Zuleykha jurnalının ən rəngarəng rubrikası sayılan “Çanta” -nın yeni il buraxılışına elə rubrikamız qədər maraqlı və orijinal, yerli bloqerlər arasında cəsarətli xarakteri və zövqlü geyim dəstlərilə tanınan Aynur Güzəldir. Onu çoxları yalnız bloqer olaraq tanısa da, işgüzar xanım, eləcə də, fərdi stilist olaraq digər xanımlara individual dəb məsləhətləri verir, xaricdə moda təlimlərində iştirak edir, fərqli dəb tədbirlərini qaçırmır. Aynurun sosial şəbəkələrdən iki yaraşıqlı qız övladının olmasından məlumatlı idik. Rubrikanın Yeni il buraxılışına qonaq namizəd seçərkən, təbii ki, ilk ağlımıza gələn bu şıltaq “trio” oldu. Müsahibəmizdə dəbli bloqer nəinki öz, eləcə də, balaca modabazlar Lara və Melisin qarderob favoritlərini kameramız önündə sərgilədi.
– Yəqin bu ən çox verilən sualdır, necə alındı ki, moda bloqeri oldunuz?
– Moda sahəsinə gəlib sadəcə “Mən stilistəm!” deyə bilməzdim. Günümüzdə aktual olan internet isə tanınmağıma bir vasitəçi oldu. Artıq 2 ildir bu sahədəyəm, kənardan çoxlarına asan gəlsə də, bu yolun bu qədər macəralı, enişli-yoxuşlu olduğunu təsəvvür belə edə bilməzdim. (gülür)
– Qarderobunuz çox zəngindir. Hər zaman üzərinizdə maraqlı kombinlərə rast gəlmək olar. İlham aldığınız biri varmı?
– Əlbəttə. Eyniliklə təkrarladığım deyil, lakin tərzlərindən ilham aldığım tanınmış simalar və ya bloqerlər var. Onlardan görüb götürdüklərim, özümə uyğunlaşdırdıqlarım az olmur. Dəb nümayişlərinə baxıb yenilikləri öyrəndiyimiz kimi, mən də bu sahədə öz sözünü demiş insanlardan müxtəlif dəb ideyaları mənimsəyirəm. Hər üslubu bəyənməsəm də, fərqli üslublarla maraqlanmaq artıq işimin bir hissəsidir.
– Bəs Aynurun xarakterini ifadə edən tərz hansıdır?
– Bir qədər təəssüflənirəm, amma izləyicilərim bloqumda mənim əsl qarderobumun nümunələrini nisbətən az görürlər. Bu da bəzən mənim olmadığım kimi görünməyimə səbəb olur. Lakin mən öz qarderobumun seçmələrindən istifadə etdikdə daha çox bəyənildiyimi hiss edirəm. Bu ona görədir ki, qarderobum məni sanki ifadə edir. Mən çox “rəngli”, hiperaktiv insanam və mənim qarderobum xarakterim qədər “emosionaldır”. Məsələn, maskulin tərzi və ya minimalizmi ayrılıqda bəyənsəm də, geyimlərimdə istifadə etmirəm. Çünki mən bu deyiləm, əksinə, xarakterim tək çarpıcı qarderoba sahibəm.
– Sizcə zövq bizimlə birgə dünyaya gəlir, yoxsa onu daha sonra da bərpa etmək olar?
– Mən insanların zövqlərini inkişaf etdirə bilməməsinə inanmıram. Zövqün sonradan formalaşa bilməyəcəyi fikri ilə də razı deyiləm. Etiraf edim ki, tələbəlik illərimdəki fotolara baxdığımda zövq inkişafını hiss edirəm. İnsan gördükcə, səyahət etdikcə, dünya görüşü və yaşı artdıqca, geyim tərzi və zövqü də formalaşır. Lakin deyə bilərsiniz ki, bəzi insanlar illər boyu dəyişməyərək qala bilib. Mənim fikrimi soruşsanız, bu insanlar sadəcə olaraq özlərini kənardan görməyi bacarmır, sadəcə nə istədiklərini bilmir. Zövqü fitri istedad, məsələn, səs vergisi ilə əsla dəyişik salmaq olmaz. Səs səninlə doğulur, lakin zövq zamanla uzun “təkamül” prosesi keçir.
– Məlumdur ki, siz bir çox brendlərlə əməkdaşlıq edir, onlardan təkliflər alırsınız. Bu təklifləri qəbul və ya rədd etməniz üçün hansı kriteriləriniz mövcuddur?
