Dünyada nə baş verir-versin, biz öz yaşayış modumuzdayıq. Yaxın Şərqdəki sünni-şiə davasının, qlobal iqtisadi böhranın, dünyanı dağıdan təbii fəlakətlərin, donuz, quş, kərtənkələ qriplərinin, bir sözlə, heç nəyin bizə dəxli yoxdur, biz öz xırda qayğılarımızla yaşamaqdayıq.
O xırda qayğılardan biri də spirtli içkilərin bu ildən kartla satılmasıdır. Yəni artıq adam dükana gedib, cibindən pul çıxarıb, araq, çaxır ala bilməz, gərək hansısa bankın kartı olsun və spirtli içkini o kartla alsın ki, nə bilim, nə olsun.
Görünür, belə məsləhətdir. İnkişaf etmiş ölkələrdə də spirtli içkilər hər tinin başında, özü də hamıya satılmır, ixtisaslaşdırılmış marketlərdə satılır, həm də üstündə şəxsiyyət vəsiqəsi olmalıdır, birdən uşaq olarsan, yaşın düşməz, sənə içki satar, cərimələnərlər.
İndi bu xüsusat ölkəmizin “yeyib-içən oğlanlar”ının bir nömrəli müzakirə predmetinə çevrilib. Problemi necə həll etməyin yolları müzakirə olunur. Necə etsinlər ki, böhrandan az itkiylə çıxsınlar, kartı necə alsınlar, balansda nə qədər depozit saxlasınlar, limit tükənəndə, əlimyandıyla mey axtaranda hansı alternativ tədbirlər görsünlər – müzakirə olunur.
, hər kəsin dərdi özünə dəvə boydadır. Ona görə də “yeyib-içən oğlanlar”ın bu qayğısını xəfifə almaq olmaz. Hökumət durduq yerdə onlara iş artırıb.
Ən ağır zərbə isə “yeyib-içən oğlanlar” kateqoriyasına aid olmayanlara dəyir. “Yeyib-içən”lərə nə var, hansı bankdan olsa da öz “alkokart”larını (ifadə Mahir Məmmədliyə məxsusdur – haqqını yeməyək) alacaqlar. Bəs başqaları necə edəcək? Əllərində kart yox, amma qonaqları gəlib. Gərək masanın üstünə spirtli içki qoysun, yoxsa adı xəsis və kəmfürsətliyə çıxar, dalınca deyərlər ki, bu da arağın kartla satılmasını bəhanə elədi, masaya heç zad qoymadı.
Hələ xroniki əyyaşların, səfil-sərgərdanların spirtli içki qəbul etmək kimi hüquqları və zərurətləri məsələsi də var. Adamlar nə kart ala biləcəklər, nə də marketdən çaxır. Yenə əlac market sahiblərinin humanizminə qalır. O öz hesabına əyyaşların tələbatını ödəsə heç, ödəməsə, yazıqlar sonradan qazanılmış xroniki spirt çatışmazlığı sindromundan qırılıb gedəcəklər.
Bu islahat qonum-qonşu arasında da münasibətləri gərginləşdirəcək, bişəkk. Məsələn, qonşu qonşunun üstünə gedəcək ki, qonağım gəlib, kartım da yoxdur, evdə artıq arağın olmaz ki. İndi kim kimə araq verər? O da deyəcək, yox, sən öl, axırıncını dünən içdik. “Onda kartını ver, uşağı göndərim marketə”. O da ya kartı verəcək, ya da nəsə bir bəhanə tapıb verməyəcək, qapını örtəndən sonra gileylənəcək: “Yekə kişisən, evinə kart al qoy dəə”. O biri də bunun dalınca söyəcək: “Alçaq, qırx ildə bir dəfə qapısına getdim, ağız açdım, sözümü yerə saldı”.
Qardaş qardaşa zəng edəcək: “Kartımı itirmişəm, tapa bilmirəm, uşaqdan kartını təcili göndər mənə”.
də görəcəyik, küçədə adamın qabağını kəsiblər: “Kartını ver görüm, alə”. “Vallah, kartım yoxdur, alın, pul verim”. “Sənin pulunu neynirəm, a kişi, mənə kart ver, kart, araq alacam”.
Gecə saat 12-də taksi saxlatdırıb sürücüdən xahiş edəcəklər: “Elli, səndə kart olar, sür bizə araq al gətir”. O da işbilən adamdırsa, əlbəttə ki, nəinki üstündə kartı, hətta baqajında 3-4 növdə spirtli içki məmulatları olacaq. Bundan yaxşı biznes harda var?
Yəni içən insanlar öz tələbatlarını onsuz da ödəyəcəklər, sadəcə, bir az çətinlik çəkəcəklər, araq əldə etməyin sənədləşdirilməsi vaxt aparacaq. Və bu islahat spirtli içki alverçilərinin sayını artıracaq. Onlar, tutaq ki, 10 manatlıq arağı 12 manata satacaq və elə hey deyəcəklər: “Vallah, burdan da mənə iki manat qalır”.