Загрузка...

neft07

2016-cı ilin sonu – 2017-ci ilin əvvəllərində neftin qiyməti yüksələ, 2020-ci ildə isə 80 dollar səviyyəsinə çata bilər.

AzNews.az TASS agentliyinə istinadən xəbər verir ki, belə bir fikirlə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fateh Birol çıxış edib.

“Neft bəzi ekspertlərin proqnozlaşdırdığı kimi hazırkı 40 dollar qiymətində çətin ki, uzunmüddətli perspektivdə qalsın. Biz 2016-cı ilin sonu – 2017-ci ilin əvvəllərində neftin qiymətinin artımında tendensiya müşahidə edə bilərik. 2020-ci ildə isə qiymət 80 dollara yaxınlaşa bilər” – deyə, o, bildirib. İcraçı direktorun sözlərinə görə, aşağı qiymətlər enerji resursları istehlakçılarına müsbət təsir edir: “Lakin, əgər belə səviyyə uzun müddət davam etsə, onda bu, bütövlükdə enerji təhlükəsizliyi üçün mənfi amil olacaq. Xüsusilə bu, indiki şəraitdə OPEK hüdudlarından kənarda neft istehsalına böyük təzyiq olunması ilə bağlıdır”.

Fateh Birol həmçinin hesab edir ki, neftin aşağı qiymətinin saxlanılması Braziliya, Rusiya, ABŞ kimi ölkələrdə istehsalın məhdudlaşdırılmasına səbəb olacaq: “Bir sıra hökumətlər tərəfindən bərpa olunan enerji investisiyalarının azalması “qara qızıl”ın qiymətinin düşməsinə daha bir mənfi amil olacaq”.

Birol qeyd edib ki, hazırda neftin dünya üzrə qiymətinə 2 əsas amil təsir göstərir: ABŞ-da şist neft hasilatı həcmi və İraqda neft hasilatı həcmi: “İndi çox şey OPEK ölkələrinin gələcək siyasətindən, hansı qərarlar qəbul edəcəklərindən asılıdır”.