– Bloq fəaliyyətimə yeni başladığım dönəm, demək olar, hər brendin təklifini qəbul edirdim. Bir gün dönüb bloquma baxdıqda nə qədər səhvlər etdiyimi anladım. Məsələ burasındadır ki, mən hələ bu sahədə yeni başladığım zamanlar bir çox brendlər bloqerlərin əhəmiyyətini tam anlamırdılar. Heç bu gün də demək olmaz ki, dünyada mövcud olan bloqer anlayışı ölkəmizdə öz yerini tuta bilib. Həqiqətən də, ölkəmizdəki yüksək brendlərin buna ehtiyac duymamasına təəssüflənirsən.
– Bildiyimiz qədər siz həm də stilist olaraq şəhərimizin xanımlarına moda məsləhətləri verir, onlara öz qarderob üslublarını müəyyən etməyə kömək edirsiniz. Adətən verdiyiniz məsləhətlər hansı fəlsəfə üzərində qurulub? Hər hansı deviziniz varmı?
– Xatırlayıram ki, bu sahədə keçdiyim təlimdə stilistlərin ilk öncə yaxşı psixoloq olmasının vacibliyi vurğulanırdı. Stilist insanın qarderobunu onu tanımadan dəyişə bilməz. Çünki, hər kəsin öz həyat tərzi var. Öncədən həmin insanla söhbət etmək, onu tanımaq lazımdır. Onun zamanını harada keçirdiyi haqda maraqlanmaq, bədəninin hansı hissəsini gizlətmək və ya əksinə, vurğulamaq istədiyini bilmək lazımdır. Bu işdə xanımlara dönə-dönə təkrar etdiyim hər zamankı devizim budur ki, onlar öncə özlərini tanımalı, daha sonra qarderob müəyyənləşdirməlidirlər.
– Aynur ictimai insandır. Tez-tez bloq paylaşımları edir. Bəs Aynurun ictimai qınağa münasibəti necədir? Şübhə yox ki, fikirlər fərqli olur və paylaşdıqlarınızı bəzən sevməyə bilərlər. Buna Aynurun reaksiyası necədir?
– Bu biraz banal səslənsə də, mənim haqda olunan şərhlər arasında təbii ki, “ürək-öpüş” işarələrindən daha çox fikir bildirən izləyicilərin bildirdikləri önəmlidir. Əfsuslar olsun ki, bəzən tənqid və təhqir arasındakı fərqi anlamadan fikir bildirənlər də olur. İlk zamanlar bu məni çox üzürdü. Açığını deyim, hətta gözyaşına qədər gətirib çıxarırdı. Lakin həyat yoldaşımın soyuqqanlı və müdrik xasiyyəti və daimi emosional dəstəyi sayəsində bu çətinlikləri dəf etməyi bacardım. Eləcə də, bir şeyi unutmamaq lazımdır ki, emosional reaksiya verməmək, izləyicilərin hər fikrinə laqeyidlik göstərmək demək deyil. Çünki mən ictimai insan olduğumu, bloqumun isə ictimaiyyət üçün təqdim olunduğunu anlayıram.
– Bəs elə hal olubmu ki, ağlınıza hansısa post gəlib, lakin “Bunu qəbul etməyəcəklər” deyib paylaşmağa tərəddüd etmisiniz?
– Çox olub belə hallar. Cəmiyyətin buna hazır olmadığını düşünmüşəm. Bəlkə də çoxları bunu qorxaqlıq adlandırar, lakin bu belə deyil. Mən bu işi gördüyüm zaman tək özümü fikirləşmirəm. Ailəli xanım olduğum üçün ehtiyyatlı olub, hər şeyi bir addım öncədən düşünməli, daim mənə arxa olan həyat yoldaşım və iki qızımı unutmamalıyam.
– Buna nümunə göstərə bilərsinizmi? Geyinmək istəyib, lakin geyinmədiyiniz hallara misal çəkə bilərsinizmi?
– Yəqin siz də açıq-saçıq geyinmədiyimi hiss etmisiniz. Yoldaşım açıq fikirli insan olsa da, bu mənim həm yaşım, həm də ailəli bir qadın olmağımdan irəli gəlib.
– “Çanta” rubrikasının qonağısınız. Bir az da qadınların bu sevimli aksessuarından danışaq. Sizin fikrinizcə bir çantayla bütün görkəmi dəyişmək mümkündürmü?
