Beş aşırımdan ibarət olan yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir.
Ələt-Astara magistral yolunun yenidən tikilməsi ilə bağlı Salyan rayonunda Kür çayı üzərində Qafqazda analoqu olmayan körpünün tikintisi başa çatıb. Layihə çərçivəsində tikinti işləri Ələt-Astara magistral yolunun 54-56-cı kilometrliyində 1400 metrlik ərazidə aparılıb. 5 aşırımdan ibarət olan yeni körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. Suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilən körpü hər birinin eni 3,75 metr olan 4 hərəkət zolağından ibarətdir. Piyadaların körpüdən təhlükəsiz keçməsi üçün hər iki tərəfində 1,3 metr enində səkilər qurulub. Bundan başqa tikinti aparılan zaman 1 ədəd düzbucaqlı su keçidi, 1 təsərrüfat keçidi, 1 alt keçidi də inşa edilib. Asma hissəsi 150 metr olan körpünün eninin böyüklüyünə görə Azərbaycanda ilk dəfə olaraq eninə gərginləşdirmə aparılmaqla konsollardan istifadə olunub.
Yeni çəkilən Ələt-Astara yolunun inşası başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə bu körpüdən keçməklə təxminən 40 kilometr qısalacaq. Avtomobil yolu isə istismara verildikdən sonra sürücülər yeni körpüdən istifadə edə biləcəklər.