Emosionallıq sözsüz ki, siyasətçinin zəif cəhətidir. Çünki güclü siyasət impulsiv hisslərlə bir araya sığmaz. Güclü siyasət soyuq məntiq və sakit başla, bir də siyasi fəhmlə verilən qərarlar sayəsində formalaşır. Emosional siyasi gediş uzağı, topluma ünvanlı “5 dəqiqəlik” uğura gətirə bilər. Uzunmüddətli perspektivə hesablanmış uğurlar üçün isə dərin zəka və müdriklik lazımdır.
Bu qısa girişi Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə qarşı davam edən, böyük siyasətçiyə xas olmayan çılğın, bir az isterik davranışına nəzərən verdik. Şübhəsiz, belə davranış Türkiyədən çox Rusiyanın özünə ziyan vurur və vuracaq. Çünki Ankara Kremldən fərqli olaraq məsələdə siyasi ambisiyalardan yox, ən əvvəl öz vətəndaşlarının mənafeyindən çıxış edir, ağılla, müdrikcəsinə hərəkət edir, yüz ölçüb-bir biçir.
Bu xüsusda gözləmək olardı ki, zaman ötdükcə Kreml başçısı da tədricən soyuq məntiqin diktəsinə tabe olacaq. Fəqət, belə olmadı, sonuncu illik mətbuat konfransı göstərdi ki, Putin dəyişməyib və rus xalqını hələ çox təhlükəli eksperimentlərə, bəlalara mübtəla eləmək niyyətindədir.
Mətbuat konfransında Rusiya lideri növbəti dəfə qardaş ölkənin və Ukraynanın rəhbərliyini, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini asıb-kəsdi, hamıya öyüd-nəsihət verməyə çalışdı, qos-qoca Türkiyəni, regional supergücü, qüdrətinə görə Rusiyadan heç də geri qalmayan bir dövləti aşağıladı, hətta hədələdi.
Adama deyərlər, öz hərbi gücünə əminsənsə, niyə 23 gündə Türkiyəyə qarşı heç bir revanş aktı həyata keçirə bilməmisən? Demək, Türkiyə sənin “yeyəcəyin yem”, “sındıracağın qoz” deyil də, qılafına qayıt!
Söz yox ki, təhqiramiz ifadələrin 3 qatını prezident Ərdoğan Putinə qaytara bilər. Ancaq təhqirə Rusiyanın dünyada, regionda mövqeyi, nüfuzu güclənəcəkmi? Rusiyalıların yaşayışı necə, yaxşılaşacaqmı? Qətiyyən. Məsələ də bundadır.
Axı, bunu necə ağıllı, uzaqgörən siyasət adlandırmaq olar ki, Rusiya məhz Putinin hakimiyyətə gəlişindən sonra öz qonşularının əksəriyyəti ilə az qala düşmən münasibətlər səviyyəsinə gəlib, ölkə qeyri-dost ölkələrlə əhatələnib: Ukrayna, Gürcüstan, Türkiyə, Moldova, Baltikyanı ölkələr, sırada kim gələcək? Üstəlik, Putin ölkəsini ağır beynəlxalq sanksiyalara, rusiyalıları əlavə iztirablara tuş edib.
Putinin xəstə məntiqindən belə çıxır ki, bu ölkələrin hamısı, üstəgəl, ABŞ, Avropa Birliyi Rusiyaya qarşı düşmən tövr sərgiləyir, hamı haqsızdır, ədalətsizidir, cin-şeytan qismindədir, bircə Putindən savayı. Fransız diplomatı və mütəfəkkiri Toleyranın məşhur fikrini burada bir daha təkrarlamağın yeri var: “Düşmənlərin sayını artıran diplomatiya yaxşı diplomatiya deyil”.
Rusiya prezidentinin belə yanlış diplomatiyası ona gətirdi ki, o, Türkiyə kimi mühüm bir tərəfdaşı itirməklə bahəm, üstəlik, Ankaraya təzədən İsrail kimi bir dövləti qazandırdı – son məlumatlara görə, iki ölkə arasında 5 il öncə korlanmış diplomatik əlaqələr bərpa olunmaq üzrədir, İsraildən təbii qazın alınması barədə də ilkin anlaşma əldə olunub…
***
Girişdə böyük siyasətlə emosiyanın bir araya sığmadığını qeyd etdik. Bunun bir təzahürü də mətbuat konfransında Putinin işlətdiyi “Türkiyənin hazırkı hakimiyyəti ilə anlaşmaq mümkünsüzdür” sözləridir. Halbuki, ifadə ən çox Rusiya rəhbərliyinə adidir: gerçək budur ki, məhz Rusiyanın hazırkı ipə-sapa yatmayan və beynəlxalq qanunları hərləməyən, bir-birinin dalınca öz suveren qonşularının ərazilərini işğal edən Rusiya rəhbərliyi ilə anlaşmaq, dil tapmaq sivil bəşəriyyət üçün müşkülə çevrilib və belə görünür, nə qədər ki, çar Putin hakimiyyətdədir, dünya hələ onun yeni qorxulu sürprizlərini çox görəcək.
Hətta bu günlərdə Qərbin nüfuzlu nəşrlərindən biri yazmışdı ki, Putin imperiya ambisiyaları naminə taktiki nüvə silahına da əl ata bilər. İndi nə fərqi oldu, atom silahını İŞİD partlatdı, yoxsa Putin? İnsanı soyuq ağıl yox, qaynar emosiya idarə edirsə, o da mümkündür, bu da.
Allah planetimizi əlində kütləvi qırğın silahı olan emosional siyasətçilərdən və onlardan heç də çox təhlükəli olmayan terrorçulardan qorusun.