Bu günlərdə az qala hamı Avropanın Gürcüstan və Ukrayna ilə vizalı gediş-gəlişi ləğv etməsindən danışır və “o əjdahadan bizdə niyə yoxdur” sualına cavab axtarır. Əlbəttə, anlaşılandır. Ən yaxın qonşumuza həsəd aparmağımız da təbiidir. Düzdür, təskinliyimiz də var, bu ölkələrdə yaşayan soydaşlarımız da problemsiz şəkildə Avropaya üz tuta biləcəklər, deyə.
Bəli, bu, Ukrayna və Gürcüstan üçün tarixi və böyük hadisədir. Çünki Avropa Birliyi hətta qosqoca Türkiyəyə yalnız keçən ay minnətlə, böyük öhdəliklərin qarşılığında viza rejiminin 2016-cı ilin sonlarında ləğv olunacağı vədini verdi.
Bizə gəldikdə, Azərbaycanla Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi ilə bağlı saziş 2014-cü ildən qüvvədədir. Ancaq Şengen zonasına daxil olmaqla bağlı bu sadələşdirmə də hamıya yox, bir qrup vətəndaşımıza aiddir.
Avropa İttifaqı bəyan edib ki, Tiflis və Kiyev vizasız rejimə keçmək üçün bütün lazımi tələbləri yerinə yetirib. Azərbaycanla bağlı isə…Proseslər göz önündədir. Belə bir məqamda görün nələr baş verir? Xatırlayaq: 1. Helsinki Komissiyası ABŞ Konqresinə Azərbaycana sanksiyalar tətbiq edilməsi ilə bağlı qətnamə layihəsi təqdim edir; 2. Məsələ burasındadır ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqland bu günlərdə Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başladığını bəyanlayır;
3. Avropa Məhkəməsi Azərbaycanı növbəti dəfə cərimələyir – 14 iş üzrə 135 min avro dəyərində… Diqqət edin, bunlar eyni vaxtda həm ABŞ, həm Avropa Şurası, həm də Avropa Məhkəməsindən verilən mesajlardır. Deməli, “boş şey” deyib üstündən keçmək olmaz.
Təsəvvür edin, digər iki postsovet ölkəsinin ünvanına xoş sözlər deyilir, vizalı rejim ortadan götürülür, Azərbaycanla bağlı isə yeni araşdırmaya start verilir. Bu paralelliyi aparmaq özü belə, adamı ağrıdır. Ancaq prosesləri doğru-düzgün analiz etməyimiz lazımdır. Aydınlaşdırmalıyıq ki, biz vəziyyəti necə dəyişə bilərik?
Qonşularımıza münasibətlə əlaqədar müqayisəli təhlillər apararkən demək olar ki, Azərbaycan müsəlman dövləti olduğu üçün, yaxud Qərbdə erməni lobbisinin təsirinin güclü olması səbəbindən bizə təzyiqlər davamlı xarakter alıb, nəinki vizanı aradan qaldırırlar, üstəlik, sanksiya hədələri ilə üstümüzə gəlirlər. Elə Türkiyəyə qarşı illərdir davam edən ədalətsizliyi də xatırlatmaq mümkündür.
Bu dəfə Azərbaycan hakimiyyətinin arqumentlərini zəiflətmək üçün ölkəmizi narahat edən işğal məsələsini də masa üzərinə qoyublar. Belə ki, AŞPA-nın yanvar sessiyasında Azərbaycan üzrə iki hesabat müzakirə ediləcək. Bu müzakirələr bizim üçün çox mühümdür. Elə adlarından görünür: “Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik” və “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər”.
Hələ üçüncü məsələ də var, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri də seçiləcək, bu sırada azərbaycanlı hakimlər də var. Deməli, bizim üçün geri sayım əslində “Formula-1″-lə bağlı deyil, Strasburqla bağlı başlayıb, 25-26 yanvara doğru…
Gözlər 31 dekabra dikilib. Həmin gün yaddaşımızda sərhəd dirəklərinin aşırıldığı, tikanlı məftillərin qırıldığı gün kimi qalıb. İllər öncə rus əsgərlərinin təhdidi altında da olsa, xalqımız bu şərəfli tarixi yazdı, imperiyanın cızdığı sərhədi aşdı. Bu gün növbəti dəfə sədləri aşmağın, sərhədləri adlamağın vaxtıdır.
Leyla və Arif Yunusların nümunəsi göstərdi ki, bu insanları evə buraxmaq təhlükəli deyil. Əksinə, onların həbsdə qalması Azərbaycana təzyiqlərin artması baxımından təhlükə yaradır.
Ölkədən kənarda kifayət qədər məşhur olan adamları həbsxanada gizlətməyin mənası yoxdur. Baxın, Tofiq Yaqublunun portreti Paris muzeyində nümayiş olunur.
Biriləri ASAN-laşmanı sevmədiyi kimi, sivil dünyaya inteqrasiyanı da qəti şəkildə istəmir. Onlar üçün qapalı, vizalı Azərbaycan daha sərfəlidir. Ancaq ölkənin birincisinin iradəsi ortada olandan sonra belələri dirənişmi göstərəcək? MTN işi də göstərdi ki, bu, mümkünsüzdür.
İrəli getmək üçün bəzən geri sayım, daha doğrusu, geriyə addım atmaq lazım gəlir. O addım ki, insanları sevindirir, dövlətin aktivinə yazılır, təhdidlər yox, alqışlar qazandırır, nədən atılmasın? Demirəm ki, bu əfvdən sonra qapılar üzümüzə taybatay açılacaq. Hər halda bağlanmayacaq da…