elmira ax

Həbib Axundovun istintaqa cəlb edilməsi üçün prezidentə müraciət olundu.

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovla vətəndaşların çəkişməsi davam edir. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanlarıdırlar. Onların sözlərinə görə, deputat oğlu onlardan 8 milyon manata yaxın pulu yığandan sonra dostunu xaricə qaçırmaqla həmin məbləğə sahiblənib. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır.

Hətta vətəndaşlar “Yeni Müsavat”a dediklərinin sübutu kimi H.Axundovla E.İbrahimovun danışıqlarının səsyazmasını da təqdim ediblər. Bildiriblər ki, həmin səs yazısını istintaqa da təqdim ediblər və araşdırlmasını istəyiblər. Lakin həmin səs yazısına baxan olmayıb.

Vətəndaşlar növbəti dəfə ölkə rəhbrliyinə müraciət etməklə üzləşdikləri qanunsuzluqlarla bağlı məlumat verməklə kömək istəyiblər: “Biz sadə vətəndaşların ümid yeri yalnız Sizsiniz. Ona görə də şəxsən Sizə müraciət etmək qərarına gələrək, üzləşdiyimiz qanunsuzluqlar və haqsızlıqlar, məmur övladının özbaşnalığı nəticəsində düşdüyümüz vəziyyət barədə Sizə məlumat veririk.

Cənab Prezident!

Biz konkret olaraq Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundov və onun dostu Elnur İbrahimovla birlikdə bizim başımıza açdıqları oyun haqqında qanunun tələblərinə uyğun olaraq aidiyyəti orqanlara şikayət etsək də, bizim şikayətlərimizə baxılmır, əsil cinayətkar məsuliyyətdən kənarda saxlanılır.

Cənab Prezident!

Sizin keçirdiyiniz geniş müşavirələrdə dəfələrlə məmurlara onların övladlarının hərəkətlərilə bağlı etdiyiniz xəbərdarlıqların şahidi olmuşuq. Bəzi məmurlar bundan özlərinə nəticə çıxarsalar da, təəssüf ki, hələ də azğın məmur övladlarına rast gəlinir və övladının hərəkətləri ilə bağlı həmin məmura müraciət ediləndə, məmur övladının qanunsuz hərəkətlərinin qarşısını almaq əvəzinə, öz nüfuz və səlahiyyətlərindən sui-istifadə edərək, hüquq-mühafizə orqanlarının işlərinə qanunsuz müdaxilə edir və həmin orqanlardakı qohum və tanışlarının vasitəsilə biz zərərçəkmişlərə hədə-qorxu gəlir, bizi öz haqqımızı tələb etməkdən və hüquqlarımızı müdafiə etməkdən çəkinməyə məcbur etmək istəyirlər.

Cənab Prezident!

Bizi Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundov ona olan etibarımızdan sui-isifadə edərək aldatmış, birbaşa Həbib Axundov özü və tanışı Elnur İbrahimov vasitəsilə bizim külli miqdarda əmlakımızı (pulumuzu) ələ keçirib.

Aldığı pulları qaytarması ilə bağlı uzun müddət Həbib Axundov və onun anası deputat Elmira Axundova ilə danışıqlar aparılsa da, heç bir nəticə verməmiş və ona görə də tərəfimizdən polis orqanlarına şikayətlər edilmişdir.

Bizim və valideyinlərimizin çoxsaylı şikayətlərindən sonra məmur övladının dostu və əlbir olduğu şəxs Elnur İbrahimov Həbib Axundov tərəfindən ölkə hüdudlarından kənara (Gürcüstan vasitəsilə Rusiyaya) çıxarıldıqdan sonra onun barəsində Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsi cinayət işi başlasa da, onunla əlbir olan və onu himayə edən məmur övladı Həbib Axundov qəsdən məsuliyyətdən kənarda saxlanılıb.

Bildiririk ki, həmin cinayət işi üzrə biz zərərçəkmiş şəxs kimi tanınmışıq və dəfələrlə iş üzrə dindirilmişik, Həbib Axundovla üzləşdirilmişik, Həbib Axundovun bizə qarşı törətdiyi əməlləri onun üzünə demişik. Lakin buna baxmayaraq, istintaq orqanı Həbib Axundov barəsində heç bir tədbir görmür. Bizə isə bildirilir ki, bu iş Elnur İbrahimov tapılıb istintaqa təhvil verildikdən sonra həllini tapa bilər.

İstintaq orqanı Elnur İbrahimovun İnterpol vasitəsilə axtarışa verildiyini bildirsə də, faktiki onun axtarışı barədə isə heç bir iş görməyib.

Cənab prezident!

İstintaq orqanının hərəkətsizliyindən narazılığımızı yuxarı instansiyalara rəsmi olaraq bildirsək də, nəticəsi olmamışdır. Hətta şikayətlə bağlı Baş Prokurorluğun əməkdaşı Bəxtiyar İsgəndərovun qəbulunda olarkən, həmin şəxs də bildirdi ki, nə olsun sizin əlinizdə sübutunuz var. Elmira Axundova deputatdır və Elnur İbrahimov tutulmayınca biz heç nə edə bilmərik. Ona görə də üzləşdiyimiz bu qanunsuzluq və ədalətsizliklə bağlı gündəlik qəzetlər vasitəsilə müraciətlər etmişik.

Bizim qəzetlərə etdiyimiz müraciətlərdən sonra bu işdə marağı olan məmurların göstərişləri ilə bizi dəfələrlə Baş Polis İdarəsinə çağıraraq, bir daha deputat oğlu Həbib Axundovdan şikayət etməmək və onun haqqında qəzetlərə müraciət etməmək barədə təzyiq altında iltizam alaraq, şikayəti hüquq mühafizə orqanlarına etməyi tapşırdılar.

Cənab Prezident!

2 ildən artıqdır ki, cinayət işi dayandırılıb və kifayət qədər sübutlar olmasına baxmayaraq, istintaq orqanı cinayətin əsil təşkilatçısı – məmur oğlu Həbib Axundovun məsuliyyətə cəlb edilməsinə maraq göstərmir, əksinə Həbib Axundovun məsuliyyətdən kənarda saxlanılmasına çalışırlar”.

Müraciət müəllifləri ölkə rəhbərliyindən xahiş edirlər ki, məsələnin obyektiv araşdırlması üçün dövlət orqanlarına müvafiq göstərişlər versin:

“Bəzi məmurlar və vəzifəli şəxslər reallığı dərk etmirlər. Qanunun keşiyində dayanmalı olan, lakin vəzifəlırindən sui-istifadə edərək qanunu şəxsi maraq naminə pozmağa vərdiş etmiş şəxslər özlərinin qanun qarşısında cavab verməli olacaqlarını anlamırlar. Bu gün Sizin qanunsuzluqlara qarşı qətiyyətli və barışmaz mövqeyinizi, gördüyünüz tədbirlərin nəticələrindən ibrət dərsi götürmürlər. Xahiş edirik ki, məsələnin obyektiv araşdırlması üçün müvafiq tapşırıqlar verəsiniz”

Musavat.com

Загрузка...