– Bəli, dəyişə bilər. Fikrimcə, çanta ayaqqabıdan da önəmli aksessuardır. Siz idman üslublu geyim və ayaqqabı ilə tamamilə absurd, klassik bir çanta götürsəniz görkəminizi fərqli etmiş olarsınız. Mən rahatlıqla geyimimi tanınmamış butiklərdən, vintaj mağazalarından, hətta anamın qarderobundan qalan geyimlərdən istifadə etdiyim qədər, çantaya çox diqqət edirəm.
– Aynurun ən sevimli çanta tərzi hansılardır?
– Mənim qarderobumda hər tərzdə geyimə rast gələ bilərsiniz. Çantalarımda da eləcə. Çünki, tərzim getdiyim yerin abu-havasından asılıdır.
– Bu ilki qışın son geyim trendlərindən favoritləriniz nələrdir?
– Bildiyiniz kimi bu mövsüm bel çantaları trend hesab edilir. Bu model çantanın trend olması mənim kimi 2 uşaqlı ananın, eləcə də, hər zaman çəkilişlərə qaçan xanımın xilaskarıdır. “Messenger” çantaların da illərdir dəbdə olması sevindirir. Getdikcə mikroskopik ölçüyə gələn və yalnız dodaq boyamızı yerləşdirə bildiyimiz mini çantalar da bu il çox dəbdədir.
– Sosial media səhifələrinizdən belə hiss etmək olar ki, siz yoldaşınızla çox mehriban ailə qura bilmisiniz. Qızlarınızla isə yaxın rəfiqə kimisiniz. Aynur sosial həyatında olduğu qədər, evdarlıqda da məharətlidirmi?
– Mənə elə gəlir ki, mən ev işlərində daha məharətliyəm. Hər halda bu həyat yoldaşımın daim mənə bildirdiyi etiraflarıdır. Buna görə deyə bilərəm ki, bir ana və evdar xanım kimi bacarıqlarımdan əminəm.
– Qızlarınızı böyüdərkən onlara verə biləcəklərinizdən ən önəmlisi nədir?
– Mənim üçün övladlarıma verə biləcəyim ən böyük yatırım təhsildir. Zənnimcə, təhsilli insanın özünə, vətəninə və ümumiyyətlə cəmiyyətə xeyri var. Övadlarımıza kiçik yaşlarından mədəniyyət və dünya görüşü qazanmağımıza yardımçı olmamız vacibdir.
– Qarderobunuzun zənginliyini nəzərə alsaq qızlarınızın da qarderobu bu qədər genişdirmi? Onlar qarderob seçimlərini özləri edir, yoxsa siz onlara yardımçı olursunuz?
– Mənə elə gəlir ki, onların qarderobu daha zəngindir. (gülür) Onlar hər zaman öz seçimlərini özləri edir. Onların zövqlərinin formalaşması üçün nəinki geyimdə, süfrədə də onların öz seçimi ilə maraqlanıram. Əminəm ki, bu zaman onlar özünə inamlı böyüyür.
– Sizcə sevilən həyat yoldaşı olmaq üçün yalnız baxımlı xanım olmaq kifayətdirmi? Kişilər qadında nəyi axtarır?
– Qadınların işi asan deyil, bu yalnız baxımlı olmaqla bitmir. Çünki kişi anasına bağlı olur və mütləq özündən asılı olmayaraq ailə qurduğu xanımda anasından bir parça axtarır. Bu isə qadının ona verə biləcəyi anlayışdır. Danılmazdır ki, qadın mütləq baxımlı olmalıdır. Bu yalnız həyat yoldaşına xoş görünmək üçün deyil, özünə olan hörmətindən irəli gəlməlidir. Baxımlılıq isə yalnız mükəmməl makiyaj demək deyil, hər zaman əllərinin, saçlarının və təbii ki, evinin təmiz olmasından söhbət gedir. Bəli, qadın anlayışlı olmalıdır. “Hansı dövrdə yaşayırıq ki, haqqımızı tələb etməyək” deyə düşünə bilərik. Lakin müdrik qadın bəzi anlarda susmağı bacarmalıdır, bu məndə hər zaman alınmasa da (gülür).
– Sizcə həyat yoldaşınız sizdə ən çox hansı keyfiyyəti sevir?
– Mənə elə gəlir ki, emosional olmağımı. Çünki o sakit təbiətli insandır, mən isə sanki onun əksiyəm. Bununla da biz bir-birimizi tamamlayırıq.
