Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Qusar rayon sakini 1997-ci il təvəllüdlü Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Alyona Baxışova ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmədəki qısa ifadəsində qardaşı Baxış Baxışovun ona əxlaqsız təklif elədiyini, bu səbəbdən onu balta ilə öldürdüyünü bildirib. Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, hadisə keçən il Qusar rayonu Rəcət kəndində baş verib. 1997-ci təvəllüdlü Alyona Baxışova qardaşı 1993-cü il təvəllüdlü Baxış Baxışovu qətlə yetirib. Hadisədən 8 ay sonra Alyona Baxışova şübhəli şəxs qismində saxlanıb və barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.