2015-ci ildə elə oldu ki, iki ölkədən viza istəməli olduq. Birinci dəfə Milana getməli idik, İtaliya konsulluğunun qapısını döydük, xeyli sənəd-sünəd hazırlayıb təqdim elədik. Sənədləri düzəltməyə, onları konsulluğa təqdim etməyə yarım gün kimi vaxtım getdi.
Arada bezmişdim, əməkdaşlarımızdan birinə dedim, bəlkə sən gedəsən, bu viza-miza işlərinə hövsələm çatmır, amma o da imtina elədi. Nəhayətdə bu iş yuxarılardan tapşırıqla-filanla bizim üçün qat-qat asanlıqla başa gəldi və 6 aylıq Şengen vizası aldıq. İl ərzində o vizadan bir dəfə də yararlandıq, amma dekabrın 1-də vaxtı bitdi.
İşin pis tərəfi o idi ki, dekabrın 8-də yenidən güzarımız Şengen ölkələri tərəfə düşürdü. Yəni yenə viza lazım idi. Yenə sənəd topladıq, yenə tapşırıqla, tanışlıqla olduğu üçün nisbətən az vaxt itkisi ilə daha bir altı aylıq viza aldıq. İndi o vizadan gələn il bir daha istifadə edəcəyik, ya etməyəcəyik, hələ bilinmir. Bilinən odur ki, növbəti Avropa səfərinə dəvət may ayında yox, iyunda olsa, yenə konsulluqların qapısını döyməli olacağıq.
Ta neynəyək? Bu işlərin qaydası budur. Hələ deyilənə görə, viza verilməsi qaydaları jurnalistlər üçün xeyli sadələşdirilib və asanlaşdırılıb. Onlar viza üçün müraciət edirlərsə, yüzdə doxsan doqquz halda ala bilirlər. Sıravi vətəndaşlara isə konsulluqlar bəzən viza verməkdən imtina edirlər və adamın Avropaya yolu bağlanır.
Budur, Ukrayna və Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə gediş-gəlişinin vizasız rejimlə olması xalqımızı xeyli həyəcanlandırıb. İndi bizim ictimai-siyasi fəallar, səyahət həvəskarları, ilin heç olmasa on gününü səfərdə olanlar və olmaq istəyənlər deyirlər ki, o əjdahadan bizdə niyə yoxdur.
Doğrudan da biz Avropa ölkəsi deyilik? Lap tutaq ki, düşüncə, xasiyyət, vərdişlər etibarilə biz Avropadan bir az uzaq kimiyik, amma bəs “Eurovision”, bəs I Avropa Oyunları, bəs Avroliqa, bəs Avropa Şurası və s. necə olsun? Yəni istəsək də, istəməsək də, layiq olsaq da, olmasaq da, Avropa ailəsinin üzvüyük, heçimiz-köçümüz ayrı deyil, ona görə də vaxtaşırı vacib olacaq ki, qoca qitənin mərkəzi yerlərinə gedək-gələk.
İndi rəvadırmı qonşularımız Avropaya, avropalılar da onlara asanca, sərbəstcə gedib-gələ bilsinlər, amma biz konsulluqların qarşısında növbəyə duraq?
Hələ bu, məsələnin bir tərəfidir, məsələyə bir də Avropa camaatının prizmasından baxmaq lazımdır. Onlar da buraya gəlmək üçün sənəd toplamalı, konsulluqlarımızın qarşısında gözləməli olurlar. Kim bilir, bu üzdən hər il neçə min əcnəbi ölkəmizə gəlməkdən vaz keçir, çamadanını da götürüb viza istəməyən ölkələrə gedir.
Biz indilikdə Avropayla aramızı Ukrayna və Gürcüstan kimi hərtərəfli açmasaq da, birtərəfli qaydada aça bilərik. Yəni ölkəmizə gələn avropalılardan viza istəmərik, onlar da cib dolusu avroyla ölkəmizə gələr, xərcləyib gedərlər. Bizə baxmayın, avropalılar səyahət, ekzotika həvəskarlarıdır, uşağı da səyahətə çıxır, yeniyetməsi də, gənci də, yetkini də, ortayaşlısı da, hətta əsayla gəzən ahılı da.
Hazırda bəzi həmkarlar bu xüsusda lağ-lağı edirlər, yazırlar ki, guya Avropaya gediş-gəliş vizasız olsa, millət hər həftənin sonu ellikcə çamadanını qablayıb Milana, operaya baxmağa gedəcək, yoxsa Luvr muzeyini ziyarət edəcək?
Əlbəttə, elə şey olmayacaq. Burdan-bura ömründə bircə dəfə teatra getməyən yüz minlərlə adam var paytaxtda, hətta Akademik Milli Dram Teatrının qonşuluğundakı Zərgərpalan küçəsində.
Məsələ insanların Avropaya səyahətə çıxmaq planı və imkanı olmasında deyil, belə bir maneə tanımayan hüququnun olmasındadır. Bilirsən ki, istədiyin vaxt könlünə düşsə təyyarəyə oturub, tutaq ki, Kölnə gedə bilərsən.
Ondan da keçən yerdə, indi sovet dönəmindəki kimi deyil ki, tərcümeyi-halımızda mütləq “xaricdə qohum-əqrəbamız yoxdur” yazaq, artıq ölkədə qohum-əqrəbası xaricdə olmayan adam qalmayıb. Onların xeyir işi, iraq-iraq, şər işi var, vacib anlarda yanlarında olmaq lazım gələ bilər. Bir də var, bir həftə boyunca viza müraciətinə cavab verilməsini gözləyəsən, onu da axırda verməyələr.