– Azərbaycan xanımlarına zövqlü ana kimi, kiçik yaşlı qız uşaqlarına nələri geyindirməmələrini məsləhət görərdiniz?
– Əfsuslar olsun ki, bəlkə də bir keçid dövrü yaşadığımızdan irəli gəlir, lakin bu gün gənc anaların “brend xəstəliyi” var. İnsanlar bununla özlərini təsdiqlədiklərini sanırlar. Buna görə də valideynləri pullarını uşaqlarının keyfiyyətli təhsilinə xərcləmələrinə çağırıram. Övladları maaddiyyata alışdırmamaqla, onları bu dünyaya daha faydalı nümunə olaraq yetişdirmək imkanımız var.
– Son illər ana və qızlarının tamamilə eyni geyinməsi dəb halına gəlib. Sizin eyni geyindiyiniz dəstlər varmı?
– Niyə də yox?! Amma bunu hər dəfə təkrarlamaq mümkün deyil. Melislə mənim eyni yağış gödəkçələrimiz var. Amma onu ikimizin də eyni görünməsi üçün almamışıq. Əşya özü qarderobda əhəmiyyətli olduğu üçün əldə etmişik.
– Çox nadir hallarda qızlarınızla olan bloq paylaşımlarına rast gəlmək olar. Bunun səbəbi nədir?
– Doğrudur. Bəzən hətta əməkdaşlıq etdiyim brendlər qızlarımla birgə çəkilməyi təklif edir, mən isə çox vaxt bununla razılaşmıram. Mənim məşğuliyyətim övladlarımı məşğul etməli deyil. Onların öz maraq sahələri ola bilər. Məsələn şahmat, gimnastika və s. Övladlarına sosial şəbəkələrdə səhifələr açan anaların qərarını da müsbət qarşılamıram. Onların vasitəsilə gəlir əldə etmək yolverilməzdir. Bu uşağın psixikasını tamamilə dəyişir. Təcrübə göstəriri ki, xüsusən kiçik yaşdan qız uşaqlarının belə məşğuliyyətlərə yönəlik olması sonrakı təzadlara səbəb olur.
– Aynurun qarderob qaydaları varmı?
– Var əlbəttə. Mənim qarderobumda göbək nahiyəsi açıq toplar görə bilməzsiniz. Onları nə yaşıma, nə bədən quruluşuma, nə də ailə statusuma uyğun hesab etmirəm.
– Aynura bir gün bloq aparmaq darıxdırıcı gəlsə, o nə ilə məşğul olardı? Digər aludə olduğunuz məşğuliyyətlər varmı?
– Bloq mənim üçün bir keçid, bir tramplin rolu oynayır. Təlimlərimi davam etdirmək, hər hansı məşhur brendin atelyesinə gedib oradakı abu-havanı görmək istəyirəm. Modelyer olmaq üçün deyil, sırf istehsal prosesini- geyimlərin “dünyaya gəlişi” prosesini canlı izləmək böyük arzumdur.
– Sizin təcrübənizdən insanlar kənardan kiminsə geyim tərzi ilə bağlı məsləhətlər verməsinə necə baxır?
– Əlbəttə ki, geyimi vitrindən alıb manikenin əynindəki şəkildə geyinməklə işi asanlaşdırmaq olar, lakin bu çox bəsitdir. Mənə olan müraciətlərdə əsasən işləyən xanımların kapsul kolleksiyalarına ehtiyac olduğunu hiss etdim. “Siz mənim üçün 6-7 dəst hazırlayın ki, mən onları qarışdırıb geyinə bilim” deyənlər də çox olur.
– Olub ki, biri üçün yaratdığınız görkəmi həmin insan bəyənmiyib?
– Elə məhz belə hallarla üzləşməmək üçün ilk öncə konsultasiya edəcəyim xanımla yaxından tanış oluram. İşimə ciddi yanaşdığım üçün ilk ünsiyyətdən “bir neçə dəsti hansı qiymətə hazırlayırsınız?” sualına məyus oluram.
– Bəs sizin stilistə ehtiyac duyduğunuz anlar olub mu?
– Əlbəttə olub. Ağlımda studiyada lookbook formatında portfolio çəkilişi təşkil etmək ideyam var. Bu zaman mən ora peşəkar stilistləri, vizajistləri çağırmağı düşünürəm. Bu bir komanda işidir. Bir obraz yaradarkən tək geyim stilisti deyil, eyni zamanda foto stilisti, vizaj stilisti də olmalıdır ki, onlar bütövlükdə tamamlanmış nəticə əldə edə bilsinlər.